Məcburi köçkünlər mənzil bölgüsündə komitənin ayrı-seçkiliyə yol verdiyini deyirlər
«Burada yaşayanlardan 4-5 min, kənarda olanlardan 15 min alıb çoxotaqlı mənzillər verilir»
Bakı Dövlət Universitetinin (BDU) “Tələbə şəhərciyi” adı daşıyan, ancaq yataqxana kimi fəaliyyət göstərən binaların bir neçəsi söküldükdən sonra orada məskunlaşan məcburi köçkünlər Müşfiqabad qəsəbəsində tikilən binaya yerləşdirilsə də, 20-ə yaxın ailə hələ ki, mənzillərini tərk etmir. Nədəni isə onlara verilən mənzillərdə otaqların sayının az olmasıdır.
Çoxotaqlı mənzillər pulla verilir…
Hazırda yataqxananın həyəti müharibədən çıxmış ölkənin xarabalığına bənzəyir. Hər yer dağınıq, toz-torpaqdır. “Tələbə şəhərciyi”nin giriş qapısı qıfıllanıb. Içəri daxil olmaq üçün hasarı addamalısan. Biz də elə etdik.
Məcburi köçkünlərin məskunlaşdığı yöndəmsiz, şəraitsiz binalardan artıq bir neçəsi sökülüb. Bir-iki bina qalıb ki, onun da “fatihə”si yaxın günlərdə veriləcək.
8 saylı binada 20 ildir məskunlaşan Ağdam rayonundan köçkün olan Pənah Quliyev deyir ki, yataqxananın balaca, darısqal otaqlarında 3 ailə məskunlaşırdı: “Oğlumun iki qızı burada dünyaya gəlib. Bu vaxt ərzində qızımı köçürtmüşəm. Ancaq hamısı yataqxanada qeydiyyatdadırlar. Yataqxana balaca olduğu üçün oğlum ailəsini götürüb buranı tərk etdi. Qızıma yeni binada birotaqlı mənzil verdilər. Ailə qurmayan 35 yaşlı oğlum, mən və həyat yoldaşım qalıb. Bizə 3 otaqlı mənzil verilməlidir. Ancaq ”Qaçqınkom”un rəhbəri Əli Həsənov mənə dedi ki, sizə verməyə 2 otaqlı evimiz yoxdur. Dedim ki, üç otaqlı ver. Onda cavab verdi ki, qızına verilən bir mənzil ondan alınacaq, sizə üç otaqlı ev veriləcək. Birlikdə yaşayın. Mən də razı olmadım. Çünki 3 otaqlı mənzildə iki ailə yaşaya bilməz. Üstəlik, oğlum da evlənməlidir. Belə bir evə gəlin köçürmək olar?”.
Müsahibimiz deyir ki, mənzil bölgüsü zamanı kim pul veribsə, ona çoxotaqlı mənzil verilib: “Orta qiymət 4-5 min manat arasında olub. Kənarda yaşayan köçkünlər, yəni bu yataqxanada qeydiyyatda olmayanlardan isə 15 min manat alıblar. Mənim isə 1000 manatım vardı. Ona görə də yaxın gəlmədilər. Məbləği eşidən kimi güldülər”.
Yataqxanadan çıxmaq üçün sakinlərə təzyiq edilir
Füzuli rayonundan məcburi köçkün olan Ibrahim Quliyev 20 ildir ermənilərin, son 6 ayı isə “Qaçqınkom”un ədalətsizliyinin qurbanı olduğunu deyir: “Biz birotaqlı mənzildə 9 nəfər yaşayırıq. Müşfiqabadda 1440 ailə üçün bina tikilib. Indi bizə 4 otaqlı ev verirlər. Biz deyirik ki, hər ailəyə ayrı-ayrı mənzil verin. ”Qaçqınkom”un nümayəndəsi deyir ki, indiyə qədər necə yaşamısınız, bundan sonra da elə edin. Çarəsizlikdən məcbur olub 9 nəfər bir otaqda yaşamışıq. Indi dövlət köçkünlər üçün mənzil tikirsə, niyə ayrı-seçkilik edilməlidir?”.
