Bakı Ağır Cinayətlər Məhkəməsinin AXCP sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini Elnur Seyidov barəsində qərarından apellyasiya şikayəti hazırlanıb. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına açıqlamasında deyib ki, şikayət yaxın günlərdə məhkəməyə təqdim olunacaq: “Elnur Seyidov qanunu pozmayıb, cinayət törətməyib. Məhkəmə araşdırması da bunu təsdiqlədi. Onun azadlıqdan məhrum edilməsi haqda qərar siyasi sifariş əsasında qəbul edilib və tam əsassız, ədalətsizdir”.
Vəkilin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin tezliklə Elnur Seyidovun işinə baxacağı gözlənilir: “Biz bir il əvvəl Avropa Məhkəməsinə müraciət etmişik. Əminik ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılması başa çatanadaək Avropa Məhkəməsi də Elnur Seyidov haqda qərarını elan edəcək”.
Elnur Seyidov 2012-ci ilin mart ayından həbsdədir və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il yarım azadlıqdan məhrum edilib. O, dələduzluqda, vəzifə saxtakarlığında təqsirli bilinib.


