Cəmil Həsənli Lalə Şövkət və Sülhəddin Əkbərlə görüşüb

ACP və ALP Milli Şuranın vahid namizədinə sona qədər dəstək verəcək

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli Azərbaycan Liberal Partiyasının(ALP) lideri Lalə Şövkət Hacıyeva ilə görüşüb. Bu barədə “Azadlıq”a ALP sədri Əvəz Temirxan bildirib. Onun sözlərinə görə, görüş 2 saat çəkib: “Əvvəlcə Lalə xanımla Cəmil bəy arasında təkbətək görüş olub.
Daha sonra mən, ALP-nin sədr müavinləri Eldar Muradov və Vaqif Seyidzadə də görüşə qatılıb. Görüşdə mövcud ictimai-siyasi vəziyyət, xalqın, Milli Şuranın vəziyyətdən çıxış yolu müzakirə mövzusu olub. Lalə xanım bildirib ki, o, Cəmil Həsənlinin namizədliyini dəstəkləyir və ALP sona qədər onu müdafiə edəcək”.
Cəmil Həsənli dünən həmçinin Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbərlə görüşüb. ACP sədri bu barədə mediaforum.az-a bildirib ki, görüşdə Milli Şuradakı vəziyyət, seçki kampaniyasının gedişi, ACP-nin prosesdə iştirakı, maliyyə dəstəyi ilə bağlı müzakirələr aparılıb: “Cəmil Həsənli dedi ki, ACP-nin seçki kampaniyasında aktiv iştirakını istəyir. Faydalı görüş oldu, Cəmil Həsənli razı qaldı. ACP kampaniyada aktiv iştirak edəcək. Şuranın vahid namizədi də buna bir daha əmin oldu. Milli Şuranın namizədi ilə keçirilən görüşdə əldə olunan razılaşmalar Rəsul Quliyevin də mövqeyini əks etdirir. Rəsul Quliyev bildirib ki, Cəmil Həsənlinin dəstəklənməsi üçün xalqa müraciət edəcək.
ACP-nin Milli Şuradan narazılığı yoxdur. Müzakirə olunan məsələlər haqda müxtəlif mövqelər ola bilər. Rəsul Quliyevin açıqlamaları da bu kontekstdə olub. Bu, ACP ilə Milli Şura arasında münaqişənin olması anlamına gəlmir. Şura siyasi və sosial baxımdan demokratik, rəngarəng bir qurumdur. Siyasi mövqeyimizi qərar qəbul edilənədək bildirmişdik. Artıq qərar qəbul olunub, yeni mərhələdəyik. Yeni mərhələdə Milli Şuranın qərarlarına uyğun olaraq fəal iştirak edəcəyik. Seçki prosesinə Milli Şuranın namizədi Cəmil Həsənli özü rəhbərlik edir. Eyni zamanda Seçki Strateji Mərkəzi yaradılıb. Mən də ACP sədri kimi orada təmsil olunuram. Əsas qərarlar orada qəbul olunacaq”.
Müxalifət partiyalarının maliyyə imkanlarının az olduğunu vurğulayan Sülhəddin Əkbər bildirib ki, ACP Milli Şuranın namizədinə maddi dəstək verəcək.