Nazirlərdən hansı maaşından imtina edib?

Hökumət nümayəndələri içində Ivanişvilidən nümunə götürən yoxdur

Biz tez-tez eşidirik ki, müxtəlif ölkələrin yüksək çinli məmurları, müəyyən problemlərin həlli üçün öz maaşlarından imtina edirlər. 

Məsələn, Yaponiyanın baş naziri Naoto Kan zəlzələdə dəyən zərərə kömək məqsədi ilə öz maaşından imtina etmişdi. ABŞ-ın dövlət katibi Con Kerri isə öz maaşından 9000 dollar xeyriyyə təşkilatlarına bağışlayır. Italiyanın baş naziri Makio Monti də öz maaşından imtina etmişdi. Son olaraq isə Gürcüstanın baş naziri Bzina Ivinaşvili öz maaşından imtina etdiyini açıqladı. Bu cür faktlar çoxdur. Biz sadəcə bir neçə fakta nəzər saldıq.

Bəs, Azərbaycanda real vəziyyət necədir?

Bu ölkədə nazirlərin, komitə sədrlərinin ən varlı adamlar olduğu heç kimə sirr deyil. Hətta vətəndaşlar hansı şirkətin, şadlıq sarayının, mətbuat orqanının hansı məmura mxsus olduğunu da bilir. Yəni bizim məmurlar əmək haqqı almadan da yaşaya bilərlər və bu maaşa ehtiyacları da yoxdur.

Bəs, Azərbaycanda hansı nazir, məmur belə bir jest edib və yaxud edə bilər?

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirdi ki, bu baradə onda heç bir məlumat yoxdur: “Mənim belə bir addımdan xəbərim yoxdur. Bir də ki, mən sədrin ürəyinə girməmişəm ki, onun nə fikirləşdiyindən agah olum. Hələ ki belə bir addım atılmayıb”.

Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin mətbuat rəhbəri Müşviq Əmirov hesab edir ki, bu, könüllülük prinsipi əsasında olmalıdır: “Hələ ki, nazir belə bir təşəbbüs göstərməyib. Bu, könüllülük əsasında olmalıdır və hər bir adamın şəxsi işidir. Ancaq belə bir zərurət yaranarsa, nazir də gərəkən addımları ata bilər”.

ARDNŞ-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirdi ki, Rövnəq Abdullayev, ümumiyyətlə, maaş almır: “Rövnəq Abdullayev neft şirkətindən heç bir əmək haqqı almır. Rövnəq müəllim Milli Məclisdən maaş alır”.

XIN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu suala şərh verməyin düzgün olmadığını, bunun şəxsi məsələ olduğunu bildirdi: “Bu suala cavab vermək, mənim səlahiyyətlərim daxilində deyl. Maaşdan imtina etmək, hansısa xeyriyyəçiliyə sərf etmək nazirin şəxsi təşəbbüsü olmalıdır. Ancaq, inanıram ki, Azərbaycanda kifayət qədər məmur var ki, xeyriyyəçilik etməyə hazırdı”.

Mərkəzi Bankdan bildirdilər ki, bu sualı onların elektron ünvanına göndərmək lazımdır. Və onlar da yazılı surətdə cavablandırmalıdılar.

Əmlak Komitəsinin mətbuat katibi Qulu Xəlilov bildirdi ki, bu kimi suallara cacvab verə bilməz. Çünki bu suala cavab vermək onun səlahiyyətlərinə daxil deyil.

Digər nazirliklər və qurumlara zəng etsək də, zəngimizə cavab verilmədi.

Ilham Hüseyn