“Oktyabrın 9-da keçirilən seçkinin adı ifşa seçkisidir”

«Bu hakimiyyət qaldıqca xalqın taleyi miskin hal alacaq»

«Mən Milli Şuranın mübarizəsinin gələcəyinə inanıram. Çünki Azərbaycanın gələcəyinə inanıram»

Kamil Vəli Nərimanoğlu: «Azadlıq» qəzetinə təzyiqlər Azərbaycanın vicdanına qarşı olan hərəkətlərdir»

Milli Şuranın seçkidən sonra reallaşdırdığı ikinci etiraz aksiyası da uğurla keçirildi. Demokratik qüvvələrin seçkidən sonra keçirdiyi aksiyalarının seçki kampaniyası dövründəkindən daha izdihamlı keçməsi cəmiyyətin seçki saxtakarlığı ilə barışmadığını göstərir. Elə bu üzdəndir ki, seçkidən sonra da Milli Şuranın qərarları və fəaliyyəti həm yerli, həm də beynəlxalq media tərəfindən diqqətlə izlənilir. Müsahibimiz AXCP sədrinin müavini, professor Kamil Vəli Nərimanoğludur.

– Kamil bəy, Milli Şura və onun prezidentliyə vahid namizədi Cəmil Həsənli seçki kampaniyası dövründə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bildimi?
– Seçki kampaniyasında, demək olar, sona qədər iştirak etdim. Seçkidən əvvəl və sonra Azərbaycandakı durumu öyrənməyə çalışmışam. Mən ölkədəki durumun analizini aparmağa çalışdım. Təəssüf ki, bu analizin nəticələri sevindirici deyil. Budəfəki seçkilər də Azərbaycanda son illərdə özünü təsdiq etmiş, ana müxalifət partiyaları kimi tanınmış AXCP, Müsavat Partiyasının və lider olaraq Cəmil Həsənlinin çiyinləri üzərində gerçəkləşdi. Bu fəaliyyətin də nəticələri ortadadır. Azərbaycan iqtidarının bütün cinayətləri, beynəlxalq aləmdə bilinən və bilinməyən korrupsiya addımları hamısı ifşa olundu. Cəmiyyət iqtidarla bağlı siyasi və mənəvi mənzərəni ortaya qoydu. Cəmil Həsənli ölkədə piramida üsulu ilə korrupsiyanın sistemləşdirildiyini cəsarətlə və konkret faktlarla aşkara çıxardı. Cəmil Həsənli bütün dünyaya göstərdi ki, kral çılpaqdır. Beynəlxalq aləmə göstərildi ki, əgər bu hakimiyyətlə əməkdaşlıq etmək istəyirsinizsə, buyurun. Amma bu, korrupsioner mahiyyətli hakimiyyətdir. Oktyabrın 9-da keçirilən seçkinin adı ifşa seçkisidir. Bu seçkidə seçki anlayışının təhrif olunmasının, saxtakarlığın bütün vasitələrinin şahidi olduq. Hakimiyyət yenə də əsgərlərin xidmət etdiyi hissələrdə saxtakarlığa yol verdi, karusel əməliyyatlarında inzibati resurslardan istifadə olundu. Hakimiyyət seçkini yenə də stalinsayağı keçirdi. Bu hakimiyyət üçün də səsverən deyil, səssayan önəmlidir. Bu işdə isə Məzahir Pənahov artıq ustaya çevrilib, xeyli təcrübə toplayıb. Onun cəzası o dünyada veriləcək. Amma bütün günahı Məzahir Pənahovun üzərinə qoymaq istəmirəm. Çünki ona bu əməlləri törətməyi buyuranlar var. Ən böyük qəbahət həmin buyuranlarındır. Seçki ilə bağlı daha bir təəssüfləndirici məqam demokartik düşərgədəki bir sıra insanların Cəmil Həsənlinin seçki kampaniyasında aktiv iştirak etməməsiylə bağlıdır. Bu şəxslər Milli Şurada da var. Cəmil bəyi yaxşı tanıyan bir qrup adlı-sanlı ziyalı nəinki seçki prosesində iştirak etmədilər, elə təsəvvür yarandı ki, onlar heç bu ölkədə yaşamırlar.

