Eldəniz Quliyev: «Rauf Arifoğlunun nə «El» hərəkatı haqqında, nə də Milli Şura barəsində cınqırını belə çıxarmağa haqqı yoxdur»
Azər Ayxan: «Eldəniz Quliyevin fəaliyyəti təxribat xarakteri daşıyır»
“Rauf Arifoğlunun Milli Şura barəsində nəsə deməyə haqqı çatmır. O, belə ürəyiyanan idisə, Milli Şuraya arxadan zərbələr vurmayaydı. Yaddaşımız onun düşündüyü qədər də zəif deyil”.
Bunu AzNews.az-a açıqlamasında “El” hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O, Rauf Arifoğlu müxalifətə qarşı xəyanətdə ittiham edib:
O, indi hansı üzlə danışır? Üstəlik irad da tutur. Rauf Arifoğlunun nə “El” hərəkatı haqqında, nə də Milli Şura barəsində cınqırını belə çıxarmağa haqqı yoxdur. Nə mənəvi, nə də hüquqi baxımdan bu haqq onlarda yoxdur. Onlar Rüstəm Ibrahmbəyov kimi alicənab insana dələduz damğası vurmağa cəhd göstərdilər, Eldar Namazovu “oğru” adlandırdılar, mənə “axmaq”, “ağılsız” dedilər. Milli Şuranı rus xüsusi xidmət orqanlarının yaratdığını bəyan etdilər. Nə şər-şəbədə mümkün idisə, bizlərə yapışdırmağa can atdılar”.
“Bu gün çox təəsüflər olsun ki, Azərbaycan müxalifəti hakimiyyətdən vurulmuş, özlərini həyatda təsdiq edə bilməyən adamlarla doludur”. Bu sözləri isə Avropa.info-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan Eldəniz Quliyevin fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, müxalifət bu cür adamların bir növ reabilitasiya mərkəzi rolunu oynayır: “Belə adamlar müxalifətə gəlməklə onun işinə yardım etmək əvəzinə, problem yaratmaqla məşğul olurlar. Indi Eldəniz Quliyev də bu ağsaqqal yaşında özünü apara bilməməsi bu qəbildəndir. Əslində, onun fəaliyyəti təxribat xarakteri daşıyır. Guya öz aləmində bizi tənqid edir, amma təhqir etməklə onun hansı mənəvi dəyərlərə sahib olduğunun göstəricisidir”.
Xatırladaq ki, Rauf Arifoğlu Milli Şuranın yaradılmasında iştirak edən 6 partiyanın seçki dövründəki fəaliyyətini analiz edərkən “El” Hərəkatının seçki dövründə ümumi prosesə heç bir dəstəyinin olmadığını söyləyib.


