Ələsgər Məmmədli: «Qəzetə qarşı əsassız, hətta əsaslı olsa belə iri cərimlərin tətbiqi faktiki olaraq hökumətin onun fəaliyyətini dayandırmaq cəhdidir»
Məlum olduğu kimi, məhkəmə qərarlarının icrası şöbəsinin şikayəti əsasında “Azadlıq” qəzeti daha bir məhkəmə qərarı ilə 3 min manat cərimələnib. Məhkəmə qərarlarının icrası şöbəsi qəzetin “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası əsasında çıxarılmış qərarı yerinə yetirməməsindən şikayət edib. Həmin qərarla “Azadlıq”a 32 min manat cərimə kəsilib. Bu məbləğin ödənilməsi üçün qəzetə 10 gün vaxt verilmişdi.
“Azadlıq”ın iri məbləğdə cərimələnməsi, daha sonra isə cəriməni ödəyə bilmədiyinə görə ədavə olaraq yenə də cərimələnməsi bu kampaniyanı hakimiyyətin təşkil etdiyini bir daha təsdiqləyir. Çünki qəzetin borcu ilə yanaşı, hakim partiya təmsilçisinin rəhbəri olduğu “Qasid” yayım firmasının da ona 55 min manatdan artıq borcu var. “Azadlıq”ın borcunun vaxtında qaytarılmaması əlavə problemlər yaradıb. Məhz bu səbəbdən ağır maddi çətinliyə düşən “Azadlıq”ın məhkəmənin kəsdiyi cəriməni vaxtında ödəməsi mümkünsüz olur. Belə olan halda əlavə cərimə qəzeti çökdürməyə, onun fəaliyyətinin dayandırılmasına nail olmağa hesablanıb. Əgər belə olmasaydı, məhkəmə qəzetə xəbərdarlıqla da kifayətlənə bilərdi.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli media azadlığına süni maneələr aradan götürülmədən ifadə azadlığının mümkün olmadığını deyir. Mətbuat bu və ya digər formada məhkəmə qərarları ilə, ağır cərimələrlə təhdid edilirsə, bu, ifadə azadlığı üçün ciddi yaradır.
Ekspertin sözlərinə görə, Azərbaycan Avropa Insan Haqları Məhkəməsinin diqqəti altındadır. 2002-ci ildən bəri Azərbaycan Avropa Konvensiyasına qoşulub, Avropa Şurasının üzvüdür və Avropada mövcud olan ifadə azadlığı dəyərləri çərçivəsində ölkədə ifadə azadlığını qorumalıdır. Həmin məhkəmənin 2009-cu ildə Bolqarıstana qarşı məhkəmə qərarı var. Bu qərarda birmənalı olaraq minimum əmək haqqının 50 misli qədər olan cəriməni ifadə azadlığına müdaxilə kimi qəbul edirlər. Insanları həbs etməklə, hansısa qəzeti bağlamaqla yanaşı, eyni zamanda yazarı, redaktoru, qəzeti yüksək miqdarda cərimələmək də ifadə azadlığını əsassız məhdudlaşdırmaq hesab olunur: “Ölkədə minimum əmək haqqı 105 manatdı. ”Azadlıq" qəzetinə qarşı 32 min manat cərimə kəsmək, sonra da 3 min əlavə etmək minimum əmək haqqının 300 mislindən, Avropa Məhkəməsinin qərarında göstərdiyi rəqəmdən ən azı 6 dəfə çoxdur. Ona görə də “Azadlıq”ın cərimələnməsi Azərbaycanda ifadə azadlığına qarşı basqı kimi dəyərləndirilməlidir. “Azadlıq” qəzetinə qarşı əsassız, hətta əsaslı olsa belə iri cərimlərin tətbiq edilməsini faktiki olaraq hökumətin onun fəaliyyətini dayandırmağa cəhdi kimi qiymətləndirirəm".
Fizzə