– Konkret ad çəkmək olarmı?
– Onların adlarını çəkmək istəmirəm. Çünki hörmət etdiyim dostlarımdır. Bir ondan təsəli tapıram ki, görünür, bu adamlar sadəcə olaraq tükənib. Tükənən insanlardan ayrı bir şey tələb etmək olmaz.

“Xalq saxtakarlığı bildiyindən ruh yüksəkliyi yaşayır”

– Adətən seçkilərdən sonra cəmiyyətdə, demokratik düşərgədə bir süstlük yaşanırdı. Amma bu dəfə həmin proses yaşanmır. Əksinə, müxalifət düşərgəsində seçki saxtakarlığına qarşı bir mübarizə əzmi var. Saxta seçkidən sonra hakimiyyət düşərgəsində süstlük müşahidə olunur. Bu prosesi necə dəyərləndirmək olar?
– Bu, saxta seçkilərin nəticəsidir. Saxta seçkilərdən sonra rejimlərin hərəkətləri barədə çoxsaylı araşdırmalar aparmaq mümkündür. Hakimiyyətdəki bu simptomlar onu göstərir ki, demokratik düşərgə seçkidə mənəvi qələbə qazanıb. Bu ölkənin başçısı istənilmədən, xalqın iradəsi olmadan, millətin 80 faizinin mövqeyinin əksinə olaraq “seçilib”. Amma xalq bu həqiqəti bildiyi üçün onda bu ruh yüksəkliyi var. Hazırkı hakimiyyət mafiya qaydası ilə qurulmuş bir sistemdir. Hakimiyyətdən böyük narazılıqlar var. Hazırda vəzifədə oturanlar da sabahına arxayın deyil. Çünki onlar bu korrupsiya maşınında iştirakçıdırlar. Bu iştirakçılardan hər hansı birinin tərpədilməsi ümumilikdə sistemin dağıdılması deməkdir. Ona görə hakimiyyət bir şəkildə özünü saxlamağa, mühafizə etməyə çalışır.

– Seçkilərə beynəlxalq mövqe kifayət qədər sərt oldu. Beynəlxalq aləmin diqqətini adekvat sayırsınızmı?
– Bu cür sərt beynəlxalq diqqət Cəmil bəyin, Azərbaycan xalqının, demokratik qüvvələrin bir qələbəsidir. Beynəlxalq rəyin mövqeyi göstərir ki. Azərbaycanın Gürcüstanın yolu ilə demokratikləşməyə qədəm qoyması artıq təhlükəyə girib. Azərbaycan artıq Avrasiya Ittifaqı və Gömrük Birliyinin astanasındadır. Türk milləti Azərbaycanda demokratiyanı, Rəsulzadə-Elçibəy yolunu dəstəkləyir. Amma Türkiyə dövlətinin xarici siyasətdə başqa səhvləri olduğu kimi Azərbaycana yanaşmada da yanlış addımlar atır. Türkiyədə saxta seçkiyə rəy verənlər yaxşı tanınır. Onların da yanlış əməlləri beynəlxalq aləmdə ifşa olunacaq.

“Milli Şura getdikcə güclənəcək, təmizlənəcək”

– Azərbaycan vətəndaşı, tanınmış ziyalı olaraq Gürcüstandakı prezident seçkilərinin nəticələrini bütün dünyanın  demokratiyanın təntənəsi adlandırmasına münasibətiniz necədir? Gürcüstanla müqayisədə Azərbaycanın beynəlxalq aləmin qınağına tuş gəlməsi mənzərəsini görərkən hansı hissləri yaşayırsınız?
– Bir tərəfdən sevinirəm. Çünki Cənubi Qafqazda yeganə demokratik ölkənin Gürcüstan olduğu bir daha sübut olundu. Gürcüstan artıq şəxslərdən asılı olmayaraq demokratik reyslərin üzərindədir. Gürcüstanı bu yoldan heç kim döndərə bilməz. Rusiyanın Avrasiya Ittifaqına yeganə layiqli rəqib demokratik sistemdir. Rusiya hələ də hərbi yol ilə öz iradəsini qəbul etdirmək istəyir. Bu zora qarşı durmağın yeganə yolu isə demokratik sistemdir. Azərbaycanda Rusiyanın hazırkı zoruna qarşı duran demokratik qüvvələr var. Bu demokratik qüvvələri bütün dünya dəstəkləyir. Bu qüvvələr olmasaydı Rusiya bizi çoxdan öz nəzarətinə salmışdı.

