AXCP və Müsavatın birləşməsi ideyası yenidən gündəmdə

Rauf Arifoğlu: «AXCP və Müsavat Partiyasının Cəmil Həsənlinin rəhbərliyi altında birləşməsi variantı ortaya gətirilməlidir»

 Fuad Qəhrəmanlı: «Müsavat Partiyası AXCP-nin birləşməklə bağlı qərarına müsbət reaksiya verməyib və ona görə bu ideya gündəmdən çıxıb»

“Liderlər siyasi prosesi davam etdirmək istəyirlərsə, indiki mərhələdə AXCP və Müsavat partiyalarının Cəmil Həsənlinin rəhbərliyi altında birləşməsi və superpartiyanın yaradılması variantı ortaya gətirilməlidir. Digər siyasi qüvvələri və elektoratı da bu superpartiyanın ətrafında birləşdirmək lazımdır”.

Bunu Lent.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu deyib. O bildirib ki, yaradılacaq partiyanı AXCP-Müsavat və ya Müsavat-Cəbhə adlandırmaq olar.

R.Arifoğlu təklif edir ki, Milli Şuranın prezident seçkilərində namizədi olan Cəmil Həsənli də bu partiyanın sədarətinə gətirilməlidir: “Cəmil Həsənli seçki kampaniyası zamanı yeni keyfiyyətlərini ortaya qoymağı bacardı və bütün prosesin yükünü öz üzərinə götürərək, müxalif çevrənin də simpatiyasını qazanmağı bacardı”.

AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı isə Rauf Arifoğlunun təklifinə ilə bağlı “Azadlıq”a bunları deyib: “Xalq Cəbhəsi və Müsavat partiyalarının birləşməsi ideyası zaman-zaman müxtəlif formalarda gündəmə gəlib. Hətta bu sosial sifarişə çevrilib. AXCP-nin qurultayı da bu sosial sifarişi nəzərə alaraq Müsavat Partiyası ilə qeyd-şərtsiz birləşməklə bağlı qərar qəbul edib. Bu o zamana təsadüf edir ki, həmin vaxt müxalifətin birliyi AXCP və Müsavatın birlik formulası kimi nəzərdə tutulurdu. Lakin Müsavat Partiyası AXCP-nin birləşməklə bağlı qərarına müsbət reaksiya verməyib və ona görə bu ideya gündəmdən çıxıb. Hələki Müsavatın bununla bağlı mövqeyi dəyişməyib, partiyanın təmsilçiləri bununla bağlı hər hansı yeni fikir bildirməyiblər. Ona görə də bu məsələni müzakirəsinə heç bir əsas yoxdur. Nə zaman ki, Müsavat Partiyası AXCP-nin məlum qərarına müsbət münasibət bildirər, o zaman hər hansı fikir bildirmək olar. Indiki halda isə bu məsələ aktual deyil. Digər tərəfdən müxalifətin birlik formulası kimi də Milli Şura yaradılıb. AXCP və Müsavat Partiyası da Milli Şuranın tərkibində səmərəli əməkdaşlıq edir”.

Ilham