Milli Şura üzvləri AXCP-nin qərarına dəstək verdi

“Bu, indiki situasiyada ən düzgün qərardır”

AXCP Ali Məclisi avqustun 10-da keçirdiyi sessiyada seçkiyə hazırlıq və seçkidə iştirakın formalarını müzakirə edərək, mühüm qərar verib. Qərara əsasən, AXCP Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovu sonadək dəstəkləyir. Lakin İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı və onun özünün də məqsədə uyğun saydığı təqdirdə AXCP təklif edir ki, Milli Şura yenidən vahid namizəd müəyyənləşdirərək seçkilərə bir qüvvə kimi getsin. Ölkə müxalifətinin birlik modeli olaraq Milli Şuranın qorunub-saxlanması prioritet vəzifə elan olunsun.
AXCP Ali Məclisinin situasiyaya uyğun olaraq qəbul etdiyi qərarla bağlı Milli Şura üzvlərinin münasibətini öyrəndik.

«AXCP çox düşünülmüş və yetkin qərar qəbul etdi»

Milli Şuranın Qarabağ komissiyasının sədri Cəmil Həsənli hesab edir ki, AXCP-nin sərgilədiyi bu mövqe situasiyaya tam uyğundur: «AXCP-nin Ali Məclisi çox düşünülmüş və yetkin qərar qəbul etdi. Mövcud vəziyyətdən çıxış yolları düzgün arandı. AXCP Ali Məclisinin qəbul etdiyi bu qərar indiki situasiyada ən düzgünüdür».

«Əli Kərimli əxlaqlı siyasət yürüdən çox az şəxslərdən biridir»

Milli Şuranın üzvü, «Ziyalılar Birliyi»nin sədri Eldəniz Quliyev isə hesab edir ki, bu cür qərarlar qəbul olunarkən Azərbaycan reallığını nəzərə almaq lazımdır: «Təbii ki, biz Rüstəm İbrahimbəyovun pasportla probleminin tez bir zamanda həll olunmasını istəyərdik. Çünki Milli Şuranın Rüstəm bəydən savayı vahid namizəd irəli sürəcəyi bir qədər real görünmür. Ona görə yox ki, Milli Şuranın digər namizədi yoxdur. Ona görə ki, Milli Şuranın prinsipi, fəlsəfəsi Rüstəm İbrahimbəyovun cazibə qüvvəsi ətrafında birləşməyə hesablanıb. Milli Şuranın sessiyasında Rüstəm bəyin vahid namizədliyinə 99.9 faiz «hə» deyildi. Vahid namizəd məhz o cür olmalıdır. Amma digər variantları da fikirləşmək olar. Milli Şuranın əsasnaməsində «əsas namizəd» anlayışı var».
AXCP-nin sərgilədiyi mövqeyə gəlincə, E.Quliyev ümumilikdə bu partiyanın və onun sədrinin seçki öncəsi situasiyada adddımlarını təqdir edir: «AXCP-nin və onun sədri Əli Kərimlinin Rüstəm İbrahimbəyov haqqında mövqeyi həmişə ləyaqətli olub. Sevindirici haldır ki, bu gün Azərbaycanda həqiqətən də əxlaqlı siyasəti təmsil edən siyasətçilər var. Bu cür əxlaqlı siyasət yürüdən çox az şəxslərdən biri də məhz AXCP sədri Əli Kərimlidir».

«AXCP-nin yanaşması ən düzgün və sağlam mövqedir»

Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli də hesab edir ki, ən düzgün və sağlam mövqe AXCP-nin nümayiş etdirdiyi yanaşmadır. G.Hacıbəyli dedi ki, Milli Şura vahid namizəd ideyası ətrafında yaranıb. Cəmiyyətdə də uzun müddət belə bir fikir olub ki, siyasilər öz aralarında razılığa gələ bilmədiyindən, neytral mövqeli, cəmiyyətdə böyük nüfuzu olan bir namizəd irəli sürülməlidir. Bu baxımdan Milli Şuranın vahid namizədi bütün siyasi qüvvələrin birləşmə nöqtəsi olmalıdır. Bu baxımdan ən uğurlu namizəd kimi Rüstəm İbrahimbəyov irəli sürüldü: “Biz əgər geriyə addım ataraq fərqli namizədlər və fərqli qüvvələrlə seçkiyə gedəcəyiksə, o zaman Milli Şuranın mövcudluğunun bir anlamı qalmayacaq. Milli Şura Azərbaycanın avtoritarizmdən demokratiyaya keçidi üçün yaradılıb və vahid namizəd bizi birləşdirən bir ideyadır. Bizim ən böyük arzumuz odur ki, Rüstəm bəy vətəndaşlıq problemini həll etsin və Azərbaycana gəlsin. Bu zaman bütün suallar cavabını tapacaq. Amma bu baş verməyəcəksə, seçkilərə rəsmi start verilsə də, Rüstəm bəyin vətəndaşlıq məsələsi həllini tapmayacaqsa, Milli Şura başqa bir vahid namizədlə seçkiyə getməyi düşünməlidir».

«Seçkiyə vahid namizədlə qatılmaq vacib şərtdir»

Milli Şuranın üzvü Mirvari Qəhrəmanlı da vurğuladı ki, müxalifət bu seçkilərə vahid namizədlə qatılmalıdır. Müxalifətin əldə etdiyi birliyin dağılmaması üçün seçkiyə vahid namizədlə qatılmaq vacib şərtdir: «Öncə sona qədər Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasına çalışmaq lazımdır. Əgər buna istər Rusiya, istərsə də Azərbaycan hakimiyyəti tərəfindən süni maniələr yaradılsa, o zaman başqa bir şəxsin Milli Şuradan vahid namizəd kimi verilməsi mümkündür. Amma o şəxs heç bir siyasi partiyanın lideri olmamalıdır».

Xəyal