– Milli Şura hazırkı situasiyada hansı addımları ata bilər? Milli Şura seçkidən sonra etiraz aksiyaları keçirir. Seçkinin saxtalaşdırılması faktı ortadadır. Amma bunlar ölkədə köklü dəyişikliklər üçün yetərli deyil. Hansı addımlar atılmalıdır?
– Milli Şuranı qorumaq lazımdır. Milli Şura getdikcə güclənəcək, təmizlənəcək. Seçki bir aynadır. Seçkidə kim necə iştirak edirsə, o, Milli Şurada sona qədər mübarizə aparacaq. Milli Şuranın fəaliyyətinə barmaqarası baxanlar, mübarizədən diqqəti yayındıranlar, yerliçilik edənlər – bunlar təşkilatda qala bilməyəcəklər. Təəssüf ki, Milli Şuranın tərkibində belələri var. Amma yaxşı ki, bunlar çoxluqda deyil. Mənim fikrimcə, Milli Şuranın 40-dan artıq üzvü olmamalıdır. Digər siyasi partiyaları da Milli Şuraya könüllü qəbul etmək lazımdır. Milli Şuranın fəaliyyətində iştirak edirlərsə, çox gözəl, iştirak etmirlərsə, özləri bilərlər. Çünki onlar əsas güc deyillər və ölkənin siyasi həyatında həlledici rol daşımırlar. Proseslərdə sınanmış qüvvələr – gənclik, ziyalılar mövcuddur. Bundan başqa, xalqın içərisində demokratiyanın qurulması üçün hər şeyə hazır olan fədakar insanlar var. Məhrumiyyətlər bu insanları sındıra bilməyib. Mən Milli Şuranın mübarizəsinin gələcəyinə inanıram. Çünki Azərbaycanın gələcəyinə inanıram. Bu hakimiyyət qaldıqca xalqın taleyi miskin hal alacaq. Rusiya ilə yaxınlaşma Azərbaycanın gələcəyini məhv edəcək. SSRI-ni Avrasiya Ittifaqı adı altında bərpa etməyə çalışan Rusiyaya qarşı Azərbaycanda demokratik sistem möhkəmləndirilməli, hüquqi məsələlər qaydasına qoyulmalıdır.

“Rəsul Quliyev siyasi baxımdan canlı sayıla bilməz”

– Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov təşkilatda həmsədrlik institunun təssis olunmasını və Cəmil Həsənlinin həmsədr olmasını təklif edib. Bu təklifi necə dəyərləndirirsiniz?
– Rüstəm bəy ağsaqallımızıdır. Mənim ona böyük hörmətim var. Artıq bu məsələdə həlledici sözü Cəmil müəllim və aparıcı siyasi partiyalar deyəcək.

– Milli Şuranın toplantılarında davamiyyətə əməl etməyənlər təşkilatdan uzaqlaşdırıldılar. Bu addımı necə dəyərləndirirsiniz?
– Mən açıq danışmağı sevirəm. Milli Şuranın fəaliyyətini istər seçki kampaniyası, istərsə də seçkidən sonra lüzumsuz yerə tənqid edən Rəsul Quliyev kimi şəxs təşkilatdan çoxdan çıxarılmalı idi. Rəsul Quliyevin bütün bəyanatları artıq yolunu itirmiş, siyasətdən uzaq adamın danışığıdır. Mən onun bəyanatlarının nə əxlaqi, nə siyasi tərəfini anlamıram. Artıq Azərbaycanda Rəsul Quliyev siyasi baxımdan canlı sayıla bilməz. O, siyasi ölüdür. Təşkilatdan davamiyyəti pozanların çıxarılmasını təqdir edirəm. Şəxsən mən ölkədən kənarda fəaliyyət göstərdiyimə görə tədbirlərə qatılmıram. Amma mən Milli Şuranın təmsilçisi kimi fəaliyyətimi davam etdirmək arzusundayam.

