Əli Kərimlinin indi də mühafizəçisi hədəfdədir

Bəhruz Həsənovu oğurluqda günahlandırmaq istəyirlər

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənovun təxribatla üzləşməsi haqda məlumat vermişdik. Belə ki, Bəhruz Həsənovun artıq üçüncü dəfədir, avtomobili naməlum şəxslər  tərfindən  vurulur və həmin şəxslər hadisə yerindən uzaqlaşırlar. Sonuncu hadisə zamanı isə onun avtomobilinə ciddi zərər vuran  “Toyota Prado” markalı avtomobilin sahibi  hadisdən sonra Bəhruz Həsənova hədə-qorxu gəlib və onu erməni adlandırıb.  Bəhruz Həsənov baş verənlərin təxribat olduğunu bildiyi üçün  bu şəxsə müqavimət göstərməyib və Suraxanı rayon polis idarəsinə müraciət edib. Zabil Aslanov adlı bu şəxs polis bölməsində də fironluq edib və bildirib ki, avtomobilə dəyən ziyanı ödəməyəcək. Bəhruz Həsənov  hadisyələ bağlı polis bölməsindən arayış almaq istəsə də, ona arayış verməyiblər.
Bütün bu baş verənıləri qəzetimizdə işıqlandırdıqdan sonra Bəhruz Həsənov Suraxanı rayon Dövlət Yol Polisi idarəsinə  çağırılıb və ona arayış verilib. Bəhruz Həsənova bildirilib ki, zərərçəkmiş qismində tanınır və Zabil Aslanovu məhkəməyə verib dəymiş ziyanın ödənilməsinə nail ola bilər. Hətta Zabil Aslanovun 80 manat cərimə olunduğunu da bildiriblər.
Ancaq Bəhruz Həsənova qarşı təxribat bununla yekunlaşmır. Ötən gün Suraxanı rayonu 33-cü polis bölməsinin rəisi Bəhruz Həsənovun qardaşı, keçmiş vicdan məhbusu Babək Həsənovu Yeni Günəşli qəsəbəsi AB massivində sahə müvəkkilləri üçün nəzərdə tutulmuş kontora dəvət edib. Babək Həsənova bildirilib ki, ərazidə yerləşən mağazaların birində oğurluq hadisəsi baş verib, onu da bu hadisəylə bağlı çağırıblar. Babək Həsənov bildirib ki, D massivində, qardaşı isə V massivində yaşayır. Belə olan halda onları öz sahə müvəkkilləri dindirməlidir. Digər tərəfdən, onların hər hansı oğurluq hadisəsinə aidiyyatları ola bilməz.
Babək Həsənovu dindirən polis rəisi Bəhruz Həsənov haqqında da məlumatlar öyrənməyə başlayıb. Sual verilib ki, Bəhruz Həsənov maşını hardan alıb, harda işləyir, əmlakın necə əldə edib və s. Babək Həsənov cavab verib ki, butün bunlar vətəndaşın şəxsi işidir və heç kim bu məsələlərə müdaxilə edə bilməz.
Bəhruz Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, baş verənlər ona qarşı növbəti  təxribat cəhdidir və oğurluq məsələsi də bəhanədir: “Bundan əvvəl baş verənlər zamanı məni təxribata çəkə bilmədilər. İndi oğurluq məsələsi ilə növbəti böhtan kampaniyasına başlayıblar. Əmlakımla bağlı maraqlanmaları da təsadüfi deyil. Mənə təzyiq göstərmək istəyirlər. Baş verənlər siyasi mövqeyimlə bağlıdır”.

İlham