«Seçkidən öncə azad media mühiti vardımı?» sualı nəyin mesajıdır?
Emin Hüseynov: «Bu bəyanatlar seçkidən sonrakı rəylərdə öz əksini tapacaq»
Seçki günü yaxınlaşdıqca benəlxalq təşkilatların ölkədə media və insan haqları sahəsindəki vəziyyətə diqqəti daha da artır. ABŞ-ın ATƏT-dəki səfirinin son açıqlaması isə seçkiqabağı durumun hakimiyyətin öz ziyanına işlədiyini deməyə əsas verir. Vətəndaş cəmiyyətinin ciddi təzyiqlərə məruz qaldığını, media azadlığı sual altında olduğunu deyən səfir seçkinin nəticəsinə etibar edilməsi üçün ilk sualın da məhz “seçkidən öncə azad media mühiti vardımı?” olacağını deyib.
Oxşar bəyanatla ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisinin müavini Tomas Melia da çıxış edib.
Bəs Azərbaycanda seçki öncəsi medianın durumu necədir?
Bunu bilmək üçün yalnız müxalifətin namizədinə əngəllər törədilmək üçün atılan addımlara nəzər salmaq kifayətdir. Ilkin mərhələdə hakimiyyət prezidentliyə namizədlərin sayını artırmaqla namizədlər üçün nəzərdə tutulan pulsuz efir vaxtını azaltdı. Bu da birbaşa Milli Şuranın namizədinə qarşı yönəlmiş bir addım idi. Daha sonra Ictimai Televiziya süni əngəllər yaratmaqla Milli Şura namizədinə pullu efir vaxtı verməkdən imtina etdi. Eyni zamanda digər telekanallar seçki kampaniyasından kənarda saxlanıldı. Hakimiyyət namizədləri üçün televiziya məhdudiyyətinin olmadığını nəzərə alsaq bu addım da Milli Şuranın namizədinin imkanlarını məhdudlaşdırmağa hesablanmışdı. Şübhəsiz ki, bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınacaq.
RATI rəhbəri Emin Hüseynov bu bəyanatların seçkidən sonrakı rəylərdə də öz əksini tapacağını deyir. Çünki Azərbaycanda seçki öncəsi ifadə azadlığı ilə bağlı durum müsbət sayıla bilməz. Bu səbəbdən də beynəlxalq qurumlar və onların təmsilçiləri narahatlığını dilə gətirir.
E.Hüseynovun sözlərinə görə, telekanallar Ilham Əliyev üçün təbliğat aparıldığı bir zamanda müxalifət namizədinə belə bir şəraitin yaradılmaması ölkədə ədalətli seçki mühitinin olmdığını göstərir. Eyni zamanda seçicilər üçün seçim etmək imkanı yaradılmır. Belə bir şəraitdə isə azad və ədalətli seçkilərdn söhbət belə gedə bilməz: “Azad və ədalətli seçkilərin keçirilməsi üçün sərbəst toplaşmaq və ifadə azadlığından tutmuş digər fundament azadlıqlar təmin olunmalıdır. Bu olmadığı təqdirdə seçkilərin nəticəsi də ədalətli sayıla bilməz. Beynəlxalq təşkilatlar da bunu nəzərə alacaq”.
Fizzə