Haaqada Əliyevin saxta seçkisinə etiraz

Mühacirlər Hollandiyada Azərbaycan səfirliyi qarşısındaaksiya keçirdilər

Bu gün Hollandiyada Den Haaq (Haaqa) şəhərində, Azərbaycan səfirliyinin qarşısında siyasi mühacirlərin etiraz aksiyası keçirilib. Aksiya Azərbaycanda prezident seçkilərinin kütləvi şəkildə saxtalaşdırılması və hakimiyyətin qəsb edilməsinə etiraz olaraq təşkil edilib. Aksiyada əsasən Hollandiyada yaşayan siyasi mühacirlər iştirak ediblər.

Xatırladaq ki, oktyabrın 18-də Brüsseldə Avropadakı Azərbaycan siyasi mühacirlərinin konfransı keçirilmiş və qərara alınmışdı ki, ayrı-ayrı ölkələrdə mühacirlər etiraz aksiyaları təşkil etsinlər.

Bugünkü aksiyada İlham Əliyevin avtoritar rejimi möhkəmləndirməsinə qarşı sərt şüarlar səsləndirilib, Avropa Birliyi və başqa təşkilatlardan Azərbaycandakı total qanunsuzluqlara, hakimiyyətin uzurpasiyasına adekvat münasibət göstərmək tələb edilib.

Mitinqdə çıxış edən Fikrət Hüseynli, Eldəniz Yusubov, Əli Hacılı, Orduxan Teymurxanoğlu və başqaları Azərbaycanda insan haqlarının pozulması, söz azadlığının boğulması, davamlı və kütləvi seçki saxtakarlıqlarının Əliyev klanının mövcudluq forması olduğunu bildiriblər. Çıxşçılar bəyan ediblər ki, Azərbaycanda qanuni hakimiyyət bərqərar olana qədər mübarizə aparacaqlar.

Mitinq iştirakçıları aksiyanın tələblərini bəyanat şəklində səfirliyə təqdim ediblər. Aksiya iştirakçıları “Diktaturaya son!”, “Rədd olsun Əliyev diktatırası!”, “Siyasi məhbuslara azadlıq tələb edirik!” və başqa şüarlar yazılmış transparantlar qaldırıblar.

İnformasiya şöbəsi