Bir neçə gündür ki, Rusiyada Qafqaz əsilli insanlara, o cümlədən də azərbaycanlılara qarşı başlanan zorakılıq kampaniyasının növbəti dalğasının təsvirləri ekranlardan düşmür. Azərbaycandakı siyasi sistem adamda elə də böyük heysiyyat və qürur hissi qoymasa da, bu təsvirlərə baxanda adam sözün həqiqi mənasında özünü təhqir edilmiş hesab edir, amma eyni zamanda özünkülərə də haqq qazandıra bilmirsən.
Düşünmürük ki, bu kamaniya üçün xüsusi bir vaxt, seçki ərəfəsi seçilib. Bu miqrant problemi başlananandan çox dalğalar olub, hər dəfə belə bir təsəvvür yaranıb ki, artıq bu dəfə məsələ ciddidir, bütün azərbaycanlıları Rusiyadan qovacaqlar. Amma belə olmur, bir-iki gün davam edir, sonra da çəkilib gedir. Elə bu dalğa da çəkiləcək.
Real təhlükə, yoxsa xof?
Sadəcə, məsələ bundadır ki, seçki dövründə, mürəkkəb siyasi dönəmlərdə hamının, xüsusən də hakimiyyətə yaxın olanların Irana və Rusiyaya qarşı “həssaslığı” artır, elə hey düşünürlər ki, bu ölkələr seçki vaxtı mütləq nəsə edəcəklər.
Amma edirlərmi? Təbii ki, yox. Onda bəs nə baş verir? Niyə görə siyasi isterika hətta ekranlara yol tapır? Güman edirik ki, bunun bir əsas səbəbi var. Azərbaycanda bəzi adamlar hakimiyyət üstündə elə əsirlər ki, olmayan yerdən belə özlərinə təhlükə gözləyirlər.
Sanki ölkədə siyasi infantilizm hökm sürur. Elə bil əziz, nadir bir siyasi sistem qurulub bu ölkədə və adamlar onu itirməkdən qorxurlar.
Rusiyadakı miqrant problemindən çox bəhs edərdik. Amma məsələ təkcə Rusiyada deyil. Digər ölkələrdə miqrasiya siyasəti Rusiyadakından da qat-qat sərtdir. Azərbaycandakı hakimiyyət də bu məsələ üzərində, Rusiyadakı vətəndaşlarının taleyi haqda düşünsəydi yaxşı olardı.
Hamıya iş tapmaq olarmı?
Az qala hər həftə telekanallar Ermənistandan köçənlərin statistikasını verir. Azərbaycandan köçən yoxdurmu? Ermənistandan insanlar əsasən daha inkişaf etmiş ölkələrə köçürlər. Azərbaycanlılar isə acından ölməmək üçün Rusiyaya qaçır.
Yaxşı yaşamaq, yaxşı həyat həvəsi ilə Rusiyaya gedən azdır, gedənlərin çoxu öz ölkəsində dolanışıqdan məhrum olan insanlardır. Bu problemi həll etmək olarmı?
Olar. Necə? Beynəlxalq əmək bazarına çıxmaqla. Qonşu Türkiyədə insanlar deyir ki, ölkənin içində olmasa da çölündə hamıya iş var. Dövlətin yardımı ilə orada insanlar xaricə işləməyə gedir, həm dövlətə xeyir verirlər, həm də özlərinə. Amma bunun üçün başqa işlər də görmək lazımdır?
Bazarsız yaşamaq olarmı?
Düşünürük ki, azərbaycanlılar bazarlarla vidalaşsalar daha yaxşı olar. Indi tək Rusiyada deyil, Azərbaycanın özündə də bazarlar bağlanır, onların yerini böyük, yaraşıqlı, səliqəli, rahat supermarketlər tutur. Insanlar da daha çox supermarketlərdən alış-veriş etməyə üstünlük verirlər.
Azərbaycanlıların bazara, xırda ticarətə meyli artıq lətifəyə çevrilib. Hələ sovetlər vaxtında bir lətifədə soruşlurdu ki, azərbaycanlılar nə vaxt Aya uçacaq? Cavabı da bu idi ki, Ayda bazar açılanda…
Yəqin “Bakılı oğlanlar” komandasının da zarafatyana söylədikləri şüar çox adamın yadındadır: “Rusiya rusiyalılara, bazarlar azərbaycanlılara…”.
Iqtisadiyyat necə inkişaf edə bilər?
Ola bilsin ki, kimsə deyəcək ki, bazar xırda ticarət məsələsidir, hətta belə bir fikir səslənə bilər ki, onlar inhisarçılığın qarşısını alır. Hətta ola bilsin, bunu mentalitetlə, dini təsəvvürlərlə bağlayanlar da olacaq. Amma bunların hamısı mənasızdır.
Bazarların mövcuduluğ inhisarçılığı azaltmır. Dini təsəvvürələrə gəldikdə isə, bazar alverçilərində olan haqsızlıq çox az yerdə var-həm qiymətdə, həm də çəkidə aldatmağa cəhd edirlər.
Bu, iqtisadiyyatın ən primitiv, ixtisas, ciddi peşə vərdişləri tələb etməyən sahəsidir. Insanları iqtisadiyyatın elmi tutumlu sahələrinə yönəltmək lazımdır. Yalnız bu yolla cəmiyyət inkişaf edə bilər, bu yolla patriarxal və kustar iqtisadiyyatdan qurtulmaq olar.
Artıq 21-ci əsrdir. Hər şey yüksək keyfiyyətə, yüksək xidmətə doğru gedir. Bu prosesin qarşısını almaq mümkün deyil və Rusiyanı da qınamaq olmaz ki, niyə görə bazarları bağlayırsan, nədən azərbaycanlırların “iqtisadi maraq”larını nəzərə almırsan?
Günəş niyə hamını isitmir?
Sözsüz ki, Rusiyada miqrant məsələsində siyasi çalarların olduğunu da tamam inkar etmirik. Bu ölkə də nə iqtisadi, nə də siyasi baxımdan təkmil ölkə deyil və digər keçmiş sovet ölkəlrindən daha çox ölçüləri ilə fərqlənir.
Amma qafqazlılara, xüsusən də azərbaycanlılara verilən bir sual maraq doğurmaya bilməz. Onlara deyirlər ki, niyə günəşli respublikanızı qoyub bura gəlmisiniz?..
Həqiqətən də acı və ağır sualdır. Amma onun üzərində düşünməyə dəyər. Niyə bu ölkədə-Azərbaycanda hətta Günəş də hamını eyni dərəcədə isitmir? Nədən bu Günəşin altında hamıya yer tapılmır?..



