Əli Kərimlinin qaynına 7 il yarım iş verildi

AXCP sədrindən qisas almaq ehtirası daha bir absurd qərara səbəb oldu; Əli Kərimli hökm barədə nə yazdı?

“Repressiyalar ölkəmizdə demokratik dəyişikliklərin qarşısını ala bilməyəcək”

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank” işi üzrə məhkəmə prosesi başa çatıb. Iş üzrə mühakimə olunan AXCP sədrinin qayını, bankın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidova 7 il 6 ay həbs cəzası verilib. Mühakimə olunan digər şəxslər 7 ildən 8 ilə qədər azadlıqdan məhrum ediliblər. Məhkəmə prosesi müddətində azadlıqda olan Nicat Abdullayevin də həbsinə qərar verilib. O, 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Cinayət işi üzrə azadlıqda olan digər şəxslərə isə şərti cəza təyin edib.

“Çıxarılan qərarın hüquqi əsası yoxdur”

E.Seyidovun vəkili Fəxrəddin Mehdiyev bildirdi ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən bütün ittihamlar əssasızdır. E.Seyidovun barəsində çıxarılan qərarın əsaslandığı maddələrin nə hüquqi, nə faktiki əsası var. Məhkəmədə bütün ittihamlar sübutlarla rədd edilsə də, bu, nəzərə alınmayıb: “Məhkəmə Elnur Seyidova qarşı irəli sürülən bütün ittihamları qüvvəsində saxladı. Elnur Seyidova qarşı irəli sürülən ittihamlardan biri ödənilmiş kreditlə bağlıdır. Bu kredit vaxtından əvvəl ödənilib. Elnur Seyidov saxlanılana qədər bu kreditin 90 faizi ödənilmişdi. Digər tərəfdən, ”Texnika Bank” dəfələrlə sənəd təqdim edib ki, bu kreditlə bağlı zərərçəkən şəxs yoxdur və heç kim iddia ilə çıxış etməyib. Elnur Seyidova qarşı 7 il yarımlıq ağır cəzanın verilməsini qanunsuz sayırıq və biz bundan apelyasiya şikayəti verəcəyik”.
Vəkil onu da əlavə etdi ki, bu iş üzrə E.Seyidovun ittiham olunduğu maddələrə oxşar maddələrlə mühakimə olunan başqa heç kimə belə ağır cəza verilməyib və bunun özü də E.Seyidovun həbsinin sifarişli olduğunu sübut edir.

“Məhkəmə istintaqı göstərdi ki…”

E.Seyidovun digər vəkili Əsabəli Mustafayev də bildirdi ki, çıxarılan hökm ədalətli, hüquqi olmayıb, daha çox siyasi xarakter daşıyır: “Məhkəmə istintaqı göstərdi ki, Elnur Seyidovun əməllərində heç bir cinayət tərkibi yoxdur. Bu açıq şəkildə nümayiş olundu. Lakin bununla belə, məhkəmə Elnur Seyidova ağır cəza tətbiq elədi. Üstəlik oxşar maddə ilə təqsirləndirilən şəxslərə şərti cəza tətbiq olunsa da, bu, Elnur Seyidova şamil edilmədi. Bu özü də ayrı-seçkiliyin bir nümunəsidir. Elnur Seyidovun ittiham olunduğu cinayət əməlləri hətta törədilsəydi belə, digərlərindən yüngül idi. Əminəm ki, yaxın tezlikdə Avropa Məhkəməsi Elnur Seyidovla bağlı qərar çıxaracaq və tələb olunacaq ki, o, təcili şəkildə həbsdən azad edilsin”.

“Bu, məndən qisas almaqdır”

Elnur Seyidova belə ağır cəzanın verilməsinə AXCP sədri Əli Kərimli də münasibət bildirib. O, Facebook səhifəsində yazıb:
“Qaynım Elnur Seyidovu qurama, absurd ittihamlarla 7 il yarım azadlıqdan məhrum etdilər. Məndən qisas almaq məqsədilə təqsirsiz, xəstə, 3 azyaşlı uşaq atasını sifarişlə cəzalandırdılar.
Bir neçə il əvvəl əmim oğlunu da qurama ittihamlarla 2 ildən artıq həbsdə saxlamışdılar. Daha neçə qohumum, dostum, partiya və əqidə yoldaşım həbsxanalardan keçib və keçməkdədir.
Hazırda ölkənin 100-dən artıq gənci, siyasətçisi, din xadimi, jurnalisti bu vətəni çox sevdiklərindən sülalə hakimiyyətinin həbsxanalarındadır.
“Azadlıq” qəzetinin kollektivi azad, tənqidi sözün tribunasını qoruyub saxlamaq üçün ölüm-dirim mübarizəsi aparır.
Amma bütün bu repressiyalar da, seçki saxtakarlığı da ölkəmizdə demokratik dəyişikliklərin qarşısını ala bilməyəcək. 3-5 il bundan əvvəldən fərqli olaraq, indi bu dəyişikliklər zaman məsafəsi baxımından bizə xeyli yaxındır. Xalqımız böyük məhrumiyyət və fədakarlıq bahasına demokratik dəyişikliklərə yaxınlaşır. Bu dəyişiklikləri “olmazsa olmaz”a çevirir.
Demokratiyanın bərqərar olması naminə verdiyimiz qurbanları həm də ona görə xatırladıram ki, Demokratiyanın qələbəsindən sonra heç bir “çoxbilmiş” ölkəmizin demokratikləşməsinin hansısa qlobal, geopolitik proseslərin nəticəsi olduğunu iddia etməsin. Xeyr, xalqımız alnının təri ilə, həbsxanalardan keçə-keçə, min bir əziyyətlə ölkəmizdə azadlıq və ədaləti bərqərar etməkdədir və edəcək”.

Xəyal