«Azərbaycan Dəmir Yolları»nın rəhbəri bu məsələnin ictimailəşməsində rəqiblərindən şübhələnir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşı qəza nəticəsində bir nəfəri güllələyib. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Məlumatda bildirilir ki, iyulun 31-də Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb.
Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və həmin şəxs yaralanıb. Informasiyada Əli Əsgərovun polis tərəfindən saxlanılmadığı da vurğulanıb.
Daxili Işlər Nazirliyi (DIN) məlumatı nə təkzib, nə də təsdiq edib. Qurumun mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bu barədə modern.az saytına deyib: “Əli Əsgərovun kimisə güllələməsi hadisəsini mən də sizin kimi mətbuatdan oxumuşam. Maraqlanarıq, düzgün və ya səhv olduğunu araşdıraraq və məlumat verərik”.
“Azadlıq”a daxil olan məlumatlara görə, iyulun 31-də həqiqətən belə bir olay baş verib. Əli Əsgərovun güllələdiyi şəxs ağır xəsarət alıb. Məlumatlarda o da bildirilir ki, Arif Əsgərov bu məsələnin ictimailəşməsini təsadüfi saymır. O, hesab edir ki, bu məlumatlar rəqibləri tərəfindən ictimailəşdirilib. Arif Əsgərov bunun nazir olmaq iddialarının qarşısını almaq üçün edildiyini düşünür.
Xatırladaq ki, “Azadlıq”ın ötən saylarında nəqliyyat naziri Ziya Məmmədovun baş nazirin sabiq müavini Abbas Abbasovun yerinə gətiriləcəyi barədə məlumat vermişdik. Həmin məlumatlarda deyilirdi ki, yaxın vaxtlarda baş nazirin müavini təyin ediləcək Ziya Məmmədova nəqliyyat sahəsini və Rusiya ilə əlaqələri kurasiya etmək tapşırılacaq. Ziya Məmmədovun yerinə isə müavini Musa Pənahov, yaxud da “Azəryolservis”in rəhbəri Cavid Qurbanov təyin ediləcək. Nəqliyyat naziri postuna məhz bu iki şəxsin iddialı olduğu bildirilir. Lakin sən demə, Arif Əsgərov da nazir olmaq arzusunda imiş. Onun da Ziya Məmmədovun yerinə iddiası var imiş. Bu baxımdan o, nazir olmaq istəyi və qardaşı ilə bağlı məsələnin ictimailəşməsi arasında əlaqə görür.
Azad


