İlham Əliyev Məleykə Abbaszadəni niyə təsdiqləmədi?

Təhsil qurumlarını birləşdirməyin əhəmiyyəti yoxdur

Prezident Ilham Əliyev bəlli olduğu kimi, hökumətin tərkibini təsdiq edib. Lakin bir neçə dövlət qurumlarıyla yanaşı, TQDK sədri Məleykə Abbaszadəni də öz postuna təsdiqləməyib. M.Abbaszadə hazırda TQDK sədrinin əvəzi kimi fəaliyyət göstərir. Onun öz postuna təsdiq olunması üçün hökumətin yuxarı qatlarında səy göstərildiyi bildirilir. Belə bir ehtimal var ki, TQDK ləğv edilərək Təhsil Nazirliyinə birləşdiriləcək. Həmçinin, quruma əlavə səlahiyyətlər  verməklə M.Abbaszadəni başqa bir şəxsin əvəz edəcəyi də qeyd edilir.

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu qeyd edir ki, bu məsələ böyük siyasi planın tərkib hissəsidir. Böyük siyasi plan  da ondan ibarətdir ki, guya islahat imitasiyası yaradılır. Amma aparılan islahat heç də yetərincə deyil: “Baş verən olaylar göstərir ki, bu məsələdə yalnız islahat imitasiyası yaradılır. Bir müddət öncə heç bir mexanizmi olmayan təhsil strategiyasının hazırlandığı  bəyan edildi ki, guya bu, təhsilimizi bataqlıqdan çıxarıb Avropa standartlarına yaınlaşldıracaq. Lakin məsələyə dərindən yanaşma görünmür”

Ekspert söyləyir ki, TQDK-nı  onu qədər tənqid edən ikinci şəxs olmasa da, qəbul imtahanlarının şəffaf keçirildiyini də söyləmək gərəkdir. Doğrudur, TQDK-nın cəmiyyət içində nüfuzu var. Amma bu hakimiyyət sevmir ki, onun məmurları bir-biriylə atışsınlar: “Onlar bir-biriylə atışanda paxırları açılır. Ona görə də atışan məmurları mütləq cəzalandırırlar. Yada salın, M.Mərdanov cəzalandırıldı və güman etmək olar ki, M.Abbaszadə də cəzalandırılacaq. Cəmiyyətdə qurumun reytinqini nəzərə alsalar, ola bilsin ki, belə hal baş verməsin. Təhsildə struktur dəyişikliyi aparmaq istəyirlər. Bu, hər iki qurumu birləşdirib vahid bayraq altında hərəkət etdirməkdirsə, bunun əhəmiyyəti yoxdur. Belə çıxır ki, bir qurum həm təhsil verib həm də onu qiymətləndirəcək. Bu zaman heç bir tənqid və iradlar olmayacaq. Diqqət etsək, TQDK ilə nazirlik arasında müəyyən dartışmalar cəmiyyəti ayıldır, yanlış cəhətləri çatdırır. Bu baxımdan məsələnin necə həll edilməsi yönündə ciddi düşünmək vacibdir”.

Nigar