Əbiyev Qərbə, Camalov Şimala

Iki generalın fərqli güc mərkəzlərinin təmsilçiləri ilə görüşü nədən xəbər verir?

Cəsur Sümərinli: «Rusiya ilə hərbi-texniki əməkdaşlığı gücləndirməsi, Azərbaycan ordusu üçün Rusiyada kadr hazırlığı ABŞ-ı narahat edir»

Müdafiə naziri Səfər Əbiyevin ABŞ-a səfəri günlərində Rusiyanın Taktiki Raket Silahları Korperasiyasının baş direktoru Boris Obnasovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə gəlməsi və müdafiə sənayesi naziri Yavər Camalovla müzakirələr aparması diqqətdən kənarda qala bilməzdi.

Əbiyevin Vaşinqton səfəri zamanı ABŞ-la Azərbaycan arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələrin əldə olunmasına dair məlumatlar var. Görüşlərin əsas mövzusunun isə Iranla bağlı olduğun deyilir. Bu arada Yavər Camalov rusiyalı həmkarı ilə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib. 

Hər iki səfərin eyni vaxta düşməsi ekspertlər tərəfindən təsadüf kimi qəbul olunmur.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli müdafiə nazirinin ABŞ-a səfəri zamanı əsas müzakirə olunan məsələlərin Azərbaycanın hərbi siyasi prioritetlərinin dəqiqləşdirilməsi ilə bağlı olduğunu deyir. Amerikada Azərbaycanın Rusiya ilə daha çox hərbi təmasa girməsi, əməkdaşlıq etməsi ilə bağlı narahatlıq güclənir.

Ekspertin sözlərinə görə, yaxın 5 il ərzində Rusiya Azərbaycana hərbi-texniki satışları gücləndirmək, eyni zamanda ölkənin müdafiə sənayesi sahəsində iştiraka başlamaq niyyətindədir. Bu kimi məlumatlar fonunda ABŞ-ın hərbi-siyasi rəhbərliyinin narahatlığı hiss olunur: “Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında inteqrasiya istiqaməti kimi Qərb, Avroatlantik məkan göstərilir. Ancaq Rusiya ilə hərbi-texniki əməkdaşlığı gücləndirməsi, Azərbaycan ordusu üçün Rusiyada kadr hazırlığı ABŞ-ı narahat edir. Əbiyevin amerikalı həmkarı arasında müzakirə olunan məsələlərdən biri də məhz Azərbaycanın hazırkı hərbi siyasi prioritetləri, əməkdaşlıq qurduğu ölkələr və perspektivləri olub”.

Ekspertin fikrincə, Yavər Camalovun Rusiyanın Taktiki Raket Silahları Korperasiyasının baş direktoru ilə görüşü göstərir ki, Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığını gücləndirməkdə maraqlıdır. Bu da Azərbaycan silahlı qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində çox ciddi əngəldir. Əgər Azərbaycan ordusu NATO standartlarına uyğunlaşırsa, Rusiya ilə deyil, NATO-ya üzv olan ölkələrlə əməkdaşlığı gücləndirməlidir. Ancaq rəsmi Bakı Rusiyanın Azərbaycanın müdafiə sənayesi sahəsində iştirakına imkan verir. Bu da təəssüf doğuran məqamlardı. Bütün bu narahatlıqlar ABŞ hərbi-siyasi rəhbərliyindən Səfər Əbiyevə çatdırılıb.

Fizzə