– Əli Kərimlinin qaynına 7 il 6 ay həbs cəzası verildi. Bundan əvvəl onun oğlu Türkel Kərimli qondarma ittihamla həbs olunmuşdu. Hazırda həbsdə olan jurnalist Pərviz Həşimlidən Əli Kərimlinin əleyhinə ifadə alınmağa çalışılır. Əli Kərimliyə qarşı bu addımlar nədən xəbər verir?
– Əli Kərimliyə təzyiqlər Stalinin dövründə belə görünməyib. Əli Kərimliyə təzyiqlər iqtidarın simasını açan, hakimiyyətin cinayətlərini ifşa edən bir adama qarşı qeyri-siyasi vasitələrdən istifadə olunmasıdır. Heç bir günahı olmadan Əli Kərimlinin tələbə övladının həbs edilərək dərsdən yayındırılması, fiziki cəhətdən əziyyət çəkən qaynının həbsi nə dinimizə, nə əxlaqa uyğun gəlir. Amma mən Əli bəyi yaxşı tanıyıram. Onu heç kim mübarizədən döndərə bilməz. Ona qarşı ifadə alınması da yersiz addımlardır.

”Azadlıq” qəzeti Azərbaycan Xalq Hərəkatının salnaməsidir”

– Qəzetimizə qarşı hazırda ciddi basqılar var. Sizcə, “Azadlıq”ı hakimiyyətin basqılarından necə qorumaq olar?
– “Azadlıq” qəzetinə təzyiqlər Azərbaycanın vicdanına qarşı olan hərəkətlərdir. “Azadlıq” qəzeti Azərbaycan Xalq Hərəkatının salnaməsidir. Xalq Hərəkatının elə bir günü yoxdur ki, “Azadlıq” qəzetində sənəd olaraq ortada olmasın. Azərbaycan tarixini yazan araşdırmaçılar üçün ən böyük qaynaq “Azadlıq” qəzetidir. “Azadlıq” qəzeti satılmayan, qətiyyətlə dayanan, xalqın iradəsini, Əli Kərimlinin, Isa Qəmbərin, Cəmil Həsənlinin siyasi baxışlarını, dünyada baş verənləri oxucuya obyektiv şəkildə çatdıran mətbu orqandır. “Azadlıq” informasiya aclığını aradan qaldıran yeganə qəzetdir. Doğrudur o biri qəzetlərin də xidmətləri var. Bu sırada “Yeni Müsavat”ın adını çəkmək olar. Amma “Azadlıq” qəzetinə qarşı bu təzyiqlər iqtidarı ən çox narahat edən mətbu orqanın məhz bu qəzet olduğu üçün baş verir. Məni tanıyan dostlarımı, həmkarlarımı, tələbələrimi, demokratik dəyərlərə, Rəsulzadə-Elçibəy irsinə hörmət edən hər kəsi “Azadlıq” qəzetinə dəstəyə çağırıram. Arzu edirəm ki, “Azadlıq” qəzeti bu sıxıntıdan tezliklə qurtarsın. Azərbaycanın dünyadakı beynəlxalq imici hamıya məlumdur. “Azadlıq”a qarşı təzyiqlər Azərbaycanı dünyada daha da biabır edəcək. Bu təzyiqlər Azərbaycan hakimiyyətinin totalitarizm yolundan istifadə etdiyini göstərir. Bu yol Azərbaycanı fəlakətə aparır.

– Kamil bəy, hakimiyyətdəki nazir dəyişikliyinin idarəçilikdə ciddi dəyişikliklərə gətirib çıxaracağını gözləyirsinizmi?
– Hakimiyyətin idarəçilik mahiyyətində heç nə dəyişməyəcək. Bu sistemdə bir nəfərin dəyişməsi heç nəyi həll etmir. Cəmil bəyin seçkidə ortaya qoyduğu faktlar, gerçəklik qalmaqda davam edir. Kosmetik dəyişikliklər heç nəyi həll etmir. Bəziləri baş nazirin niyə dəyişmədiyini düşünür. Belə sistemlərdə baş nazir formal olmalıdır ki, o boşluq istənilən vaxt doldurulsun. Bunun üçün də ən müvafiq adam Artur Rəsizadədir. Ona görə son dəyişikliklər sadəcə olaraq gülüş doğurur.

Xəyal Şahinoğlu