Pərviz Həşimlinin atasından baş prokurora ittiham dolu müraciət

Azərbaycanda seçki öncəsi həbs edilən jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimov oğlunun qurama ittihamlarla həbs edilməsinə etiraz olaraq iki dəfə mətbuat konfransı keçirsə də üz tutduğu ünvanlardan hər hansı cavab ala bilmədiyindən narazılığını növbəti dəfə mətbuat vasitəsilə dilə gətirib. Moderator.az-a ünvanladığı bu dəfəki müraciətində Kamran Həşimov Baş Prokurordan oğlunun cinayət işinin istintaqının MTN_dən alınaraq prokurorluğa verilməsini xahiş edir:

“MTN-də oğlumula bağlı istintaq hərəkətlərinin düzgün aparılması üçün Baş Prokurorluğa müraciət etsəm də bu günə kimi heç bir müsbət cavab almamışam. Amma Azərbaycan Respublikasının Baş Prokuroru Orxan Zeynalovun Rusiya Federasiyasının vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirləndirilməsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqının cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması ilə bağlı hadisədən dərhal sonra Rusiya Federasiyasının Baş prokuroruna və Rusiya Federasiyası İstintaq Komitəsinin sədrinə müraciət etməyi lazım bildi. Prokurorluğun insan ölümündə adı hallanan bir Azərbaycan vətəndaşının müdafiəsinə qalxaraq bəyanat verməsi məndə bu quruma və onun rəhbərinə qarşı səmimi hüsn-rəğbət yaradıb. O da Azərbaycan oğludur, biz hamılıqla onu müdafiə etməliyik. Ancaq bu zaman haqlı sual ortaya çıxır, bəs Pərviz Həşimli Azərbaycan oğlu deyil? Rusiyada siyasi maraqlar üçün milli münaqişə yaradan xüsusi xidmət orqanları hətta azərbaycanlıları həbs edərkən onların ciblərinə nə narkotik maddə, nə də silah-sursat qoyaraq şərləmədilər. İki aydır  sərhəd qoşunlarının komandanlığına müraciət etmişəm ki, MTN adlı bir qurum ölkə sərhədinin pozulduğunu iddia  edir. Bu silah qaçaqmalçılığında adı keçən ərazidə baş verən sərhəd pozulması ilə bağlı cavabdeh qurumun məsuliyyət daşıması, eləcə də xidmət sahəsinin hərbi qulluqçularına cinayət işi qaldırılıb-qaldırılmaması barəsində yazılı müraciət etməyimə baxmayaraq heç bir cavab verilməyib. Jurnalist Pərviz Həşimli MTN-nin İstintaq təcridxanasında mənəvi, psixoloji təzyiqlərə məruz qalmaqla onunla hərbi əsir kimi davranıldığı barədə mətbuatda vəkilləri də çıxış etmişdilər. Mən bir ata kimi oğlumun həbsi zamanı hüquqazidd hərəkətləri qəti şəkildə pisləyərək, tutularkən onun təqsirsizlik prezumpsiyasının pozulması, həmçinin cinayət işinin istintaqının həm Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin müvafiq tələbləri və beynəlxalq konvensiyaların tələbləri gözlənilməklə hüquqi müstəvidə araşdırılması barədə dəfələrlə Prezidentə ,Baş Prokurorluğa, eləcədə müxtəlif qurumlara çoxsaylı müraciətlər etsəm də bu günə kimi heç bir nəticəsi olmayıb.

 Hörmətli Prokuror!

 MTN-nin 17.09.2013-cü il tarixdə Pərviz Həşimlinin yaşadığı evdə keçirmiş olduqları əməliyyat axtarışı zamanı ona məxsus olan əmlakın qəsdən məhv edilməsi barəsində yazmış olduğum şikayət ərizəsinə bu günə kimi niyə cavab vermirsiniz? Nə üçün prokurorluq MTN-dən sorğu-sual etmir ki, yaşayış sahəsinə daxil olan zaman əməliyyatı kobud qanun pozuntusu ilə keçirib? Niyə əməliyyat zamanı təhlükəsizlik baxımından həyətdə və evin giriş qapısında quraşdırılmış müşahidə kameraları dərhal sındırılaraq aparılıb? Bununla da vətəndaşa qəsdən külli miqdarda  ziyan vurulmasına görə kim cavabdehlik daşıyır? Bu hərəkətlər qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət tərkibi yaradır. Ölkəmiz MTN istintaq təcridxanasının ləğv edilməsini tələb edən Birləşmiş Millətlər Təşkilatının tələblərinə bu günə kimi əməl etmir. Bu gün konstitusion hüquqlarımızın pozulması bir daha sübut edir ki, Prokurorluq orqanı ya MTN-dən asılı vəziyyətdə qalıb, ya da sadəcə qanuna müvafiq olaraq təxirəsalınmaz tədbirlər görməkdən yayınır. Əgər bu belə deyilsə İstintaqa Prosessual rəhbərliyi birbaşa həyata keçirməli olan Prokurorluq orqanı niyə tələblərimizi təmin etmir? Əgər biz demokratik, hüquqi, sivil cəmiyyətdə və qanunun aliliyi prinsiplərinə riayət edilən bir məmləkətdə yaşayırıqsa nədən oğlumun cinayət işi narazı qaldığımız MTN-dən alınıb məhz Prokurorluqda aparılmır? Sonda bir Azərbaycan müəllimi kimi deyirəm ki, 20 ildir torpaqlarımıza qayıtmaq arzusu ilə yaşasaq da bu bizə nəsib olmadı. Qismətimizə torpaq əvəzinə çətinliklə boya-başa çatdırdığımız və təhsil verdiyimiz övladımızın MTN tərəfindən şərlənərək həbs edilməsi düşdü. Bir sözlə, yağışdan çıxıb yağmura düşdük”.