Eldar Namazov “çevriliş” ittihamına cavab verdi

«Eynulla Fətullayevin yazdıqlarında həqiqət payı 2 milyonda 1-dən yuxarı deyil»

Tanınmış jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi saytda məqalə ilə çıxış edərək prezident seçkilərində İlham Əliyevi devirmək üçün hazırlanan planın üstünün açıldığını iddia edib. Planın Rusiyada hazırlandığını iddia edən jurnalist onun iştirakçısı kimi bir sıra tanınmış şəxslərin, o cümlədən baş nazirin keçmiş müavini Abbas Abbasovun, «Milyarderlər İttifaqı»nın üzvü Vahid Ələkbərovun, sabiq baş prokuror və Serbiyadakı indiki səfir Eldar Həsənovun, sabiq spiker Rəsul Quliyevin, həmçinin «El» Hərəkatının sədri Eldar Namazovun, Milli Şura sədri Rüstəm İbrahimbəyovun da adlarını çəkir. E.Fətullayevin iddiasına görə, Rusiyanın «çevriliş planı» bu ölkənin Prezident Administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodin tərəfindən idarə olunur. “Volodin planının” Azərbaycandan olan əlaqələndiricisi isə Eldar Namazovdur. Jurnalistin yazdığına görə, “Azərbaycandakı sabitliyi pozub vəziyyəti gərginləşdirmək üçün ayrılmış ilk 20 milyon dollar da Eldar Namazovun nəzarətinə keçib”.
Yazıda adı çəkilən başqa şəxslərlə əlaqə saxlaya bilməsək də «El» Hərəkatının rəhbəri Eldar Namazovdan iddialara münasibətini soruşduq.

Eldar Namazov Eynulla Fətullayevin yazısında həqiqətlə uydurmaların balansını müəyyənləşdirmək üçün konkret bir epizoda şərh verdi: «Eynulla öz məqaləsində oxucular üçün bir az inandırıcı görsənmək üçün deyir ki, Eldar Namazov Londonda hansı xərclərdən söhbət getdiyini bilir. Həqiqətən də son 5 ildə bir dəfə Londonda xərc çəkmişəm, bunu boynuma alıram və təkzib də etmirəm. Konqresin Helsinki Komitəsində dinləmələrə qatılmaq üçün Vaşinqtona London vasitəsilə uçdum. Vaşinqtona uçanda London hava limanında 3 funt sterlinqlik yüngül səhər narahı etdim. Vaşinqtondan qayıdanda da 4-5 funt sterlinqlik narahat etdim. Təqribən 10 dollara yaxın Londonda xərcim çıxdı. Eynulla Fətullayev 20 milyon dollardan söhbət açır. 20 milyonu 10-a böləndə 2 milyona 1 düşür. Deməli, Eynullanın hər 2 milyon sözündən 1-i həqiqətdir. Yazının qalan hissələrində də həqiqət payı 2 milyonda 1-dən yuxarı deyil».
E.Namazov bu məqalədə göstərilənlərin E.Fətullayevin ilk uydurması olmadığını, bu tip yazıların artıq silsilə xarakter daşıdığını da qeyd etdi: “Artıq Azərbaycan cəmiyyətində həm müəllifə, həm də onun yazdıqlarına aydın münasibət formalaşıb. Bu münasibəti nəzərə alaraq, onun yazdıqlarına ətraflı cavab verməyə ehtiyac duymuram. Bu tipli yazılar hakimiyyətə çağırışdır ki, niyə filankəsə qarşı ölçü götürmürsüz, həbs etmirsiz.
Onun nə səbəbdən bu tip yazılar yazmasını aydınlaşdırmaq üçün Ziqmund Freyd səviyyəsində psixiatrik təhlil lazımdır ki, bu hansı komplekslərdən qaynaqlanır. Başına hansı hadisə gəlib ki, belə nifrətlə yalançı böhtanlarla yazılar yazır. Buna normal təfəkkür, siyasi təhlillə cavab vermək çox çətindir».

E.Fətullayev «çevriliş planının» Prezident Administrasiyasının keçmiş işçisi, hazırda həbsdə olan Akif Muradverdiyevin etiraflarından sonra ifşa olunduğunu da iddia edir. Bu iddialara cavab almaq üçün isə Muradverdiyevin vəkili Fuad Ağayevə müraciət etdik. Vəkil yazılanları jurnalist təxəyülünün məhsulun adlandırdı. “Akif Muradverdiyə qarşı cinayət məcəlləsinin 206.1 maddəsi, yəni qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb. O da bu ittihamı qətiyyətlə rədd edir. Cinayət məcəlləsinin başqa maddələrindən, yaxud onun hansısa etirafedici ifadələrindən söhbət gedə bilməz”.

Fizzə