“Hər hansı gizli plandan söhbət gedə bilməz”

“Müxalifətin vahid namizədlə seçkidə iştirakının qarşısını almaq üçün bu cür addımlar atılır”

Eldar Namazov: «İlham Əliyevin Moskva səfərini gizli saxlamaq istəyirdilər»

Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığının ləğvilə bağlı proses mətbuatın əsas müzakirə mövzusu olaraq qalır. R.Ibrahimbəyov “Azadlıq”a müsahibəsində bütün imkanlardan istifadə edərək, bu prosesi sürətləndirdiyini bildirmişdi. Mətbuatda yayılan bir sıra məlumatlarda sənəd probleminin yaxın günlərdə həll olunacağı bildirilir, hətta Milli Şuranın avqustun 12-də keçiriləcək növbəti sessiyasında Ibrahimbəyovun özünün də iştirakı istisna edilmir. Bu istiqamətdə son durumu öyrənmək üçün Milli Şuranın Icra Aparatının rəhbəri, “EL” Hərəkatının sədri Eldar Namazovla söhbətləşdik:

– Milli Şuranın avqustun 12-nə təyin edilən növbəti sessiyasında çox ciddi qərarlar qəbul olunmalıdır. Bu qərarlar əsasən Milli Şuranın seçki prosesində iştirakıyla bağlıdır. Bu qərarların qəbulu üçün də bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Ilk növbədə Rüstəm Ibrahimbəyovun Moskvada pasportla bağlı qaldırdığı proses başa çatmalıdır. Onu qeyd edim ki, Milli Şuranın vahid namizədinin seçki qərargahı seçkilərə hazırlıq işlərini artıq yekunlaşdırıb. Bizim həm təşkilati, həm də təbliğat və piarla bağlı iclaslarımız keçirilib. Aparıcı partiyalarda bununla məşğul olan şəxslərin iştirakıyla iş bölgüsü aparılıb, vahid namizədin irəli sürülməsilə bağlı təşəbbüs qrupunun formalaşdırılmasından başlayaraq, sənədləşmə işləri əhatə olunub. Imza toplanmasıyla bağlı Seçki Qərargahının təşkilati məsələlər üzrə məsul şəxsləri və aparıcı partiyaların təmsilçilərinin qərarları var.
Hazırlıq işlərilə yanaşı, digər tərəfdən təşəbbüs qrupunun iclasının keçirilməsi Rusiyada gedən proseslə bağlıdır. Qarşıdan gələn sessiyada bu məsələlərə dair ciddi qərarlar qəbul olunmalıdır.
Milli Şura üzvlərinin Tbilisidəki toplantısında Rüstəm bəyə vətəndaşlıq məsələsinin hansı müddətdə həllinin mümkünlüyü haqda sual ünvanlamışdıq. O da konkret vaxt dedi. Bildirdi ki, on günə bu məsələdə tam aydınlıq olmasına çalışacaq. Bu müddət qarşıdakı bayram günlərində tamam olacaq. Ona görə də biz sessiyanı bayram günlərindən sonrakı ilk günə təyin etmişik ki, ciddi qərarların qəbuluna hazır olaq.

– Növbəti günlərdə Rüstəm bəyin Rusiya pasportu ilə bağlı problem həllini tapsa, onun Milli Şuranın sessiyasında iştirakı mümkündürmü?
– Biz Rüstəm bəylə hər gün məsləhətləşirik. Tbilisi toplantısında belə bir razılaşma var idi ki, bu məsələ ilə bağlı Milli Şura da öz sözünü deyə bilər. Amma təbii ki, Rüstəm bəy Milli Şuranın sədri və vahid namizəd kimi, bu məsələ ilə bağlı qərar verə bilər. Ona görə də mən proqnoz vermək istəmirəm. Aydın məsələdir ki, Rüstəm Ibrahimbəyov Azərbaycana qayıdacaq və bu proseslərdə fəal iştirak edəcək. Bizim istəyimiz odur ki, o, Azərbaycana konkret sənədlə qayıtsın. Burada təkcə siyasi və psixoloji deyil, eyni zamanda, hüquqi aspektlər də var. Seçki qərargahında çalışan hüquqşünasların dəfələrlə toplantısı olub və bu istiqamətdə müzakirələr aparılıb. Hər halda, növbəti sessiyaya qədər bütün bu məsələlərə aydınlıq gətiriləcəyinə ümid edirəm.

