Müstəntiq şikayətə gəlmiş qadına hücum etdi; prokurorluğu küçə söyüşləri bürüdü
Bakı şəhər prokurorluğunun müstəntiqi bu qurumda istintaqı gedən cinayət işi üzrə tərəflərdən biri olan abğirçək qadına hücum edib. Hadisə elə Bakı şəhər prokurorluğunun binasında baş verib. Bu barədə zərərçəkmiş Aliyə Təmrazova dövlət başçısı Ilham Əliyev, baş prokuror Zakir Qaralov da daxil olmaqla, müxtəlif dövlət strukturlarına ünvanladığı şikayət məktubunda yazır.
Aliyə Təmrazova barədə “Azadlıq”ın ötən saylarında məlumat vermişdik. O, Dövlət Gömrük Komitəsində çalışan oğlu Həsən Sultanzadə ilə problemləri üzündən illərdir ki, prokurorluq, məhkəmə qapılarında qalıb. Tam sağlam olduğu halda, evinin qarşısından zorla aparılıb Maştağadakı 1 saylı psixiatriya xəstəxanasına salınan, üç gün orada saxlanıldığı müddətdə evindəki qızıl-zinət əşyaları və pulu oğurlanan Aliyə Təmrazova günahkarların cəzalandırılması, pozulmuş hüquqlarının müdafiəsi üçün üç ildən artıqdır ki, mübarizə aparır. Amma “yuxarıdan” gələn göstərişlər haqq-ədalətin bərpasına imkan vermir.
Aliyə Təmrazova ötən müddətdə baş verənlərin ətraflı araşdırılmaması, günahkarın məsuliyyətə cəlb olunmamasıyla əlaqədar dəfələrlə baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov, daxili şlər naziri Ramil Usubov, onun müavini Vilayət Eyvazov, Bakı şəhər prokuroru Əziz Seyidov, onun müavini Azər Əsgərov və digər məsul şəxslərin qəbulunda olub. Hər dəfə bu ağbirçək qadına vəd verilib ki, iş ətraflı araşdırılacaq, günahkarlar cəzalandırılacaq. Amma proseslərin gedişi göstərib ki, deyilənlər elə söz olaraq qalır.
Aliyə Təmrazova deyir ki, Bakı şəhər prokurorluğunun müstəntiqi Elşən Məmmədov onunla əlaqə saxlayaraq, CM-nin 146-cı (qanunsuz olaraq psixiatriya xəstəxanasına salma) maddəsilə cinayət işi başlandığını xəbər verib. Iki gün sonra Aliyə Təmrazova Bakı şəhər prokurorluğuna gedib qərarı almaq istəyəndə müstəntiqin ona verdiyi sənəddə görüb ki, həm 146-cı, həm də 313-cü (vəzifə saxtakarlığı) maddəsilə cinayət işi başlanıb. Amma həmin sənədin birinci səhifəsi qaralanıb: “Səbəbini müstəntiqdən soruşdum, dedi ki, Bakı şəhər prokurorunun birinci müavini Azər Əsgərov ona qərarı dəyişmək tapşırığı verib. Dedi ki, Əziz Seyidov, Azər Əsgərov, Ramiz Nəbiyev və Cəfər Cəfərov müzakirə edib belə qərara gəlib. Hətta həmin vaxt mən zəng eləyib telefonla qərarda yazılanları vəkilimə də oxudum. Vəkilim elə telefonda etiraz elədi ki, cinayətkarın kimliyi bəlli ola-ola niyə onun barəsində yox, fakt üzrə cinayət işi başlanıb? Müstəntiq mənə dedi ki, sentyabrın 2-də gəlib qərarı apararsız. Ayın 2-də gedəndə gördüm ki, yalnız 313-cü maddə ilə iş qaldırılıb, 146-cı maddə qeyb olub. Sentyabrın 7-də vəkilim Namiq Hacıyevlə birlikdə bu saxtakarlıqla əlaqədar yenə Bakı şəhər prokurorunun birinci müavini Azər Əsgərovun qəbulunda olduq. Azər Əsgərov bizi inandırmağa çalışırdı ki, 313-cü maddə ilə qaldıraq, sonra 146-nı da əlavə edərik. Vəkilim buna etiraz elədi. Bildirdi ki, 313-cü maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti bitib. Yəni, bir növ bizi aldatmaq istəyirdilər. Sentyabrın 17-də növbəti dəfə mən Əziz Seyidovun qəbuluna gedəndə yenə müavini Azər Əsgərov məni qəbul elədi. Istintaq idarəsinin rəisi Cəfər Cəfərov və müstəntiq Elşən Məmmədov da orada iştirak edirdi. Orada müstəntiq üzümə durdu ki, guya, mənə göstərdiyi, hətta telefonla vəkilimə də oxuduğum sənəd qərar olmayıb. Bununla əlaqədar mən etirazımı bildirəndə üstümə hücum elədi, vurmaq istəyəndə Azər Əsgərov cəld yerindən durub gəldi və onu tutdu. Bununla belə, Elşən Məmmədov sakitləşmədi və mənim ünvanıma küçə söyüşləri səsləndirməyə başladı. Bu vaxt Cəfər Cəfərov onu otaqdan çıxartdı. Amma o, dəhlizdə də qışqıra-qışqıra məni təhqir edirdi, prokurorluğun binasını küçə sözləri bürümüşdü”.
