Vəfa Quluzadə hesab edir ki, Rusiyada hazırda soydaşlarımızla bağlı baş verən siyasi məsələdir
Moskva Dairəvi Avtomobil Yolu boyu yerləşən bütün bazarlar ilin sonunadək bağlanacaq. Bu barədə Moskvaətrafı regionun qubernatoru Andrey Vorobyov regional hökumətin iclasında bildirib.
“Moskva Dairəvi Avtomobil Yolu boyu 22 bazar olub. Indiyədək onların 16-ı bağlanıb, qalanları da bu ilin sonunadək bağlanacaq”- deyə Vorobyov bəyan edib. Sökülmək üçün növbə gözləyən 6 bazar bunlardır: “Avtomol”, “Vladimirskiy trakt”, “Kuntsevo-2″, ”Kaşirskiy dvor-3″, “Mıtışinskaya yarmarka”, “Texnoservis”.
Müşavirədə bildirilib ki, Moskvaətrafı regionda üst-üstə 438 parakəndə satış bazarı var, onlardan 350-si qanunsuzdur. Çünki kapital tikililərdə yerləşməyiblər.
Qubernator tapşırıq verib ki, bazarlarda reydlər həftədə bir dəfə yox, hər gün keçirilsin və reydlərin qrafiki ona təqdim olunsun. Vorobyov hüquq-mühafizə orqanlarının keçirdiyi reydlərin effektinin olmadığını da deyib. Bildirib ki, bazarlarda yoxlamalar planlaşdırılmış yox, spontan olmalıdır.
Qeyd edək ki, Moskvada satıcılarının çoxu Azərbaycandan olan iri “Sadovod” topdansatış-parakəndə ticarət mərkəzi də Moskva Dairəvi Avtomobil Yolunun 14-cü kilometrliyində yerləşir. Ötən həftə Moskva meriyası bazarın sökülməsi və yerində müasir ticarət mərkəzinin tikintisinə dair qərar çıxarıb.
Son zamanlar Rusiyanın miqrantlarla bağlı məsələləri sərtləşdirməsi, miqrantların ailələrinin Rusiya ərazisində qalması üçün çeşidli qanuni maneələrin yaradılması əslində baş verənlərin təkcə iqtisadi və qanuni hadisə olmadığını sübut edir. Baş verənlərin siyasi çalar daşıdığı və Rusiyanın xarici siyasət kursundakı dəyişikliklərlə bağlı olduğu görünməkdədir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Rusiyanın son atdığı addımlar Azərbaycan üzərində fokslaşmaqdadır. Rusiyanın miqrantlarla bağlı qəbul etdiyi yeni qaydalarla yanaşı Rusiya başqa cinahlarda da Azərbaycana təzyiqlər nümayiş etdirməkdədir. Belə ki, Rusiya rəsmiləri açıq şəkildə Azərbaycanın reallaşdırmaq istədiyi enerji layihələrinə qarşı çıxacaqlarını bəyan edirlər. Belə ki, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib ki, Azərbaycanla Türkmənistan Trans-Xəzər layihəsinin reallaşdırılması ilə bağlı razılığa gəlsələr də, Xəzəryanı dövlət kimi Rusiya proyektin reallaşmasına mane olacaq. Rusiyanın paytaxtı Moskvada bağlanması nəzərdə tutulan bazarlarda çalışanların əksəriyyətinin azərbaycanlı olması nəzərə alınarsa, atılan bu addımı da dolayısı ilə Azərbaycana təzyiq kimi dəyərləndirmək olar. Ekspertlər hesab edir ki, Rusiyanın Avropa Birliyi üçün mühüm sammit olan Vilnüs danışıqları ərəfəsindəki addımları təsadüfi deyil. Çünki istər Avropa Birliyinin, istərsə də Rusiyanın rəhbərliyi keçmiş postsovet ölkələrindən gələcək əməkdaşlıqla bağlı konkret mövqe bildirmələrini tələb edirlər. Yəni Gömrük Ittifaqına daxil olan ölkə Avropa Birliyi ilə, Avropa Birliyinə əməkdaşlığa üstünlük verən ölkə isə Gömrük Ittifaqı ilə əməkdaşlıq edə bilməz. Belə olan halda Azərbaycan ətrafında baş verənləri necə qiymətləndirmək və gələcək olayları necə proqnozlaşdırmaq olar?
Əslində Putinin miqrantlara qarşı siyasətini bir gün sərtləşdirəcəyinin gözlənilən olduğunu deyən politoloq Vəfa Quluzadə bildirdi ki, o, Rusiyadan azərbaycanlı və digər miqrantların çıxarılacağını mətbuatda bəyan edib: “Mən bir neçə dəfə mətbuatda Rusiyanın soydaşlarımız da daxil olmaqla miqrantlara qarşı sərt addımlar atacağının gözlənilən olduğunu demişəm. Rusiya Gömrük Ittifaqına üzvlüklə bağlı Azərbaycan və Ukraynaya təzyiqləri davam etdirir. Buna səbəb Putinin Gömrük Ittifaqı ilə bağlı planlarının həyata keçə bilməməsidir. Çünki bu istiqamətdə Ukrayna bərk dirəniş göstərməkdədir. Bundan başqa, Ukrayna açıq bəyan edib ki, Vilnüsdə Avropa Birliyi ilə əməkdaşlığını dərinləşdirəcək. Gömrük Ittifaqına daxil olmaq Azərbaycanın da maraqlarına uyğun deyil”.
Rusiya millətçilərinin Putindən narazı olduğunu deyən V.Quluzadə bildirdi ki, narazılığın səbəbi ölkədə qayda-qanunun olmamasıdır. Bu qanunsuzluğun bir səbəbini də miqrantlarda görürlər. Hakimiyyətin millətçilərin ona olan qəzəbini miqrantlara yönəltməyə çalışdığını söyləyən politoloq hesab edir ki, hazırda bu istiqamətdə dövlət siyasəti aparılır. Hadisələrin sonrakı gedişinə gəlincə, V.Quluzadə düşünür ki, Rusiya bir müddət sonra birinci mərhələdə miqrantların böyük hissəsini ölkədən çıxaracaqdır: “Rusiya miqrantları nəzarət altına alacaq və milyonlarla miqrant Rusiyadan çıxmalı olacaqdır. Artıq Azərbaycan Rusiyada olan soydaşlarımızın geri dönməsinə hazırlıq görməlidir. Çünki Rusiya artıq bu istiqamətdə konkret addımlar atır. Rusiyanın əlindən bu təyziq vasitəsini almaq üçün konkret addımlar atmaq lazımdır. Indidən düşünülməlidir ki, Azərbaycana böyük bir axın gələcək”.
Xəyal


