Azərbaycan firavan həyata görə dünyada 81-cidir

Məhəmməd Talıblı: «Rifahın yüksək olduğu ölkələrdə hökumət insana qayğı sahəsində davamlı iqtisadi siyasət həyata keçirir»

Azərbaycan “Qlobal Firavanlıq Indeksi”nə görə, 142 ölkə arasında 81-ci yerdə qərarlaşıb. Bu barədə Legatum Institutu illik hesabat yayıb. Siyahıda Azərbaycanın qonşularından Gürcüstan 84-cü, Ermənistan 95-ci, Rusiya 61-ci, Iran isə 101-ci yerdədir.

Hesabata görə, ən firavan ölkə Norveçdir. Sıralamada daha sonra Isveçrə, Kanada, Isveç, Yeni Zelandiya və Danimarka gəlir.

Hesabat son 5 ildə ümumilikdə dünyada firavanlığın artdığını göstərir. Bura xüsusilə ÿişgüzarlıq, səhiyyə və təhsil sahələri daxildir.

Legatum Institutu “Qlobal Firavanlıq Indeksi”ni hər il açıqlayır və hesabat hazırlanarkən iqtisadiyyat, təhsil, işgüzarlıq, idarəçilik, səhiyyə, şəxsi azadlıq, təhlükəsizlik və sosial kapital kimiÿmüxtəlif sahələrdə araşdırmalar aparılır.

Bu arada, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Doing Business-2014″ reytinq cədvəlini açıqlayıb. Reytinq tərtibçiləri biznes qurmaq imkanlarını araşdırarkən müəssisənin və mülkiyyətin qeydiyyatı, sərmayəçilərin hüquqlarının qorunması, tikintiyə icazə, müqavilələrin yerinə yetirilməsi və başqa meyarlara əsaslanıblar.

Keçmiş SSRI məkanı ölkələrindən Gürcüstan 8-ci, Litva 17-ci, Estoniya 22-ci, Latviya 24-cü pilləni tutur. MBD ölkələrinə gəlincə, Ermənistan 37-ci, Qazaxıstan 50-ci, Belarus 63-cü, Qırğızıstan 68-ci, Azərbaycan 70-ci, Moldova 78-ci, Rusiya 92-ci, Ukrayna 112-ci, Tacikistan 143-cü, Özbəkistan 146-cı yerdə qərarlaşıb.

Iqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki, Avropa Birliyinə daxil olan bir çox ölkələrin ciddi iqtisadi uğurlarla bərabər, sosial siyasətə effektiv münasibəti də onların uğur qazanmasında mühüm rol oynayıb. O ölkələrdə hökumətlər iqtisadi imkanlarını genişləndirməklə yanaşı, sosial rifahı da stimullaşdıra bilib: “Problemləri həll etdikləri üçün həmin ölkələrdə həyat səviyyəsi, yaşayış rifahı yüksəlib. Orada konkret olaraq yaşanılan və gözlənilən orta ömür müddəti, insanların özünü ifadə indikatorları və s. də göstərilib. Beləliklə, vətəndaşların iqtisadı rifahının güclənməsi hesabına onlar sosial varlıq olaraq özlərini təsdiqləyiblər. Sosial özünütəsdiq isə həmin ölkədə yaradılan demokratiyanın sərhədlərilə, insan azadlıqlarıyla bağlıdır”.

Ekspert neftlə zəngin ölkələrdə adambaşına düşən ümumdaxili məhsulun səviyyəsinə diqqət yetirməyi də vacib sayır. Məhəmməd Talıblının sözlərinə görə, rifahın yüksək olduğu ölkələrdə iqtisadi imkanların genişlənməsi fonunda, insanlara yönəlik, insan resurslarına qayğının təmin olunması sahəsində davamlı iqtisadi siyasət həyata keçirilir.

Nigar