“Vaxt hələ bitməyib”

– Milli Şuranın Tbilisi toplantısında müəyyən məxfi razılaşmaların olduğu, müxalifətin “B” planının razılaşdırıldığına dair mətbuatda məlumatlar dərc olunub. Bu barədə nə deyə bilərsiniz?
– Əgər söhbət Tbilisidə Rüstəm Ibrahimbəyovla Isa Qəmbər arasında keçirilən görüşdən gedirsə, Isa bəy özü də mətbuata açıqlamasında bildirmişdi ki, o, Rüstəm bəylə görüşərək bir çox məsələləri müzakirə etmək istəyir. Eyni zamanda, Rüstəm bəy də vurğulamışdı ki, o, Bakıya dönən zaman belə bir görüş keçiriləcək. Tbilisi toplantısında belə bir görüşə imkan yarandı. Hər ikisi bu müzakirələrdən çox məmnun qalıblar. Yazıda qeyd olunan bir məqamı təsdiqləyə bilərəm ki, mən Isa bəylə Rüstəm bəy arasında keçirilən görüşə sonradan qatılmışam və biz üçümüz birlikdə xeyli müzakirələr apardıq. Bu görüşdə hər hansı gizli sövdələşmə və ya gizli plandan söhbət gedə bilməz. Çünki Milli Şuraya aid məsələlər təşkilatın sessiyasında müzakirə olunur, qərarlar qəbul edilir. Milli Şuranın daxili iş qaydaları elə qurulub ki, orada hər hansı qərarın qəbulu üçün bütün aparıcı qüvvələrin, partiyaların konsensusu olmalıdır. Amma hər kəsin öz mövqeyi, baxışları var. Digər tərəfdən, mətbuatda müzakirə olunan məsələlərlə bağlı həm Rüstəm bəy, həm partiya sədrləri, Milli Şuraya daxil olan ziyalılar, ictimai xadimlər öz fikirlərini bildiriblər.

– Rüstəm Ibrahimbəyovun pasport probleminin uzanmasının fonunda seçki gününün bir həftə önə çəkilməsi Milli Şura daxilində müəyyən müzakirələrə səbəb olub. Müsavat başqanı Isa Qəmbər yaranmış situasiyadan çıxış edərək bildirib ki, Milli Şuranın növbəti sessiyasında yeni bir intellektual namizədlə çıxış edilməsi gündəmə gətirilməlidir. Bu təşəbbüsü necə dəyərləndirirsiniz?
– Hər bir fikrə hörmətlə yanaşıram. Həqiqətən də ciddi siyasi proseslərdə iştirak edən adamlar adətən özləri üçün bir neçə ssenari müəyyənləşdirirlər. Ən optimal, orta və ya mənfi ssenari ola bilər. Bu təbii haldır. Amma söhbət böyük bir koalisiyaının qərar qəbul etməsindən gedirsə, hər bir qərarın müəyyən vaxt limiti var. Milli Şuranın vahid namizədlə bağlı qəbul etdiyi birmənalı qərar bu gün də qüvvədədir. Və onun reallaşdırılması üçün indi bir neçə proses gedir. Azərbaycanda seçkiyə hazırlıq prosesi, Milli Şuranın vahid namizədinin seçki qərargahının fəaliyyəti və digər təşkilati məsələlər həllini tapır. Eyni zamanda, vahid namizədin seçkiyə qatılması üçün mövcud olan problemin aradan qaldırılması istiqamətində Moskvada məlum proses başlanıb. Azərbaycanda yüz minlərlə şəxs ola bilər ki, onlarda ikili pasport var. Bu da SSRI-dən qalan bir mirasdır. Şəxsən mən özüm də vaxtilə sovet dövründə Azərbaycanda yaşayır və işləyirdim. Amma bir neçə il Moskvaya ezam olunmuşdum. Mənim Bakıda evim olsa da, Moskvada da yaşamağa ev ayırmışdılar. Bu hal 1986-cı ilə qədər davam etdi. Bu tarixdən sonra mən Azərbaycana qayıtdım. SSRI dağıldıqdan sonra mən anadan olduğum respublikanın vətəndaşı kimi pasportumu aldım. Amma yüz minlərlə insan var ki, onlar həm SSRI dağılanda Azərbaycanda, həm də Rusiyada işləmək imkanı var idi. Rüstəm bəy də həm Azərbaycan Kinematoqrafçılar Ittifaqının rəhbəri idi, həm də SSRI Kinematoqrafçılar Ittifaqının rəhbərliyinə daxil idi. O həm Moskvada, həm Bakıda çalışır. Ona görə həm Moskva, həm də Bakıda evi var idi. Belə şəxslər SSRI dağıldıqdan sonra iki ölkənin vətəndaşı kimi qaldılar. Ikili vətəndaşlıqla, iki ölkənin vətəndaşı olmaq ayrı-ayrı anlayışlardır. Ikili vətəndaşlıq dövlətlərarası saziş əsasında olur. Azərbaycan dövləti ümumiyyətlə, ikili vətəndaşlığı qəbul etmir. Ona görə əslində, ikili vətəndaşlıqdan doğan məsələlərə də Azərbaycan qanunvericiliyi birmənalı qiymət verir. Belə bir vəziyyət qonşu Gürcüstanda da var idi. Namizəd ikili vətəndaşlıqla bağlı problemini ərizə verərək, həll etdi. Düzdür, Gürcüstan vətəndaşının problemi daha tez həll olundu. Çünki burada söhbət Gürcüstan və Fransa vətəndaşlığından gedirdi. Fransa dünyanın aparıcı demokratik ölkəsidir. Orada prosedur qaydalar çox sadədir və sürətlə həll olunur. Rusiyada bu, daha mürəkkəb prosesdir.

