İcra başçısının döyüldüyü xəbəri yayıldı

Onun özü isə yol qəzasına düşdüyünü deyir

Bu günlərdə Bərdənin icra hakimiyyətinin başçısı Vidadi İsayev bir qrup şəxs tərəfindən döyülüb. Bu barədə “Bizim yol” qəzeti məlumat yayıb. Qəzeti bilgiləndirən mənbə deyib ki, icra başçısının döyülməsinə səbəb bir neçə sahibkara külli miqdarda borclu olmasıdır. Belə ki, rayonda abadlıq adı ilə sahibkarlardan borc alan icra başçısı tezliklə həmin pulu qaytaracağına dair vəd versə də buna əməl etməyib. Bir müddət davam edən danışıqlardan sonra Vidadi İsayev həmin şəxslərin hücumuna məruz qalıb. Qolu sındırılan və müxtəlif bədən xəsarətləri alan icra başçısı baş verən olayı gizli saxlamağa çalışıb. Məlumatında qeyd
olunur ki, Vidadi İsayev ev şəraitində müalicə olunur.
Qəzet xəbəri dəqiqləşdirmək üçün Vidadi İsayevin özü ilə əlaqə saxlayıb. Döyülməsi xəbərini təkzib edən V.İsayev yol qəzası keçirdiyini bildirib: “Mən yol qəzasına düşmüşdüm. Qolumda sınıq vardı. Artıq səhhətim də qaydasındadır. İşə çıxıram”. Sahibkarla arasında heç bir problem olmadığını deyən V.İsayev rəhbəri olduğu rayonda sahibkarlığın inkişafı üçün bütün şəraitin yaradıldığını deyib: “Biz sahibkarların dostuyuq. Onların inkişafı rayonun inkişafı, yerli əhalinin sosial rifahının artması deməkdir”.