Beynəlxalq Böhran Qrupu narahatlıq dolu hesabat hazırlayıb
“Dağlıq Qarabağ münaqişəsinin alovlanmasının qarşısını almaq üçün bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir. Rusiya vasitəçi ölkə və bu münaqişədə fəal oyunçu kimi, tərəflərin razılığa gəlməsi üçün daha qətiyyətlə çalışmalı və tərəflərə silah verməyə son qoymalıdır” – Beynəlxalq Böhran Qrupunun “Ermənistan və Azərbaycan: Risklər mövsümü” adlı təhlilində belə deyilir.
Təhlildə bildirilir ki, sülh danışıqlarının kəsildiyi 2011-ci ildən bəri hər iki tərəfdə müharibə ritorikasının gücləndiyi hiss olunur və silahlanma artıb: “Daxili siyasi rəqabətin dərinləşdirdiyi belə bir gərgin vəziyyətdə təsadüfi müharibə riski ən təhlükəli ehtimaldır. 2011-ci ildən hər iki tərəf öz hərbi büdcəsini artırıb. Müharibə həddinə qədər balanslaşdırma və ya cəbhəyanı zonalarda tez-tez baş verən atışmalar iri miqyaslı hərbi əməliyyatlara səbəb ola və bu da bir neçə, yaxud bütün regional güclərin – Rusiya, Türkiyə və Iranın müharibəyə cəlb olunmasına gətirib çıxara bilər”.
Beynəlxalq Böhran Qrupu hesab edir ki, münaqişə ölkələrində mümkün daxili siyasi gərginlik səbəbi ilə qarşıdakı aylarda münaqişə ətrafında xüsusi problemlər yarana bilər. Belə ki, Ermənistanda müxalifət payızda etiraz aksiyaları keçirməyi planlaşdırır, Azərbaycanda isə hökumət prezident seçkilərindən sonra qarışıqlıq yaranmasından ehtiyatlanır: “Bu səbəbdən beynəlxalq vasitəçilərin – ATƏT-in Minsk Qrupunun və Avropa Birliyinin diqqətli olması tələb olunur. Rusiya bu münaqişənin təsirli bir oyunçusu olaraq, bu istiqamətdə fəal çalışmalı və tərəfləri silahlandırmağa son qoymalıdır”.
Beynəlxalq Böhran Qrupunun bu narahatlığının arxasında görəsən, nə dayanır?
Politoloq Vəfa Quluzadə deyir ki, əslində, Rusiya Azərbaycan və Ermənistanı silahlandırmır. Onun sözlərinə görə, Ermənistan Rusiyanın bir hissəsidir və Qarabağ münaqişəsini də Rusiya özü planlı surətdə yaradıb: “Rusiya burada çoxlu pul qazanır. Azərbaycan ondan 60 faiz, Ermənistan isə 70 faiz silah alır. Rusiya guya, özünü vasitəçi kimi göstərir. Amma belə deyil, o, əsl işğalçıdır. Rusiyaya belə dişsiz münasibət göstərmək yox, təzyiq etmək lazımdır. Amma o, nüvə dövləti olduğu üçün hələlik bunu etmirlər. Rusiya yavaş-yavaş çökür, görünür, hələ təzyiq etmək vaxtı deyil. Vaxtı gələndə təzyiq vasitəsilə məsələni həll etmək mümkün olacaq”.
Politoloq Suriya məsələsinə diqqət çəkərək, Amerika ilə Rusiyanın razılığa gəlib Suriyanın silahlarını aradan götürmək planından bəhs edir. Onun fikrincə, BMT-nin istənilən vaxt Suriyaya zərbələr endirmək kimi məqsədi var. Bu mənada, mövcud olan dörd qərar işğal olunmuş ərazilərimizdən işğalçı qoşunların çıxarılmasını tələb edir: “Əslində, Amerika gərək bütün silahlarını Ermənistana tuşlasın ki, ”sizə zərbə endirirəm”. Rusiya da onda Suriyada belə hərəkətin olmaması üçün xahişini etsin. Rusiya Ermənistana kömək etmək üçün qoşunların Azərbaycan torpaqlarından çıxarılması məsələsini qaldıra bilər. Bu mənada, Rusiya Suriyaya zərbə endirməməyə çağıra bilər. Məsələnin həll yolu budur, bu isə hələlik qeyri-realdır”.
Nigar