Milli Şuranın Tiflis müşavirəsindən qayıdanlar danışdı

«Tiflis toplantısı kifayət qədər səmərəli və təşkilat üçün müsbət nəticə ilə yekunlaşdı»

Milli Şuranın Tiflis toplantısı cəmiyyətdə böyük ictimai rezonas doğurdu. Istər sosial şəbəklərdə, istərsə də  mətbuatda başlıca müzakirə mövzusu Milli Şuranın Gürcüstan paytaxtında keçirdiyi müşavirədir. Eyni zamanda iqtidar bütün “arsenalı” ilə bu prosesi gözdən salmaq, Rüstəm Ibrahimbəyovun ölkəyə qayıdışının bir müddət üçün təxirə salınmasıyla bağlı kampaniya aparır. Reallığın nədən ibarət olduğunu öyrənmək və ümumiyyətlə, Tiflis müşavirəsinin nəticələrinə qiymət vermək üçün toplantı iştirakçılarının bəziləri ilə söhbət etdik.

“Milli Şuranın üzvləri Tiflis toplantısından sonra bir daha əmin oldular ki, onlar namizəd seçimində səhv etməyiblər”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Milli Şura təmsilçilərinin Tiflis toplantısı kifayət qədər səmərəli və təşkilat üçün müsbət nəticə ilə yekunlaşdı. F.Qəhrəmanlının fikrincə, bu toplantının ilk növbədə əhəmiyyəti ondadır ki, ilk dəfədir Milli Şura sədrinin və prezidentliyə vahid namizədin iştirakı ilə təşkilatın geniş tərkibli təmsilçiləri həm ölkədə baş verənlər, həm də onun ölkəyə qayıdışı ilə bağlı müzakirələr keçiriblər. Ümumi məsələlərdə konsensusa gəlindiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, ən əsası R.Ibrahimbəyovun ölkəyə qayıdışı ilə bağlı cəmiyyətdə yaranmış suallara aydınlıq gətirildi: “Aydın bəyan olundu ki, Rüstəm Ibrahimbəyovun ölkəyə qayıdışı məsələsi Milli Şuranın qayıdışı ilə ifadə olunacaq. Rüstəm bəylə də keçirdiyimiz görüşdə vurğulandı ki, Milli Şura nə zaman qərar verəcəksə, prezidentliyə vahid namizəd də o zaman ölkəyə qayıdacaq. Tiflisdə toplaşan tərkib belə hesab etdi ki, hüquqi prosedurlar Moskvada vətəndaşlıqdan imtina ilə bağlı keçiriləcək toplantıda Rüstəm Ibrahimbəyovun iştirakını vacib saydığından onun hələlik Bakıya dönüşü məqbul sayılmasın. Yaxın günlərdə seçki kampaniyası başlayacaq. Milli Şura da Rüstəm bəyin qayıdışı ilə bağlı nə zaman qərar versə, o nəticənin necə olacağından asılı olmayaraq həmin qərarı icra edərək Bakıya dönəcək. Bu, pozitiv nəticədir və cəmiyyətə verilən mühüm bir mesajdır”.
Bundan başqa, təşkilatın idarəçiliyi ilə bağlı mühüm qərarlar qəbul olunduğunu deyən F.Qəhrəmanlı toplantıda məhz sədrin təşəbbüsü ilə Milli Şurada Məşvərət Şurasının formalaşdırılmasıyla bağlı qərar qəbul olundu. Milli Şuranın daha operativ idarə edilməsi üçün Milli Şuranın Komissiya sədrləri və partiya rəhbərlərinin iştirakı ilə Məşvərət Şurasının formalaşdırılmasının qərara alındığını söyləyən F.Qəhrəmanlı bildirdi ki, həm də təşkilatlanma məsələsiylə bağlı mühüm qərarlar qəbul olunub. Onlar sırasında yerlərdə təşəbbüs qruplarının yaranmasını, imzatoplama kampaniyasına hazırlıqla bağlı görülməli işlərin vurğulanmasını göstərmək olar: “Azərbaycanda seçki öncəsi durum və hakimiyyətin Milli Şuranın vahid namizədinə yaratdığı maneələrlə bağlı beynəlxalq ictimaiyyətə müraciətin olunması qərara alındı. Toplantının pozitiv nəticələrindən biri bu oldu ki, Milli Şuranın üzvləri Tiflis toplantısından sonra bir daha əmin oldular ki, onlar namizəd seçimində səhv etməyiblər. Rüstəm bəy tutduğu yolda qərarlı və qələbəyə inamlıdır. O, qarşıda duran vəzifələrlə bağlı kifayət qədər səy göstərir. O hər hansı riskə, təhlükəyə baxmayaraq, Bakıya dönmək proseslərinin başında durmaq, dəyişikliklər uğrunda başlatdığımız hərəkatın qələbəylə nəticələnməsi üçün əlindən gələni etməyə hazırdır. Bu baxımdan toplantı həm Milli Şuranın özü, həm də Azərbaycan cəmiyyətinə bu mesajların verilməsi baxımından pozitiv oldu. Cəmiyyətə bəyan olundu ki, Milli Şura öz lideri ilə birgə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün səylər göstərəcəkdir. Eyni zamanda bizim artıq birgə komanda kimi fəaliyyət göstərmək imkanları özünü doğruldur. Qarşılıqlı etimad mühiti şəraitində biz məqsədlərimizi gerçəkləşdirəcəyik”.

