Milli Şura mitinq qərarı verdi (VİDEO)

18 avqust, saat 17:00; aksiyanın ünvanı elan olunacaq

Şura üzvləri qızğın müzakirələrdən sonra yeni vahid namizəd müəyyənləşdirməyi təxirə saldı

Demokratik Qüvvələrin Milli Şurasının dünən növbəti sessiyası keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilən sessiya mətbuat üçün qapalı oldu. Dörd saatlıq toplantıdan sonra mediaya iclasın yekunlarına dair məlumat verildi.
KXCP sədri Mirmahmud Mirəlioğlu brifinqdə bildirdi ki, Milli Şura üzvləri budəfəki sessiyada ölkədə hazırkı ictimai-siyasi durumu dəyərləndirərək, qarşıda duran vəzifələrə  aydınlıq gətirdi: “Bizim bir sıra mühüm qərarlarımız oldu. Qərarlarımız Milli Şuranın vəzifələrinin necə yerinə yetirilməsinə yönəlib. Bütün işlərimizi Milli Şuranın vahid namizədinin qələbəsinə qədər aparmaq, qələbə əzmi ilə bu işimizi başa çatdırmaq niyyətindəyik. Sessiyada həmçinin ölkədə vətəndaşların hüquqlarının pozulmasıyla bağlı məsələlər də müzakirə edilərək, qərarlar qəbul olundu. Bildiyiniz kimi, Milli Şura üzvlərindən bəziləri həbsdədir. Müsavat partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslını iki gündür həbs ediblər. Bu olaya sessiyada münasibət bildirildi. Eyni zamanda, son vaxtlar vətəndaşların mülkiyyət hüququyla bağlı üzləşdiyi problemlərə toxunuldu. Toplantı iştirakçıları həmçinin AXCP sədri Əli Kərimlinin evinə olan qanunsuz müdaxiləyə münasibət bildirərək, bunu pislədilər”.

M.Mirəlioğlunun sözlərinə görə, Milli Şura mitinqlə bağlı mühüm qərar qəbul edib. Mitinq avqustun 18-nə təyin olunub, bu istiqamətdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Toplantıda eyni zamanda, növbəti sessiyanın vaxtı da müəyyənləşdirilib. Milli Şuranın növbəti sessiyası avqutsun 19-da keçiriləcək.
Bundan başqa, Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyovun Milli Şura üzvlərinə ünvanladığı son məktubun da müzakirə olunduğunu deyən M.Mirəlioğlu vurğuladı ki, bu və digər məsələlərlə bağlı fikir ayrılığı olmayıb.
Milli Şuranın alternativ namizədlərin müəyyənləşdirilməsi istiqamətində hər hansı qərar qəbul edib-etmədiyi haqda suallara gəlincə, KXCP sədri bildirdi ki, Rüstəm Ibrahimbəyovun namizədliyinin sona qədər müdafiə olunmasına qərar verilib: “Müzakirələr zamanı bu məqam xüsusi qeyd olundu ki, Rüstəm Ibrahimbəyovun namizədliyi sona qədər müdafiə olunacaq. Bu və ya digər məsələlər ortaya çıxa bilər ki, növbəti sessiyada onların müzakirəsi mümkündür”.
Rüstəm Ibrahimbəyovun prezidentliyə namizəd kimi qeydiyyatında yarana biləcək problemlər, ümumiyyətlə, Milli Şuranın qarşısına qoyduğu məqsədlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıyla bağlı atılan addımlar haqda Milli Şuranın Icra Apratının rəhbəri Eldar Namazov danışdı. O bildirdi ki, mitinq öncəsi Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrilə Milli Şuranın nümayəndələrinin görüşü nəzərdə tutulub. Bu görüşlərin həm Avropa, həm də MDB ölkələrinin səfirlərilə keçirilməsi planlaşdırılır: “Bu görüşlərdə biz rus diplomatlarının diqqətinə Rüstəm Ibrahimbəyovun pasport problemilə bağlı narahatlığımızı çatdıracağıq. Amma bu məsələ ilə əlaqədar Rusiyaya Milli Şura adından xüsusi müraciət etmək niyyətimiz yoxdur”.

Xəyal