Vəkillər bu həbsi siyasi sifariş kimi qiymətləndirir
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri Ilqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onlar yanvarın 23 və 24-də Ismayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Ötən gün T.Yaqublu və I.Məmmədovun həbs müddətinin 6 ayı tamam oldu. 6 aydır heç bir əsas olmadan, qondarma ittihamlarla hər iki şəxs həbsxana həyatı yaşayır. Cəmiyyətdə də heç kimə sirr deyil ki, bu şəxslərin həbsi siyasi mövqe və hakimiyyəti tənqidlə bağlıdır.
Ilqar Məmmədovun vəkili Fuad Ağayev “Azadlıq”a açıqlamasında bildirdi ki, Ilqar Məmmədovun işində heç bir cinayət əməli yoxdur və onun həbsxanada saxlanması əsassızdır:”Biz bu qondarma həbslə bağlı Avropa Insan Haqları Məhkəməsinə müraciət etmişik. Ilqar Məmmədovun şikayəti qeydə alınıb və bu işlə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib. Ümid edirik ki, qısa bir müddətdə Ilqar Məmmədovun qanunsuz həbsi ilə bağlı müsbət qərar qəbul ediləcək. Qeyd edim ki, Ilqar Məmmədovun istintaq prosesi əvvəldən səhv istiqamətdə gedib. Istintaqa cəlb olunmalı şəxslər o zamankı icra başçısı, rayonda məlum vəziyyəti yaratmış insanlar olmalı idi. Ancaq bu adamlar kənarda qalıb, günahsız şəxslər həbs olunub. Avropa Parlamenti kimi ciddi bir qurum, qeyd- şərtsiz Ilqar Məmmədovun azad edilməsin tələb edib və Ilqar Məmmədovun günahsız olduğun bildirib”
Tofiq Yaqublunun vəkili Nemət Kərimli hesab edir ki, bu həbs siyasi sifarişdir və və müdafiə etdiyi şəxs hakimiyyətin girovudur: “Tofiq Yaqublunun işi ilə əlaqədar istintaq hərəkəti aparılmır. Bir dəfə məhkəmə olub və bir neçə polis onun üzünə duraraq bildirib ki, Ismayıllı hadisələrində Tofiq Yaqublu təşkilatçı olub. Qanunsuz oalraq həbs müddətin artırıblar. Məqsəd Tofiq Yaqublunu prezident seçkilərindən təcrid etmək, onun fəaliyyətinə maneə törətməkdir. Bu adam siyasi girovdur. Sentyabrda həbs müddəti başa çatır. Biz məhkəməyə yenidən müraciət edəcəyik. Onu da qeyd edim ki, Tofiq Yaqublunun işi ilə bağlı Avropa Məhkəməsinə müraciət olunub”
Ilham


