Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun büro iclasında iştirak etmək üçün noyabrın 1-dən 3-dək Ukraynada səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, Kiyevdə keçiriləcək toplantının gündəliyinə Azərbaycanda və Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr, 2013-cü ilin mayında Brüsseldə keçirilən Büro iclasında qəbul edilən qərarların və qurumun 2014-cü il fəaliyyət planının təsdiq edilməsi, üzv ölkələrə yeni həmməruzəçilərin təyini və digər məsələlər daxildir.
Mətbuat xidməti bildirir ki, Azərbaycan nümayəndə heyəti müzakirə edilən məsələlərə münasibətini bildirəcək.
Avropa Parlamenti oktaybrın 23-də Azərbaycandakı prezident seçkiləri ilə bağlı ATƏT DTİHB-in nəticələrin saxtalaşdırıldığına dair rəyini müdafiə edən qərar çıxarandan sonra Elxan Süleymanov Avropa qurumları rəhbərinə müraciət göndərərək Avronest-də fəaliyyətlərini dayandırdıqlarını bəyan etmişdi. Sonradan Milli Məclisin bəzi deputatları onun bu bəyanatına qarşı çıxmışdı. Milli Məclisin son iclasında da məsələtə toxunulmuş və Süleymanovun bəyanatının əksinə, Azərbaycanın Avronest-də qalacağı elan edilmişdi.


