«Mobil Nömrələrin Daşınması Sistemi»nə keçid qalmaqal yaradıb
«Sistemə keçiddən sonra operatorlar qiymət siyasətlərinə, keyfiyyət və xidmətin çeşidinə yenidən baxmalı olacaqlar»
Rabitə və Informasiya Texnologiyaları Nazirliyi ilə mobil operatorlar arasında daşınan nömrə sisteminə keçidlə bağlı qalmaqal səngimir. RITN Əli Abbasovun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq mobil operatorların bu sistemə keçidi ləngitməsi artıq nazirliyi qəti addımlar atmağa vadar edir. Görünür, qurum niyyətində ciddidir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov mobil operatorlara hər hansı güzəşt edilməyəcəyini və məhkəməyə hazırlıq işlərinin aparıldığını deyib. Sənədlər hazır olan kimi məhkəməyə müraciət ediləcək.
Qeyd edək ki, ölkədə “Mobil Nömrələrin Daşınması Sistemi”nə keçid avqust ayının 1-dən etibarən baş tutmalı idi. RITN bir neçə dəfə bu vaxtı uzatsa da, hələ ki mobil operatorlardan bu xidməti yalnız Baksel şirkəti tətbiq edir.
RITN-dən verilən məlumata görə, hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi ləngiyir. Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və Informasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub.
RITN ilə mobil operatorlar arasında baş verən anlaşılmazlığın nə ilə nəticələnəcəyini indidən demək çətindir. Məlum olan odur ki, Əli Abbasov bu toqquşmada mobil operatorları himayə edən güclərlə, yəni hakim ailəyə yaxınlığı ilə seçilən oliqarxlarla üz-üzə gəlməli olacaq. Kimin kimə güc gələcəyini isə yaxın zaman göstərəcək.
Operatorların bu sistemə keçməkdə maraqlı olmaması nə ilə bağlıdır?
Mütəxəssislər sistemə keçid zamanı mobil rabitə bazarında ciddi çalxalanmalar baş verə biləcəyini deyir. Digər ölkələrin təcrübəsi də bunu deməyə əsas verir. Bir mobil operatorun göstərdiyi xidmət və tariflərdən narazı qalan abunəçilərin digər operatora kütləvi şəkildə keçidi baş tuta bilər. Sistemə keçiddən sonra operatorlar qiymət siyasətlərinə, keyfiyyət və xidmətin çeşidinə yenidən baxmalı olacaqlar. Hansı operatorun xidməti daha ucuz, ələ çatımlı olsa, bu dəyişklikdən həmin operator qazanacaq və istifadəçilərin sayı xeyli artacaq. Yəni istənilən halda abunəçilərin bölgüsündə müəyyən dəyişiklik olacaq. Görünür, mobil rabitə bazarına nəzarət edən oliqarxlar riskə getmək istəmədiyindən bu prosesə keçidi uzadır.
Fizzə