Ibrahim Quliyev onu da bildirdi ki, sözügedən yataqxanada Füzuli rayonunun Horadiz kəndindən olan 18 ailənin hər biri mənzillərlə təmin olunub: “Çoxlarının sənədlərinə diqqət edilmədi. Qanunla neçə otaqlı mənzil düşürsə, o verildi, ancaq bizə yox. Halbuki, o ailələrin əksəriyyətinin Horadizdə evləri təmir-bərpa olunub”.
Bölgü zamanı ədalətsizliyin olduğunu deyən şikayətçi bildirir ki, yataqxananı tərk etməyən ailələrə təzyiq edirlər: “Bizim buradan çıxmağımız üçün işıq, su, qaz xətlərini kəsiblər. Məqsəd bezib getməkdir. Ancaq biz haqqımızı tələb edirik”.
Zirzəmidə yaşayan köçkünü necə aldatdılar?
Cəbrayıl köçkünü olan Nailə Ağakişiyeva deyir ki, yataqxanaya ilk köçən ailələrdəndir: “Bura gələndən sonra üç qızımı gəlin köçürmüşəm. Sonuncu köçürdüyüm qız buranın qeydiyyatındadır. Iki oğlum var. Biri Türkiyədə təhsil alır, o biri hərbi xidməti təzə başa vurub, işsizdir”.
Şikayətçi onlara iki otaqlı mənzil verildiyini, ancaq bunu qəbul etmədiyini bildirir: “Bizi siyahıya alıb iki otaqlı mənzil verdilər. Hər şey tələm-tələsik olduğu üçün köçdük. Ancaq sonradan öyrəndik ki, bu barədə hökumətin qanunu var imiş. Yəni ailədə yaşı 20-dən artıq olan oğlan uşağına görə bir otaq əlavə verilməlidir. Bunu biləndən sonra oradan çıxdıq. Çünki uşağı orta məktəbdə oxuyan məcburi köçkünlərə bir otaq artıq verilib, ancaq bu bizə bu şamil olunmur. Bizə deyirlər ki, siz artıq köçmüsünüz, qeydə alınmısınız, daha böyük mənzil verilməyəcək. Mən isə köçən deyiləm. Əvvəl bilmirdim, qanundan xəbərim yox idi, bizə edilən güzəştdən xəbər tutandan sonra bundan imtina etməli oldum”.
Sözügedən ünvanın yaxınlığında tikilən binanın zirzəmisində yaşayan Füzulidən məcburi köçkün Xalisə Qarayevə bizimlə söhbətində ona, ümumiyyətlə, mənzil verilmədiyini deyir: “Qəbul günü getmişdim ”Qaçqınkom”a. Füzuli rayonundan olan nümayəndə məni içəri buraxmadı. Dedilər ki, şikayət etməyin, problemim həll oluanacaq və biz üç nəfərlik ailəyə iki otaqlı mənzil veriləcək. Məni aldatdılar. Indi isə mənzil vermirlər. Deyirlər ki, guya biz birotaqlı mənzildən imtina etmişik. Halbuki belə təklif edilməyib”.
Məcburi köçkünə başqa binanın zirzəmisində yaşamağı da irad bildiriblər: “Əvvəla, qaçqın hər yerdə qaçqındır. Burada yaşadıq, yoxsa başqa bir yerdə. Ikincisi də ümumi yataqxanada yer olmadığı üçün məcbur olub bura köçdük. Daha sonra orada otaqlar boşalanda köçmədik”.
***
Məcburi köçkünlər bildirdilər ki, mənzillər təmir olunsa da əksəriyyəti damır. Bununla bağlı “Qaçqınkom”a müraciət edəndə isə onlara “ev vermişik, gedin özünüz təmir edin!” cavabını veriblər.
Məsələylə bağlı “Qaçqınkom”a telefon açdıq. Komitənin saytında (http://www.refugees-idps-committee.gov.az/) qeyd edilən 430 09 25 nömrəsi ilə əlaqə saxladıq. Özünü təqdim etməyən, ancaq növbətçi olduğunu deyən şəxs iş günü əlaqə saxlamağı məsləhət gördü.
Ramin DEKO


