ABŞ müdafiə katibi Çak Heygelin dəvəti ilə Vaşinqtona səfər edən müdafiə naziri Səfər Əbiyev Pentaqonda görüşlər keçirib. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə toxunan nazir əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın praktiki addımlarının xüsusi önəmi olduğunu qeyd edib. O bildirib ki, ABŞ-la Azərbaycan arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunub.
Nazir ölkəsinin 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlara töhfə verəcəyini vurğulayıb və artıq bu niyyətin NATO-dan dəstəkləndiyini həmkarının diqqətinə çatdırıb. Səfər Əbiyev beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin və beynəlxalq koalisiya əməliyyatlarında birgə iştirakın verdiyi töhfələrin əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Avro-Atlantik təhlükəsizliyə töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işləri qeyd edən Səfər Əbiyev bu sahədə enerji, nəqliyyat, rabitə və digər regional layihələrin də strateji əməkdaşlığın inkişaf etdirilməsində mühüm faktora çevrildiyini vurğulayıb.
Görüşdə Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə söhbət açan müdafiə naziri bildirib ki, Azərbaycan torpaqları 20 ildir ki, işğal altındadır: “ABŞ və beynəlxalq təşkilatlar Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirmir. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda 1 milyondan artıq insan öz doğma yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ancaq çox təəssüf ki, bu günədək beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Ermənistanın işğalçı dövlət olduğu bəyan edilməyib”.
Səfər Əbiyev 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasının yaratdığı problemləri və bunun ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyini xüsusi vurğulayıb. Nazir Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi və Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə bütövlükdə regionda gərgin hərbi siyasi vəziyyətin davam edəcəyini amerikalı həmkarının diqqətinə çatdırıb.
Müdafiə naziri ABŞ hərbi dəniz katibi Rey Mabusla da görüşüb. Söhbət zamanı Xəzərin təhlükəsizliyi və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.