– Gündəmdəki daha bir məsələ Ilham Əliyevin Moskva səfərilə bağlıdır. Belə bir səfərin olduğunu Rüstəm Ibrahimbəyov da müsahibəsində təsdiqlədi. Sizcə, bu səfərin məqsədi nə idi?
– Moskvada görüşdüyüm adamların da rəyi birmənalı idi ki, belə bir səfər olub. Sadəcə, bu səfəri gizli saxlamaq istəyiblər. Bu səfər haqda informasiya mətbuata çıxanda hakimiyyət buna əsəbi reaksiya verdi. Bu reaksiyanın özü bəzi həqiqətləri göstərir. Tutaq ki, hansısa informasiya agentliyi yanlışlığa yol verib. Adətən bu yanlışlığı iki cümlə ilə təkzib edirlər. Amma hakimiyyətin reaksiyası çox qəzəbli oldu. Silsilə yazılar dərc olundu, bəyanatlar verildi, “Turan” agentliyi az qala, təxribatda, böyük bir cinayətdə ittiham olundu. Bu reaksiyanın özü kifayət qədər maraqlı idi. Bunun özü sübut edir ki, səfərin çox ciddi məqsədi var idi və hakimiyyət bu səfəri dünya ictimaiyyətindən gizlətməyə çalışırdı. Hakimiyyətin bu informasiyaya reaksiyasını səfərin baş tutmasının təsdiqi kimi qəbul edirəm.

“Bu hakimiyyət üçün ümumiyyətlə, seçki yoxdur”

