Partiyanın bütün strukturlarının seçki prosesinə cəlb olunması qərara alınıb
Dünən AXCP Ali Məclisi Rəyasət Heyətinin (AXCP RH) iclası keçirilib. Iclasda əsasən seçki ilə bağlı məsələlər müzakirə edilib. Ilk olaraq imzatoplama kampaniyasında partiya şöbələrinin fəaliyyəti barədə hesabat dinlənilib və görülən iş qənaətəbəxş hesab edilib.
AXCP Ali Məclisinin növbəti sessiyasının sentyabrın 14-ü saat 12-də keçirilməsi də iclasda qərara alınıb.
Rəyasət Heyəti Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasına yardım üçün yaradılan seçki hesabına cəbhəçilərin yardım etməsi üçün təşəbbüslərinin güclənməsini vacib sayıb. Qərara alınıb ki, Ali Məclisin keçirilən iclasında bütün rayonlar yardım kampaniyası ilə bağlı gördükləri işin hesabatlarını təqdim etsinlər.
AXCP RH seçki komissiyasında məşvərətçi və müşahidəçi olacaq şəxslərin qısa zamanda müəyyənləşdirilib həll edilməsi üçün şöbələrə təlimatların çatdırılmasını da qərarlaşdırıb.
AXCP seçki kampaniyası zamanı kütləvi aksiyalara hazır olan rayonları da müəyyənləşdirib. Həmin istiqamətdə iş aparılması üçün uyğun təkliflər Cəmil Həsənlinin seçki qərargahına təqdim ediləcək.


