Gigiyena və Epidemiologiya Mərkəzində dərəbəylik

Qurumun işdən çıxarılan əməkdaşı Sevda Əsgərova «Azadlıq»a ilginc faktlar açıqladı

“Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzində özbaşınalıqdır. Buna etiraz etdikdə isə direktor Azad Rəşdiyevin qanunsuz əməlləri ilə üzləşirsən”. Bu sözləri “Azadlıq”a GEM-in işdən çıxarılan əməkdaşı Sevda Əsgərova məlumat verib.

Işdən çıxarılma səbəbinə gəldikdə isə şikayətçi deyir ki, iş faəliyyətini dondurduğu üçün Mehriban Əliyevaya müraciət ünvanlayıb: “Məzuniyyətdə olan zaman iqtisadi məsələlər direktor müavini Kifayət Həsənovaya evimə zəng elətdirdi. O da dedi ki, işə çıxım və labaratoriyada fəaliyyətimi davam etdirim. Bununla razılaşmadığıma görə iş fəaliyyətimi direktor dondurdu. Azad Rəşdiyevin bu qanunsuz əməllərdən Mehriban Əliyevaya şikayət etdim. Buna görə də direktor şikayətimi geri götürməyi tələb etdi. Bildirdi ki, yenidən müraciət yazım və bunun səhv olduğunu qeyd edim. Bununla razılaşmadığım üçün mənə qarşı təzyiqlər daha da intensivləşdi”.

Sevda Əsgərova qəzetimiz vasitəsilə ölkə başçısına müraciət edib: “Işdən çıxarılmazdan öncə səhətimdə yaranan problemlə əlaqədar bülletenə çıxdım. Işə çıxandan sonra lövhədə mənə şiddətli töhmət verildiyini gördüm. Buna dözməyib ölkə başçısına müraciət etdim”.

Şikayətçi bizimlə söhbətində qeyd edir ki, qeydiyyat jurnalından imzasını sildirib: “Məni işdən çıxartmaq üçün bəhanə axtarırdı. Hər dəqiqəm nəzarətdə idi. Heç bir bəhanə əldə edə bilmədiyi üçün qeydiyyat jurnalından üç günün imzasını sildirdi. Guya mən işdə olmamışam. Əgər birinci gün işdə olmamışmsa niyə səhəri gün mənə xəbərdarlıq edilmirdi? Nədən səhəri gün qeydiyyat kitabçasına imza atmağa razılıq verirdilər? Buna görə mənə şiddətli töhmət verdi. Halbuki, 20 ildən çox iş təcrübəm var. Bu müddət ərzində bir neçə baş həkimlə işləmişəm. Azad Rəşdiyev mərkəzə baş həkim təyin olunandan sonra işçilərə qənim kəsildi. Bir neçəsini – Rüfət Mehdiyevi, Fəxrəddin Əliyevi, Iradəni işdən çıxartdı. Təzə gəldiyi üçün  səs-küy olacağından ehtiyatlandığı üçün prosesi ertələdi. Illər keçəndən sonra bu işinə davam elədi”.

Sevda Əsgərova deyir ki, baş həkimin müavini Əli Xudiyevin də iş fəaliyyəti dondurulub: “Əli Xudiyevin mərkəzə gəlişinə yasaq qoyub. Qeydiyyat jurnalından Əli Xudiyevin yerinə imzanı Kifayət Həsənova çəkir”.

Hazırda Azad Rəşdiyevlə şikayətçi arasında məhkəmə çəkişməsi davam edir. Ancaq Rəşdiyev bütün vasitələrdən istifadə edərək məhkəmənin gedişinə müdaxilə etməyə çalışır. 

S.Əsgərova bildirir ki, bir müddət öncə Apelyasiya Məhkəməsi ədalətli qərar çıxarsa da, son hadisələr göstərir ki, artıq məhkəməyə müdaxilələr var. Deyir ki, Azad Rəşdiyev yüksək vəzifədə çalışan qohumlarının köməyi ilə məhkəməni öz xeyrinə qərar çıxarmağa məcbur edir: “Bu gün Apelyasiya Məhkəməsi yenidən işə baxdı. Hələ məhkəmə başlamamış Rəşdiyev deyirdi ki, mən prosesi udmuşam. Görünür, hakimlər də ondan və onu tapşıran şəxslərdən çəkinirlər. Hakimlərdən biri bunu mənə etiraf da etdi. Hələ ki, onun adını açıqlamıram. Amma yaxın günlərdə açıqlayacam. Məhkəmə də Rəşdiyevin xeyrinə qərar çıxartdı. Baxmayaraq ki, bir müddət əvvəl Apelyasiya Məhkəməsi mənim işə bərpa olunmağımla bağlı qərar vermişdi. Bu, ədalətsizlikdir və bu məhkəməyə hörmətsizlikdir”.

Məsələylə bağlı Azad Rəşdiyevlə əlaqə saxladıq. Bizimlə söhbətində bildirdi ki, bu işlə bağlı məhkəmə qərar çıxarıb: “Məhkəmədə olub, qətnamə çıxıb”.

Azad Rəşdiyev şikayətçinin ittihamlarıyla bağlı bunları söylədi: “Iş günün sonudur. Sabah zəng edin, danışaq”.

Onun dediyi vaxtda yenidən mərkəzin direktoru ilə əlaqə saxladıq. Ancaq bu dəfə telefonu bağlı idi. Dəfələrlə zəng etsək də, heç bir nəticə hasil olmadı.

Ramin DEKO