Vyana məhkəməsi Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS”nin Azərbaycan və Suriya mərkəzi banklarından milli banknotların çapına dair alınmış sifarişlərə görə rüşvət ödəməsi işi üzrə prosesə başlayıb.
Virtualaz.org saytı Avstriya nəşrlərinə istinadən xəbər verir ki, məhkəmə “OeBS” şirkətinin Azərbaycan və Suriya Mərkəzi bankları ilə müqavilələrini “mikroskop altında” araşdırır. Məhkəməyə təqdim olunmuş 126 səhifəlik cinayət işinin materiallarında göstərilir ki, şirkətin bu ölkələrlə bağladığı müqavilələrin əvəzində on milyonlarla avro “komission haqqı” ödənilib.
Məhkəmə “OeBS” şirkətinin 2008-ci ildən etibarən Azərbaycan və Suriya Mərkəzi bankları ilə əməliyyatlarda bir epizod üzrə 530 min avro rüşvət ödədiyini artıq təsdiqləyib. Pullar Panamada qeydiyyatdan keçmiş “Venkoy” adlı offşor şirkətin hesablarına köçürülüb.
Xəbərdə bildirilir ki, məhkəmə bu şirkətlə bağlı ciddi araşdırmalar aparır. Şirkətin rəhbəri kimi sənədlərdə İspaniya və İsveçrə vətəndaşlığı daşıyan 73 yaşlı qadın göstərilir.
Bu rüşvət qalmaqalı ilə bağlı “OeBS” şirkətinin Direktorlar Şurasının rəhbəri Volfhanq Duhaçek başda olmaqla bir qrup şəxsə qarşı ittiham irəli sürülüb. Onlar rüşvət verməkdə və çirkli pulların yuyulmasında ittiham edilirlər. V.Duhaçek və digərləri ittihamları rədd edirlər.
Xatırladaq ki, banknot çap edən Avstriya şirkətinin Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə rüşvət verdiyinə dair cinayət işi iki il əvvəl qaldırılıb. Mətbuat bu qalmaqaldan dəfələrlə yazsa da Mərkəzi Bank buna reaksiya vermir.


