Qubad Ibadoğlu: “Tikintiyə ayrılan vəsait səmərəli işlənsə, azad olan 4 milyardla müəllimlərin maaşını üç dəfə artırmaq olar»
Təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı müəllimlərin maaşlarını artırmaq barədə danışıb.ÿO bildirib ki, maaşların artırılması ilə bağlı əsas məsələ məktəb direktorları ilə əlaqədardır: “Onlar müəllimlər qədər maaş alırlar, amma üzərlərində çox böyük yük var. 2000 şagirdi olan məktəbin direktoru da, daha az şagirdi olan məktəb direktoru da eyni maaşı alır. Bu isə düzgün deyil. Görünür, bizim ödəmə sistemində bir problem var. Biz tərkibində müəyyən çatışmazlıq olan sistemi daha da çətinləşdirmək istəmirik. Nazirlik bu istiqamətdə müvafiq qurumlarla işlər aparılır. Düşünürük ki, bu sahədə gələcəkdə uğur qazanacağıq. Mövcud sistemdə hansısa yeniliklərə nail olmaq istəyiriksə, qarşıda gözlənilən bütün məsələlər əvvəldən nəzərə alınmalıdır”.
Xatırladaq ki, müəllimlərin əməkhaqqının artırılması barədə eyni təkliflə keçmiş təhsil naziri Misir Mərdanov da çıxış etmişdi. Onun nazir vəzifəsindən getməsində bu amilin də rol oynadığı, Mərdanovun yuxarıların qəzəbinə tuş gəldiyi bildirilmişdi. Yeni təhsil naziri yenidən maaş məsələsinə qayıdaraq onun artırılmasını vacib sayır. Hazırkı məqamda müəllimlərin əməkhaqqını qaldırmaq mümkündürmü?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu qeyd edir ki, müəllimlərin maaşı ilk növbədə layiqli əməkhaqqı olmalıdır. Ekspertə görə, hazırkı büdcə çərçivəsində əhəmiyyətli artımdan söhbət gedə bilməz. Çünki builki dövlət büdcəsi artıq bölüşdürüldüyü üçün maaşaların əhəmiyyətli həddə artırılması mümkün deyil: “Büdcədə hər 100 manatın 35 manatı tikintiyə, bütövlükdə müəllimlərin əməkhaqqına isə, hər 100 manatdan təxminən 6 manat gedir. Diqqət edin, müəllimin əməkhaqqına hər 100 manatdan 6 manat, tikintiyə isə hər 100 manatdan 35 manat verirlər. Əslində, tikinti xərclərini azaltmaqla müəllimlərin büdcəsini xeyli artırmaq olar. Xərclərin səmərəliliyini artırmaqla problemi həll etmək olar. Mövcud büdcə çərçivəsində tikintiyə ayrılan 8 milyard vəsait səmərəli işlənsə, onun 4 milyardı azad olur. Bu vəsaitlə də müəllimlərin əməkhaqqını ən azı üç dəfə qaldırmaq mümkündür”. Q.Ibadoğlu büdcədən maliyyələşən bahalı proyektlərin bəzisinin artıq başa çatdığını söyləyir. Bu proyektlərə H.Əliyev Mərkəzi, “Şahdağ” Turizm Mərkəzi, Quba yolunu misal göstərmək olar. Dövlət büdcəsindən maliyyələşən ən böyük proyektlərdən biri “Stadion” proyektidir ki, onun tikintisinə büdcədən milyonlarla pul ayrılıb: “Ayrılan 680 milyonla 300 min müəllim ordusunun əməkhaqqını iki dəfəyədək artırmaq mümkündür. Yəni hansısa bir stadionun tikintisinə ayrılan pulla müəllimlərin maaşını əhəmiyyətli dərəcədə artırmaq olar”.
Nigar