Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı 12 yanvar 2013-cu ildə “Əsgər Ölümlərinə Son” dinc aksiyasında iştirak etdiyinə görə qanunsuz olaraq, 500 AZN məbləğində cərimlənmişdi, lakin bu aksiyadan sonra onun barəsində çıxarılan heç bir məhkəmə qərarını haqlı olaraq yerinə yetirmədiyi üçün Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 15 sutka inzibati həbs qərarı verildi. Tural Abbaslıya qarşı qanunsuzluq bununla bitməyib. O, cəzasını çəkdiyi Binəqədidə yerləşən Saxlanma Təcridxanasında işgəncə və zorakılıqlarla üzləşib. Belə ki, Tural Abbaslı təcridxanada 3 gün əli qandallı saxlanılıb və yeməkdən məhrum edilib, yaxınları ilə və vəkili ilə görüşə icazə verilməyib.
AXCP Gənclər Komitəsi Tural Abbaslıya qarşı tətbiq edilən işgəncə və zorakılığı şiddətlə qınayır və bildirir ki, bu hal hakimiyyətin müxalif, azadfikirli gənclərə qarşı apardığı iyrənc planlı siyasətin tərkib hissəsidir. Məqsəd gəncləri çəkindirmək, onların sıralarının genişlənməsinin qarşısını hər cür üsulla almaqdır. Məhkəmə qərarlarının illərlə icra edilmədiyi bir ölkədə Turalın məhkəmə qərarlarını icra etmədiyini əsas gətirib tez-tələsik barəsində inzibati həbs qərarının verilməsi bu həbsin siyasi sifarişli olduğunu sübut edir. Eyni zamanda, konstitusiya ilə, beynəlxalq müqavilələrlə, yerli qanunvericilik və təcridxananın daxili nizamnaməsi ilə təminat verilən hüquqlarını kobud sürətdə pozaraq ona qarşı işgəncə və zorakığın tətbiq edilməsi tapşırığının “yuxarılardan” gəldiyi şübhə doğurmur. Bu həmin təcridxanada müxalif gənclərə qarşı tətbiq edilən ilk zorakılıq faktı deyil.
AXCP Gənclər Komitəsi Tural Abbaslıya qarşı tətbiq edilən zorakılığın, həm də prezident seçkilərinə 2 ay qalmış gənclərin fəallığının qarşısının alınması məqsədi daşıdığını bildirir və qeyd edir ki, bu cür kobud qanun pozuntularının törədilməsi indidən ədalətli seçki mühitinin yaradılacağı və ədalətli seçkilər keçiriləcəyini sual altında alır, hakimiyyətin ədalətli seçki keçirmək niyyətində olmadığını bir daha sübut edir.
AXCP Gənclər Komitəsi hakimiyyətdən bu zorakılığı durdurmağı, gənc fəalı azad etməyi tələb edir, bütün digər gənclər təşkilatlarından Tural Abbaslıya qarşı tətbiq edilən bu zorakılığı diqqətdə saxlamağı xahiş edir, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri kobud sürətdə pozaraq zorakılıq tətbiq etdiyi üçün beynəlxalq təşkilatları da bu qanunsuzluğa münasibət bildirməyə çağırır.


