bahalasma

Bahalaşma rəsmən elan edildi

10 faizlik maaş artımıyla seçkidə satın alınanlara hökumətdən sürpriz

Hadı Rəcəbli: «Səbəb vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsini təmin etməkdir»

Ölkəyə gələn il yeni bahalaşma dalğasının gələcəyi hələ bir neçə ay əvvəldən proqnozlaşdırılırdı. Bir çox ekspertlər artıq prezident seçkisindən sonra qiymət artımının müşahidə olunacağını deyirdi. Hökumətin yeni bahalaşmaya hazırlaşdığını Milli Məclisin müzakirəsinə çıxarılacaq 2014-cü ilin büdcə layihəsindən də görmək olardı.
Iqtisadçı-ekspert Rövşən Ağayev “Turan”a açıqlamasında bildirib ki, hökumətin büdcə təşkilatlarına kommunal xərclərin ödənməsi və yanacaq materiallarının alınması üçün xərcləri artırmaq planları 2014-cü ildə bu xidmətlərə görə tariflərin arta biləcəyindən xəbər verir. Dövlət büdcəsindən kommunal və kommunikasiya xərclərinin ödənilməsinə 2013-cü illə müqayisədə təxminən 84,8 faiz çox vəsait ayrılacaq.
Rəqəmlərin analizi yüksək baza inflyasiyasını proqnozlaşdırmağa əsas verir.
Ekspertin fikrincə, hökumət neft gəlirlərinin azalmasını inflyasiya hesabına kompensasiya etmək istəyir. Çünki bu qədər kəskin artımın büdcə təşkilatlarının kommunal xidmətlər üzrə istehlakının genişlənməsilə bağlı olması mümkünsüzdür. Bu xərclər ya istehlak çoxaldıqda, ya da həmin xidmətlər üzrə tariflər bahalaşanda artırılır. Büdcə təşkilatlarının birdən-birə istehlakı bu qədər artıracağı mümkün görünmür. Bu isə enerji daşıyıcılarının və digər kommunal xidmətlərin tariflərinin bahalaşacağını deməyə əsas verir.
Artıq rəsmilər də bahalaşmanın olacağını etiraf edib. Milli Məclisin sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli mətbuata açıqlamasında gələn ilin büdcə layihəsində kommunal və kommunikasiya sektoru üzrə xərclərin artırılmasının proqnozlaşdırıldığını təsdiqləyib. Deputatın sözlərinə görə, bu istiqamətdə xərclərin artırılmasına səbəb vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsini təmin etməkdir. Millət vəkili xərclərin artılmasının tariflərə təsir göstərəcəyini də deyib.
Kommunal tariflərin və enerji daşıyıcılarının bahalaşması isə ölkədə ümumi bahalaşmanın olacağından xəbər verir.
Bu, iqtisadi amillə yanaşı, həm də siyasi amil hesab edilə bilər. Çünki hakimiyyət yalnız seçki ərəfəsində əhalinin rəğbətini qazanmaq üçün cüzi maaş artımına getsə də, seçkidən sonra kəskin bahalaşma müşahidə olunur. Bu seçki də istisna olmadı.

Fizzə