Hakimiyyəti qorxudan

Əski zamanlardan şəhər evlərində yaşayanlar yaxşı xatırlayar. O vaxtlar mənzillərin eyvanları, yəni balkonları açıq olardı. Adamlar eyvanda balaca masa qoyar, illah da yay aylarında, oturub çay içər, təmiz hava alar, nərd atar, bəzən evə gələn qonağı da balkona çıxarardılar ki, bir-birinin ayağına dolaşmasınlar. Onsuz da şəhər evlərinə gələn qonaq sayı ya bir olardı, ya iki. Rayon adamları şəhərdə bir dost-tanışın evinə gedəndə sıxılardı, deyərdilər ki, o “spiçka karobkasında da adam yaşar? Zalım uşaqları özlərini qəfəsə salıblar…”. Sonradansa özləri yavaş-yavaş rayondan üzü qutuya, üzü qəfəsə doğru axışmağa başladı. Bir az keçdi, balkonları hördülər, qapadılar ki, orada qıraq gözdən iraq olsunlar. Evin məhrəmini gərək yad göz görməsin.

O çağların adamları bağ evlərini də yəqin yaxşı xatırlayır. Adi məftildən çəpərlər olardı. Bu çəpərlər də sadəcə, sərhəd rolunu oynayardı. Əvvəllər kəndlərdə də beləydi. Qonşular çəpərüstü söhbət elər, birinin həyəti, evi o birinin ovcunun içində olardı və bu, kimsəni sıxmazdı. Çünki o zamanlar ürəklər də bu cür açıq idi və kimsənin kimsədən gizləyəcəyi bir şeyi yox idi. Yoldan keçəni də görüb səslər, çaya, nahara dəvət edərdilər. Əslində, hamı çalışardı ki, qonşu hər şeyi görsün və bilsin ki, qonşusu necə adamdı.

Sonra daş hasarlar, qapalı balkonlar, iri dəmir darvazalar… Sonra bu hasarlar dövlət səviyyəsinə çatdı. Dövlət başçısı az qala bütün ölkəni hasara aldırdı. Onun keçdiyi yollar elin gözündən gizlədildi.

Niyə? Gizləmək istədikləri nədir? Bu adamlar dövlətdən, dövlət öz vətəndaşlarından niyə gizlənir? Bir-birinin yanında hansı suçları var? O suçları biz bilirik. Elə vətəndaşın da, dövlətin başında duranların da. Ama o suçları qəlbi hasarlarla gizləmək olmaz ki! Demək, səbəb suçları gizləmək deyil.

Elə isə, nə?

Dünən Bakının mərkəzində bir qəribə olay baş verib. Aznews.az bu olayın xəbərini belə adlandırıb: “Polis Bakıda mitinq ab-havası yaratdı”. Əslində isə elə deyil. Polisə cin de, şeytan de, mitinq demə. Sadəcə, polis bizim “elə isə niyə” sualımıza cavab verib. 

Hadisə qısaca belədi ki, polis bir avtomobili saxlamaq istəyib, xanım sürücü istəyə əməl etməyib, nəhayət, qarşıda yolunu kəsib dayandırıblar. Onda xanım, maşınının şüşələrini bağlayıb, oturub içəridə. Qırğın-qiyamət, yığışan xalqın nəticəsiz qalan xahiş-minnəti və nəhayət, xanımın adamları gəlib hadisə yerinə, polisi kənara çəkib, qulağına nəsə deyib, ondan sonra polis əfəndilər ipə-sapa yatıb, dinməzcə qadını buraxıblar. Allah yolunu açıq eləsin…

Ancaq bu xanımla polisin göstərdiyi tamaşanın bir adı var. Qorxu və güvənsizlik. Bu ölkədə mövcud olan rejim elə bir durum yaradıb ki, özü də onun qurbanı olub. Rejimin başında duran öz xalqına etibar eləmir, güvənmir və ondan qorxur, vətəndaş da öz növbəsində. Hamı bir-birindən qorxur. Bir-birinə güvənmir. Vətəndaşın gücü balkonda oturmamağa, balkonu bağlamağa, qınına çəkilməyə, dövlət də hasarlar çəkməyə çatır. O xanım polisdən qorxmasa və ya güvənsəydi, bir şıltaqlıq eləyəndən, deyək ki, bir az adrenalin depolayandan sonra avtomobilini saxlar, sənədlərini təqdim edər və uzaqbaşı xırda cərimə ilə çıxıb yoluna gedərdi.

Indi təsəvvür eləyək ki, bu qarşılıqlı qorxu və güvənsizlik şəraitində prezident seçkisinə start verilir. Adamlar evlərindən çıxacaqmı? Seçkiyə gedəcəkmi? Gedəcəklərsə belə, onlarda qorxu və güvənsizlik yaratmış namizədə səs verəcəklərmi? Bu hakimiyyəti də qorxudan və saxtakarlığa məcbur edən elə bu deyilmi?