Marqvelaşvili Vilnüsdə keçiriləcək sammitdə iştirakı ölkəsi üçün yaxşı fürsət sayır
Fuad Qəhrəmanlı: «AntiAvropa siyasəti Azərbaycanı qlobal təcrid zonasına daxil etməkdədir»
9 oktyabrda Azərbaycanda ölkəmiz üçün utanc gətirən, total saxtakarlıqla müşahidə edilən seçkilər keçirildi. Və bu seçkiləri nüfuzlu beynəlxalq təşkilatlar tanımadı, pis və ya çox pis kimi qiymətləndirdi. 2 həftə sonra isə Gürcüstanda prezident seçkiləri keçirildi və xalq bu seçkilərdə iradəsini ifadə etdi. Beynəlxalq təşkilatlar bu seçkini yüksək qiymətləndirdi. Yəni nə topa bülletenlər, nə də “karusel” əməliyyatları müşahidə edilmədi. Bu seçkilərin demokratik standartlara uyğun keçirilməsi yeni seçilmiş prezidentin planlarında da ifadə olunur.
Gürcüstanda keçirilən prezident seçkilərində qalib gələn Georgi Marqvelaşvili baş nazir Ivanişvili ilə birgə keçirdiyi mətbuat konfransında noyabrın sonunda Vilnüsdə keçiriləcək sammitin ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Çünki bu, Gürcüstanın Avropa seçiminin təsdiqi və bu seçimin onun tərəfdaşları tərəfindən tanınması olacaq. O xatırladıb ki, Vilnüsdə Assosiasiya sazişinin və onun tərkib hissəsi olan AB ilə Azad ticarət sazişinin imzalanması gözlənilir. Bu hadisə Gürcüstanın Avropa gələcəyinin institusional əsaslarının təməlinin başlanğıcı olacaq.ÿGürcüstan prezidenti həmçinin bildirib ki, sazişin imzalanmasına qədər olan bir il müddətdə Gürcüstan uzun yol keçməli olacaq: “Biz Vilnüs sammitinə Avropa seçimimiz, həmçinin ehtiyac və problemlərimizlə gedirik. Arada vaxt itirdiymizə görə Avropa ölkələri ilə ikitərəfli münasibətləri sürətləndirməliyik ki, bir ildən sonra saziş imzalanandan sonra öhdəliklərimizi tez bir zamanda yerinə yetirək. Vilnüsdə ikitərəfli münasibətlər formatını təsdiqləmək və dərinləşdirmək üçün yaxşı imkanımız olacaq”- deyə Gürcüstan prezidenti bildirib.ÿ
Göründüyü kimi Gürcüstan demokratik dəyərləri prioritet hesab edir və bu istiqamətdə addımlamağa israrlıdır.
Azərbaycanda isə vəziyyət tibbi dildə desək “sabit ağır olaraq” qalır. Belə ki, Azərbaycan hakimiyyəti Vilnüsdə keçiriləcək sammitdə iştirak etməyə həvəsli görünmür və bu, hakimiyyətin şəxsi maraqlarına uyğun deyil. Bir müddət əvvəl PA rəsmisi Novruz Məmmədov “Avropa bizə nə verib” söylədi. Xarici işlər nazirinin müavini Araz Əzimov isə bu sammitdə ölkəmizin hansı səviyyədə təmsil olunacağının dəqiq bilinmədiyini söyləyib. Göründüyü kimi antiAvropa meyilləri hakimiyyətdə üstünlük təşkil edir və “bizim öz yolumuz var” ifadəsi hələ də aktualdı.
Bəs, Azərbaycanın bu sammitdə iştirakı ilə bağlı hansı gözləntilər var və iştirak edilməyəcəyi təqdirdə bizi nə gözləyir?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Gürcüstandan fərqli olaraq Azərbaycan hakimiyyəti ölkənin taleyini düşünmür və antiAvropa siyasəti ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir: “Bu sammitə dəvət olunmuş 6 ölkədən biri də Azərbaycan olsa da, Vilnüsdə keçiriləcək sammitdə ölkəmizin iştirakı hələ ki, sual altındadır. Çünki hakimiyyət nümayəndələrinin mövqeyində daha çox Qərbi şantaj meyilləri ifadə olunur. Yəni qərbi əməkdaşlığın dondurulması ilə şantaj etməklə, Qərbdən gələn demokratiya tələblərini yumşaltmağa çalışırlar. Ancaq bu siyasət hələ ki, əks-effekt verir və demokratiya tələb edən dairələrin miqyası artır. Azərbaycan qlobal təcrid zonasına daxil olmaqdadır. Hesab edirəm ki, sammitə qədər hakimiyyət heç bir seçim imkanının qalmadığını anlasa, Qərbdən gələn demokratiya çağırışlarını dəf edə bilməsə, Qərblə əməkdaşlıqdan başqa seçimi olmayacaq. Düşünürəm ki, Azərbaycan hakimiyyəti Qərblə razılaşmaq məcburiyyətində qalacaq. Əks halda Qərbdən gələn demokratiya çağırışlrı sanksiyalarla müşahidə oluna bilər. Bu isə hakimiyyət üçün böyük risk olardı və düşünürəm ki, hakimiyyət bu risqə getməyəcək”.
Gürcüstana gəlincə, Fuad Qəhrəmanlı bildirdi ki, Gürcüstanda Qərbə inteqrasiya məsələsində daxili siyasi-hüquqi problemlər yoxdur. Çünki ölkə demokratik qaydada idarə olunur və ölkədə keçirilən prezident seçkiləri də bunun bariz sübutudur. Fuad Qəhrəmanlı onu da əlavə etdi ki, Gürcüstan siyasi, iqtisadi, hüquqi inkişafı Qərbə inteqrasiyada görür və hakimiyyətin dəyişməsi dövlət maraqlarına uyğun siyasi xəttin dəyişməsi ilə müşahidə olunmur. Çünki bu ölkədə hakimiyyəti xalq formalaşdırır.
Ilham Hüseynli