Aliyə Təmrazovanın sözlərinə görə, Bakı şəhər prokurorluğunun təşkilat-analitik idarəsində onun şikayəti əsasında sözügedən müstəntiqin barəsində araşdırma aparılıb və tədbir görülməsi üçün materiallar Baş Prokurorluğa göndərilib.
Aliyə xanım deyir ki, prokurorluq nə yolla olursa olsun, bu işi ört-basdır eləmək istəyir. Bakı şəhər prokurorluğuna çağırılan Aliyə Təmrazova oktyabrın 25-də vəkili ilə birlikdə ora gedərkən otaqda Bakı şəhər prokuroru Əziz Seyidov, müavini Azər Əsgərov, istintaq idarəsinin rəhbəri Cəfər Cəfərov, müstəntiq Nail Əliyevlə yanaşı, oğlu Həsən Sultanzadəni də görüb: “Əziz Seyidov mənə dedi ki, oğlunuzla kompramisə gedin. Cavabında dedim ki, ”tez deyilmi”? Dedi ki, oğlunuz 5 min pulunuzu və indiyə qədər çəkişdiyiniz 36 məhkəməyə çəkilmiş xərcinizi, ümumilikdə 23 min manat ödəməyə hazırdır. Dedim ki, bəs oğurlanan ölülük-dirilik zinət əşyalarım? Dedi ki, gəlin, bu məbləğə razılaşın, 146 və 313-cü maddələr üzrə icraata xitam verək, evdən oğurlanmış əşyalarla bağlı 177-ci (oğurluq) maddə ilə istintaq davam eləsin. Razılaşmadım. 6 avqustda mən Rüstəm Usubovun qəbulunda olanda xahiş eləmişdim ki, mənimlə bağlı bütün iş materialları eyni icraatda birləşdirilsin. Cavab verdi ki, 146-cı maddə ilə cinayət işi başlasa, təbii ki, birləşəcək. Vilayət Eyvazov da eyni sözü demişdi. Əziz Seyidovun qəbulunda olarkən o da müstəntiq Nail Əliyevə demişdi ki, birləşdir bu işləri. Amma indi məlum olur ki, birləşdirmirlər.
Bundan başqa, üç il ərzində iş materiallarından yoxa çıxmış aktın və ərizənin əsli nəhayət, Səbail Rayon Prokurorluğunun müstəntiqi Zeynal Zeynalovdan tapıldı. Adamdan soruşmaq lazımdır ki, bu sənədlər üç il onun seyfində nə gəzirmiş?
Mənim evimə oğurluqla əlaqədar üç il ərzində bir dəfə də baxış keçirilməyib. Mən bu məsələdə Həsən Sultanzadədən şikayətçi olduğuma görə onun evində axtarış aparılması barədə 15 fevral 2012-ci ildə məhkəmə qərarı olub. Amma bu günə qədər axtarış aparılmayıb. Müstəntiq Raqif Şərifov deyir ki, bu qərarın icrasına Səbail rayonunun prokuroru Şirxan Adıgözəlov imkan verməyib. Materialı dərhal ondan alıblar.
Onu da deyim ki, görüşdə Əziz Seyidov Həsənin də fikrini soruşdu. O dedi ki, anamın nə pulu olub, nə də indiyə qədər qızıllarını görmüşəm. Halbuki, Həsən özü 2 sentyabr 2010-cu ildə mənə qarşı məhkəmədə iddia qaldıraraq, 24 min manatlıq qızıl-zinət əşyalarını tələb edirdi. Orada adbaad əşyalarımı da sadalamışdı. Elə bu iddiadan az sonra – sentyabrın 19-da məni psixiatriya xəstəxanasına yerləşdirib, orada zorla saxlanıldığım müddətdə qızıllarımı apardılar”.
Aliyə Təmrazova bildirir ki, hüquq-mühafizə orqanlarının ötür-ötür oyununa baxmayaraq, hüquqlarının bərpası üçün sona qədər mübarizə aparacaq.
Onu da əlavə edək ki, Aliyə Təmrazova Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qohumudur.
Aytən Məmmədova


