“Onların nə düzüb-qoşacağı məlumdur”

Yadigar Sadıqov: «Həbsimin əsas təşkilatçısı, ssenaristi hakimiyyətdir»

Bakı Istintaq Təcridxanasında saxlanan Müsavat başqanının müşaviri Yadigar Sadıqov “Media forum” saytının suallarını cavablandırıb. Müsahibəni ixtisarla dərc edirik. Qeyd edək ki, Yadigar Sadıqov 1968-ci ildə Lənkəran şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-ci ildən Müsavat Partiyasının üzvüdür. Yadigar Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi saxlayıb. O, xuliqanlıqda ittiham olunur. Iyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

– Saxlanma şəraitindən şikayətiniz varmı, istintaq təcridxanası əməkdaşlarının sizə münasibəti necədir?
– Saxlanma şəraitində nöqsanlar və qanunsuzluqlar yox deyil. Necə olsa, rejimin təcridxanasıdır. Əməkdaşların münasibəti isə əsasən normal, hörmətcildir.

– Necə düşünürsünüz, sizi nəyə görə həbs ediblər?
– Həbsimin əsas səbəbkarları Lənkəranın icra başçısı Taleh Qaraşov və polis rəisi Möhübbət Hüseynovdur. Mən onların fəaliyyətini, qanunsuzluqlarını mütəmadi tənqid edirdim. Mətbuata verdiyim müsahibələrimlə, məqalələrimlə və internetdə yazdığım fikirlərlə ictimailəşdirirdim. Həbsimdə digər hədəf də seçki ilində Lənkəran kimi böyük rayonda müxalifətin fəaliyyətini iflic etməkdir. Digər tərəfdən məlumdur ki, hakimiyyət sosial şəbəkələrdə agentura vasitəsilə “Parçala, hökm sür” siyasətini həyata keçirməyə çalışır. Mən buna qarşı cəmiyyətimizin müxtəlif təbəqələri arasında qarşılıqlı etimadın bərqərar olunması istiqamətində ciddi iş aparırdım. Görünür, bu da nəzərdən qaçmayıb.

– Istintaqın gedişindən razısınızmı?
– Heç bir istintaq hərəkəti aparılmır. Axı nəyi istintaq edəcəklər? Təxribatın əsas təşkilatçısı, ssenaristi hakimiyyət adamlarıdır. Belə olan halda söhbət istintaqdan deyil, düzüb-qoşmaqdan gedə bilər. Onların nə düzüb-qoşacağı isə mənə də, başqalarına da məlumdur.

– Vəkiliniz və yaxınlarınızla əlaqə saxlaya bilirsinizmi?
– Bəli, bu sahədə hüquqlarım təmin olunur. Vəkilim nə zaman gəlirsə, o zaman görüşürük. Həftədə bir dəfə görüş, bir dəfə də sovqat alıram. Eləcə də həftədə iki dəfə hər biri 15 dəqiqə olmaqla telefonla danışıram.

– Əqidə yoldaşlarınız həbsinizi lazımi qədər diqqətdə saxlayırmı?
– Həbsimə reaksiya, göstərilən diqqət uma biləcəyimdən artıqdır. Müsavat Partiyası, hüquqlarımı müdafiə edən komitə problemə hüquqi və siyasi reaksiya istiqamətində hər bir şey edir. Qeyri-hüquqi sahədə də istər özümə, istərsə də ailəmə qayğı və diqqət ən yüksək səviyyədədir. Müsavatçılarla yanaşı məni sosial şəbəkələrdən tanıyanlar, bitərəf şəxslər, Lənkəran ictimaiyyətinin nümayəndələri bu işdə iştirak edirlər. Hər birinə sonsuz minnətdarlığımı bildirirəm.

– Avropa Parlamentinin və ATƏT-in Parlament Assambleyasının Azərbaycandakı prezident seçkisinə müşahidəçi göndərməmək qərarını necə qiymətləndirirsiz? Sizcə, bu, Azərbaycanda azad seçki keçirmək imkanlarını məhdudlaşdıracaqmı?
– Bu, Avropa strukturlarının növbəti biabırçı addımıdır və bunun fonunda boykot təklif edərək beynəlxalq reaksiyaya ümid etmək təklifi xüsusilə anlaşılmaz görünür. Sualınızın ikinci hissəsinə gəldikdə, məgər müşahidəçi missiyalarının göndərilməsi əvvəllər seçki saxtakarlığına mane olubmu? Saxtakarlığa qarşı mübarizəni, rejimə qarşı müqaviməti Azərbaycan xalqı göstərməlidir. Bunun üçün də ona xitab etmək, onunla işləmək lazımdır. Ciddi müqavimət olacağı təqdirdə beynəlxalq aləm də xalq iradəsinin yanında olacaq.