ABŞ Suriya qarşısında şərt qoydu

Con Kerri: «Şərtimizi yerinə yetirsələr, hərbi əməliyyatdan vaz keçərik»

Əsma Əsədin tərcüməçisi Ermənistana qaçıb

“ABŞ Əfqanıstanda baş verənlərdən hələ də dərs götürməyib. Bir vaxtlar Əfqanıstanda ”Əl-Qaidə”yə kömək edirdilər, indi də Suriyada bunu edirlər”. Bu sözləri Suriyanın xarici işlər naziri Valid Muallem rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi birgə brifinqdə deyib.

“Indi də Suriyanı ”Əl-Qaidə”nin mərkəzinə çevirirlər”

O bildirib ki, ABŞ indi də Suriyanı “Əl-Qaidə”nin mərkəzinə çevirmək istəyir. V.Muallem müharibəyə qarşı çıxanlara təşəkkür edib: “Biz Amerika xalqının, eləcə də Roma papasının Suriyada müharibənin əleyhinə çıxmalarından çox məmnunuq. Necə olur ki, demokratiyanın çarçısı olan Amerika prezidenti Barak Obama öz xalqının səsinə qulaq asmır?!”.
Nazir “Cenevrə-2″ sülh konfransının keçirilməsinə hazır olduqlarını bildirib: ”Suriya münaqişəsinin sülh yolu ilə həlli imkanları hələ tükənməyib. Biz heç bir ön şərt irəli sürmədən bu konfransın keçirilməsinə razılıq vermişik. BMT Təhlükəsizlik Şurasının ekspertlərindən ibarət kommisiyanı da qəbul etməyə hazırıq”.
V.Muallem BMT Təhlükəsizlik Şurasına Suriyada silahlı döyüşçülərin törətdikləri cinayətlər barədə saysız-hesabsız müraciətlər etdiklərini də söyləyib.   
Sergey Lavrov isə bildirib ki, Suriya münaqişəsinin sülh yolu ilə həll olunmasına həsr olunan “Cenevrə-2″ konfransının keçirilməsi hələlik alınmır: ”Bu nə Rusiyanın, nə də Suriya hökumətinin günahıdır. Konfransın keçirilməsinə Suriya müxalifəti razılıq vermir. Tərəfdaşları onları ya yola gətirə bilmirlər, ya da ki, yola gətirmək istəmirlər”.
Onun sözlərinə görə, suriyalılar arasında dialoq vacibdir: “Bu, münaqişənin sülh yolu ilə həllində ən vacib addımdır. Əgər Suriyaya zərbə endirilsə, ”Cenevrə-2″ sülh konfransının keçirilməsi mümkün olmayacaq”.

Lavrov Əsəd rejiminin müdafiəsində…

S.Lavrov BMT baş katibinin ekspertlərin Suriyaya geri qayıtması ilə bağlı çağırışını dəstəklədiklərini vurğulayıb: “Biz təkid edəcəyik ki, Suriyada kimyəvi silah tətbiq edilməsini araşdıran BMT müşahidəçiləri öz işlərinə başa çatdırmaq üçün Dəməşqə qayıtsınlar. Ekspertlər kimyəvi silahın tətbiq olunması ilə bağlı araşdırmalarını başa çatdırmalıdırlar”.
Rusiya XIN başçısı avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silah tətbiq edilməsi ilə bağlı hadisənin qabaqcadan hazırlandığını söyləyib: “Beynəlxalq komissiyanın üzvü Del Ponti tərəfindən aparılan peşəkar qiymətləndirmələr var. Onun əlində silahlı döyüşçülər tərəfindən kimyəvi zəhər vasitələrinin tətbiqi ilə bağlı dəlillər mövcuddur. 21 avqustda baş verən hadisənin qabaqcadan hazırlanması ilə bağlı nəhayət ki, əlimizdə faktlar var”.
S.Lavrov Suriyada silahlı döyüşçülərin törətdikləri cinayətlər barədə çoxlu faktın olduğunu da söyləyib: “Bu barədə kifayət qədər dəlil, sübut var. Döyüşçülər özləri törətdikləri cinayətin videogörüntüsünü internetə yerləşdirirlər. Onların kimyəvi silah tətbiq etməsi ilə bağlı da ortaya faktlar çıxıb”(APA).

