Tale Bağırzadənin məhkəməsində baş verənlər islamçıları qəzəbləndirib
Bazar ertəsi ilahiyyatçı Tale Bağırzadəyə dəstək ifadə etmək üçün Sabunçu Rayon Məhkəməsinə gələn 20-yə yaxın dindar polis tərəfindən saxlanılıb. Məhkəmə prosesi açıq olsa da iştirak etmək istəyənlər təzyiqə məruz qalıblar. Onlar rezin dəyənəklərlə döyülüb və təhqir olunub.
Öz növbəsində DIN mətbuat xidməti bildirib ki, Tale Bağırzadənin tərəfdarları məhkəmə zalında şüarlar səsləndirib, məhkəmənin fəaliyyətini pozmağa cəhd göstəriblər. DIN-in məlumatına görə, dindarlardan 4 nəfərinə CM-nin 315.2 maddəsilə cinayət işi açılıb.
Dindarlar isə bildirirlər ki, onlar heç bir hüquqa zidd hərəkət etməyiblər və onlara qarşı planlaşdırılmış təxribat həyata keçirilib.
Qeyd edək ki, saxlanılanlardan əksəriyyəti 50 manatdan 800 manata qədər cərimə olunaraq sərbəst buraxılıb.
Cəmiyyətdə baş verən bu hadisə birmənalı qarşılanmayıb və əksəriyyət dindarların həbsini hakimiyyətin siyasəti kimi qiymətləndirir. Çünki Tale Bağırzadənin şərlənərək həbs olunmasına səbəb hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirməsi olmuşdu. Ona görə də dindarlara qarşı baş verənlərin təsadüf olmasına inanmaq çətindir.
Hələ bir müddət əvvəl hicab aksiyasında dindarlara qarşı zorakılıq olmuşdu və xeyli sayda dindar həbs edilmişdi. Bu gün həbsxanalara nəzər salanda da görürük ki, xeyli sayda ictimai fəal, ilahiyyatçı alimlər zindandadır.
Son vaxtlar dini kəsimin siyasi proseslərdə fəal iştirakı, mitinqlərdə aktivliyi hakimiyyəti narahat etməyə başlayıb.
Nardaran Ağsaqqalları Şurasının sədri, IHMK üzvü Natiq Kərimov da son olaylara münasibət bildirdi: “Tale Bağırzadənin məhkəməsində baş verənlər təsadüf deyil, hakimiyyətin öncədən hazırlamış olduğu bir aksiyadır. Müxtəlif yollarla fəal dindarlara təzyiq etmək, həbsə atmaq istəyirlər. Hakimiyyət başa düşür ki, Tale Bağırzadənin məhkəməsi ictimaiyyətin diqqətindədir və buna görə də bu məhkəmələrdə insanların kütləvi iştirakının qarşısın almaq istəyirlər. Digər tərəfdən, son dövrlərdə islama tapınanların sayı artır və inanaclı kəsim hüquqları uğrunda mübarizəyə başlayıb. Dindar kəsimin demokratik qüvvələrlə birlikdə olması, siyasi proseslərdə iştirakı hakimiyyəti qorxuya salıb. Çünki islam böyük gücdür, insanlardan zülmə qarşı mübarizəni tələb edir. Buna görə də hakimiyyət repressiya dalğasını davam etdirir və insanlarda qorxu hissini artırmaq istəyir. Ancaq hakimiyyətin zor siyasəti effekt verməyəcək, bizim mübarizəmiz ardıcıl olacaq və biz haqqı tapdananlara sona qədər dəstək olacağıq”.
Ilham Hüseynli