– Seçki gününün irəli çəkilməsi nəyə xidmət edir?
– Məntiqlə seçki gününün tarixi önə deyil, sonraya çəkilməli idi. Məntiqlə qanunvericilikdəki hər hansı dəyişiklik sadə insanların işinə, fəaliyyətinə mənfi təsir göstərməməlidir. Hamı bilir ki, prezident seçkiləri ciddi prosesdir və ona hazırlıq ciddi şəkildə aparılır. Seçkilərə az qalmış belə bir addım atmaq siyasi sifarişin yerinə yetirilməsi kimi qəbul olunmalıdır. Hakimiyyət bilir ki, müxalifətin vahid namizədlə seçkidə iştirakına yol açan proses gedir. Bu prosesin qarşısını almaq üçün bu cür addımlar atılır. Ilk dəfə deyil ki, MSK-nın qərarları konyunktur xarakter daşıyır. Xatırlayıram, 2008-ci ildə prezident seçkiləri ərəfəsində qanunvericiliyə seçkilərin keçirilmə müddətilə bağlı dəyişiklik edilmişdi. Parlamentdə bu, qanun kimi qəbul olunub, dövlət başçısına göndərilmişdi. Həmin qanunvericilik təşəbbüsünə uyğun olaraq, prezident seçkilərinin vaxtı dəyişildi. O zaman seçkilərin tarixi geriyə çəkilirdi. Onda maraqlı situasiya yarandı. Milli Məclis qanuna düzəlişləri qəbul etsə də, dövlət başçısı ona imza atmadı və bu dəyişikliklər mətbuatda dərc olunmadı. Bu isə o deməkdir ki, qanun qüvvəyə minmədi. Deməli, köhnə qanunlar hələ işləyir. Həmin qanunlara uyğun olaraq da seçkiyə start verilməli gün Konstitusiya ilə müəyyənləşdirilib. Həmin günün gəlməsinə və üstündən iki-üç gün keçməsinə baxmayaraq, nə prezident dəyişikliklərə imza atmışdı, nə də MSK seçkiləri elan etmişdi. O zaman mən bəyanatla çıxış etdim ki, ölkədə üç gündür prezident seçkiləri başlamasına baxmayaraq, MSK bu barədə elan da vermir. Hüquqşünaslar da buna dərhal reaksiya verdilər. MSK sədri də məcbur olub jurnalistlərə dedi ki, burada müəyyən anlaşılmazlıq var. Ona görə 2008-ci ildəki proses də Konstitusiya və qanunlara zidd idi. Indi də belə addımlar atılır. Bu ondan qaynaqlanır ki, hakimiyyət üçün ümumiyyətlə, seçki yoxdur. Onlar əvvəlcədən Prezident Administrasiyasında yazılan rəqəmləri elan etməyi düşünürlər. Kim buna etiraz edəcəksə, polisi töküb, həmin etirazçıları dağıtmağı düşünürlər. Qanunda nəzərdə tutulmuş və azad, ədalətli formada keçirilən proses Azərbaycanda heç zaman olmayıb və indi də yoxdur.

– Azərbaycan kimi ölkələrdə “yuxarıdan” razılıq olmadığı halda hakimiyyət düşərgəsindən ikinci namizədin adı çəkilə bilməz. Amma artıq bir neçə aydır ki, Mehriban Əliyevanın adı prezidentliyə namizəd kimi hallanır…
– Avtoritar rejimlərin bir xüsusiyyəti var. Bu recimlərdə hakimiyyətdə olan şəxsdən başqa namizəd olmur. Əgər başqa namizəd varsa, əvvəlcə dövlət çevrilişi olur, dövlət başçısı aradan götürülür, daha sonra seçkiyə bənzər formal proses aparılaraq, onu legitimləşdirməyə çalışırlar. Fikrimcə, ikinci namizədlə bağlı proseslərin məqsədi seçkiyə deyil, statusa yönəlib. Bu ölkənin ikinci adamı statusu uğrundadır. Konstitusiyaya görə, ölkənin ikinci şəxsi baş nazir, daha sonra parlament sədri gəlir. Amma de-fakto ölkədə ikinci adamın Prezident Administrasiyasının rəhbəri olduğu bildirilir. Indi də diqqəti hakimiyyətdaxili proseslərə yönəltmək istəyirlər ki, ölkədə ikinci şəxs nə baş nazir, nə parlamentin spikeri, nə də Prezident Administrasiyasının rəhbəridir. De-fakto ikinci şəxs statusunu təsdiq etmək üçün hakimiyyət daxilində ikinci namizəd projesindən bir piar elementi kimi istifadə olunur. Bütün dünya təcrübəsi də sübut edir ki, avtoritar rejimlərdə alternativ namizəd ideyası olmayıb və mahiyyətinə görə də mümkün deyil.

Xəyal Şahinoğlu