Üç təhlükəli video…

Dünən axşam FB-da, xətalı kimi, dalbadal üç video izlədim. Baxdıqca hər birini ayrılıqda paylaşmaq istəyirdim, lakin Bayram axşamı olduğundan fikrimdən daşındım. Bütün gecəni videoda olan vəhşiliklər gözümün önünə gəldikcə paylaşmadığımı düz saydım. Özümün gecəmi bərbad etdim, heç olmasa başqaları rahat yatdılar. Birinci videoda bir sürücü avtomobili ilə at balasının ayağını dizdən aşağı qopardıb qaçmışdı. İkincidə bir ayağı şikəst olan, insanlara fayda verən eşşəyə, bir neçə faydasız gənc zülm etməkdən “zövq” alırdılar. Üçüncü video isə ən dəhşətlisi idi. Burada bir neçə nəinki cəmiyyət üçün faydasız, hətta təhlükəli olan gənc məxluqlar bir iti dəmir turba ilə başına vura-vura öldürüb, etdikləri vəhşilikləri lentə alırdılar. Bu halların hər biri ayrılıqda çox təhlükəlidir və Dövləti, cəmiyyəti narahat etməlidir.Həyat təcrübəmdən bilirəm ki, vəhşilik, qəddarlıq, qeyri-insani rəftar bu gün günahsız heyvana qarşıdırsa, sabah insanlara qarşı olacaq. Hələ heyvanların da Allah tərəfindən yaradııldığını və onun öz cəzasının olacağını demirəm. Bu acınacaqlı əməllərlə bağlı məni sevindirən bir məqam da oldu. O da sosial şəbəkədəki münasibət idi. Hamı bir nəfər kimi baş verənləri lənətlədi. Valideynlərin, Təhsil nazirliyinin, hüquq mühafizə orqanlarının görəcəyi işi sosial şəbəkə gördü. Əminəm ki, sosial şəbəkə hələ xalqımız üçün çox faydalı iş görəcək və bu işlərin daha səmərəli olması bizim hər birimizdən asılıdır. Bir daha hamıdan xahiş edirəm. Sosial şəbəkədən daha aktiv istifadə etmək lazımdır. Nəinki bu cür halları, həyatda gördüyümüz bütün haqsız, ədalətsiz əməlləri sosial şəbəkədə paylaşmaq lazımdır. Özüm bu günlərdə sosial şəbəkə vasitəsilə vətəndaşlıq nümunəsi olan Fuad Axundovun Bakının tarixi haqqında hansı zövqlə, həvəslə, cəlbedici şəkildə xarici qonaqları məlumatlandırdığını səhifələrimdə yaymışdım. Həmin məlumatın sonradan necə paylaşıldığını, şərh edildiyini gördükdə qədirbilən insanlarımızla qürur duydum.

P.S. Sosial şəbəkənin bu cür faydalı işlərini gördükcə, onların məhdudlaşdırılması fikrinin cəmiyyət üçün nə qədər zərərli olduğunu görməmək artıq korluqdur.