Britaniya parlamentində təkrar səsvermə ola bilər

Britaniya parlamenti Suriya məsələsini təkrar səsə qoya bilər. Bu barədə bəyanatı Britaniyanın xarici işlər naziri Villiam Hague verib. O bildirib ki, millət vəkillərinə Suriyaya hərbi müdaxilədə Londonun iştiraklına dair məsələyə yenidən baxmaq şansı verilə bilər. Bununla belə, xarici işlər naziri deyib ki, hökumət məsələni ikinci səsverməyə yalnız müxalif leyboristlərin təminatı olduqda çıxaracaq: “Biz demokratıq, parlament sözünü deyib və bizim də geriyə dönmək fikrimiz yoxdur. Lakin vəziyyət dramatik şəkildə dəyişərsə, biz, əlbəttə məsələlərə fərqli baxa bilərik”.
Xatırladaq ki, Britaniya parlamenti Suriyaya hərbi müdaxilədə ölkənin iştirakı əleyhinə səs verib.
Xarici işlər naziri müxalifəti fürsətçilikdə və siyasətbazlıqda ittiham edib. O bildirib ki, leyboristlərin ikinci səsvermədə də eyni mövqeyi tutmayacaqlarını kimsə vəd edə bilməz. Ötən həftə baş nazir David Kameron da parlamentin mövqeyini tənqid etmiş, lakin bildirmişdi ki, onun bu məsələni ikinci dəfə səsverməyə çıxarmaq niyyəti yoxdur. Lakin xarici işlər nazirinin son bəyanatı göstərir ki, Kameron Sankt-Peterburq sammitindən sonra fikrini dəyişmiş ola bilər. Həmin sammitdə Vladimir Putinin Britaniyanı və David Kameronu az qala, lağa qoyması, ölkənin “əhəmiyyətsiz balaca ada” adlandırılması və parlamentin baş nazirdən fərqli düşündüyünün vurğulanması Britaniya ictimaiyyəti tərəfindən kifayət qədər hiddətlə qarşılanıb.
Fərq bundadır ki, Putinin ürək sözlərini onun mətbuat katibi Peskov açıqlamışdısa, Kameronun yeni mövqeyini Hague bildirir. David Kameron Sankt-Peterburqda Britaniya millət vəkillərinin mövqeyini daha sərt tənqid edərək demişdi ki, hər kəs verdiyi səsə görə mənəvi məsuliyyət daşıyır”.
Yeri gəlmişkən, Suriyaya müdaxilə məsələsinin təkrar səsverməyə çıxarılmasına bir neçə nüfuzlu naziri və London merini də çağırıb. Nəzərə alınsa ki, Britaniya parlamentində Suriyaya müdaxilə məsələsi nisbətən kiçik səs çoxluğu ilə keçərli sayılmayıb, mümkün təkrar səsvermə fərqli nəticə verə bilər. Həmin səsvermə günü bir neçə vəzifəli şəxsin parlamentə gəlməməsi Kameron tərəfindən ciddi tənqid olunub  və o hətta belə məsuliyyətsizliyi cəzalandıracağını bildirib. Bunlardan belə nəticə çıxarmaq olar ki, hakim mühafizəkarlar mümkün ikinci səsverməyə daha mütəşəkkil gələcəklər. Hadisələrin fərqli axarda inkişaf etdiyini ABŞ dövlət katibi Con Kerrinin Londona gəlişi də isbat edir.
Dövlət katibi Londona Ərəb liderləri ilə görüşünü yekunlaşdırdıqdan sonra gedib. Parisdə keçirilən mətbuat konfransında Con Kerri deyib ki, istisnasız olaraq bütün ərəb ölkələri Suriya prezidenti Bəşər Əsədin “qırmız xətti” keçməsi faktını təsdiq edirlər. Lakin Britaniya mətbuatı xəbər verir ki, Suriyaya zərbələri bütün ərəb ölkələri məqbul saymır. Məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Qətər Dəməşqə zərbələrə tərəfdardırlarsa, Suriyanın birbaşa qonşuları olan Iordaniya və Livan daha ehtiyatlı mövqe tutub. Parisdəki çıxışında Con Kerri Fransaya Suriya məsələsində tutduğu sərt mövqeyə görə prezident Obamanın təşəkkürlərini yetirib. O bundan əvvəl də Vaşinqtonda etdiyi çıxışında Britaniyanın adını bir dəfə də çəkməmiş, əvəzində Fransanı “Amerikanın ən köhnə dostu” adlandırmışdı. Londonda belə bəyanatlara qısqanclıqla baxırlar.

ABŞ Suriyadan nə tələb edir?

ABŞ dövlət katibi Con Kerri isə dünən maraqlı açıqlama ilə çıxış edib. O bildirib ki, Suriya malik olduğu bütün kimyəvi silahlar üzərində nəzarəti beynəlxalq ictimaiyyətə versə, bu ölkəyə qarşı hərbi əməliyyat keçirilməyə bilər”. C.Kerri britaniyalı həmkarı Uilyam Heyqlə görüşdən sonra Suriya probleminin yalnız siyasi yollarla həllinin mümkün olduğunu anladıqlarını bildirib: “Hərb yolu yoxdur, biz bu barədə illüziya qurmuruq”. Lakin dövlət katibi Suriya prezidenti Bəşər Əsədin bu şərti qəbul edəcəyinə ümid bəsləmədiyini də söyləyib. U.Heyq isə Britaniya parlamentinin Suriyaya qarşı hərbi əməliyyata yox deməsinə baxmayaraq, Vaşinqtonun bu məsələdə Londonun tam dəstəyini alacağını vurğulayıb.

“Bəşər Əsəd hansısa oyunda aldadılıb”

Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsədin erməni əsilli tərcüməçisi Miqran Bertizlyan 4 ay əvvəl ailəsi ilə birgə Ermənistana qaçıb. O, mətbuata bildirib ki, Suriyadan qaçmaq istəməsə də, ailəsinin təhlükəsizliyi üçün buna məcbur olub: “Evdən çıxanda heç xırda bir əşyamı da götürə bilmədim. Suriyanın havası, suyu, oradakı evimiz, hətta, küçələrdəki kasıbları üçün çox darıxmışam. Burada müvəqqətiyəm, özümü Ermənistanın bir parçası kimi hiss edə bilmirəm”. Miqran Bertizlyan qeyd edir ki, Bəşər Əsəd yaxşı təhsil almış insandır və o, sadəcə hansısa oyunda aldadılıb: “Əsəd demokratiya üçün çox iş görməli idi. Amma atası Hafiz Əsədə baxanda Bəşər və onun xanımı Əsma xeyli fərqlidir. Orada baş verənlərə görə çox təəssüflənirəm” (“Azadlıq” radiosu).