“Milli Şuranın ilk kütləvi aksiyası bu ayın ortalarında keçiriləcək”

ACP sədri Sülhəddin Əkbər bildirdi ki, Milli Şuranın Tiflis müşavirəsi ilə bağlı iki mühüm təəssüratı mövcuddur. Qonşu ölkədə azadlıq və demokratiya şəraiti olduğu halda Azərbaycanda hakimiyyətin müxalifətin toplaşması üçün əlindən gələni etməsinə təəssüflənən S.Əkbər vurğuladı ki, keçirilən toplantıya istər yerli, istərsə də beynəlxalq medianın diqqəti baxımından onun nəticələrini yüksək dəyərləndirir:
“Bu tədbirin yaratdığı ictimai rəy bəlkə də Milli Şura yaranan zaman ortaya çıxan ictimai rəydən belə üstün idi və bu hiss olunurdu. Qəbul olunan qərarlar baxımından da müşavirəni yüksək dəyərləndirirəm. Çox açıq, səmimi müzakirələr getdi. Müşavirə altı saat davam etdi və mühüm məqam ondan ibarət idi ki, bu müşavirəyə Milli Şuranın sədri özü rəhbərlik edir və ortaya çıxan suallara birbaşa özü cavab verirdi. Milli Şuranın sədri, icra aparatının rəhbəri və partiya təmsilçilərinin iştirakı ilə mühüm görüş keçirildi. Müzakirəyə çıxardığımız əsas məsələlərdən biri də seçki öncəsi vəziyyət və Milli Şura sədrinin ölkəyə dönüşü ilə bağlı idi. Müzakirələrdə bütün arqumentlər dinləniləndən sonra Rüstəm Ibrahimbəyovun 31 iyulda Bakıya dönüşünü toplantıda iştirak edən Milli Şura üzvləri məqsədəuyğun hesab etmədi. Mən çıxışımda da vurğuladım ki, bu dönüş üçün nə siyasi, nə hüquqi, nə təşkilati, nə daxili, nə də beynəlxalq rəyin işlənməsi baxımından işlər tamamlanmayıb. Hələ xeyli görüləcək işlər mövcuddur. Digər tərəfdən, Rüstəm Ibrahimbəyovun pasport məsələsiylə bağlı Moskvada keçiriləcək toplantıya qatılması gərəkdir”.
Milli Şuranın gələcək fəaliyyətində görülməli işlərlə bağlı da toplantıda təkliflərin səsləndirildiyini deyən S.Əkbər vurğuladı ki, sədrin yanında Məşvərət Şurasının yaradılması ilə bağlı prinsiplər də Tiflis müşavirəsində qəbul edilib. Bundan başqa, Milli Şuranın ilk kütləvi aksiyasının keçirilməsinin bu ayın ortalarına təyin edilməsi qərara alınıb. R.Ibrahimbəyovun ölkəyə qayıdışı ilə bağlı müzakirələrə gəlincə, S.Əkbər vurğuladı ki, müşavirədə hətta ən optimist yanaşma bundan ibarət idi ki, Rüstəm Ibrahimbəyov ölkəyə hazırda dönərdisə, onun dilindən ölkəni tərk etməmək haqqında iltizam alınacaqdı ki, o da vaxtında Moskvadakı görüşdə iştirak edə bilməyəcəkdi: “Bu zaman da vətəndaşlıqdan imtina proseduru yarımçıq qalacaqdı. Bu halda da hakimiyyətin əlinə qanuni fürsət düşəcəkdi ki, onun namizədliyini qeydə almasınlar. Rüstəm Ibrahimbəyovun dönüşü ilə bağlı ortada olan riskləri minimuma endirmək üçün işlər də aparmağı nəzərdə tutmuşuq. Bu işlər həm ölkə daxilində, həm də ölkə xaricində gedir. Digər tərəfdən, vətəndaşlıqdan imtina ilə bağlı prosedurların sürətlə həyata keçirilməsi üçün təşəbbüslər var. Bu istiqamətdə Putinə müraciətin edilməsi də məqsədəuyğun sayıldı. Artıq konkret olaraq Rüstəm bəyin ölkəyə qayıdışı ilə bağlı qərarın qəbulu Milli Şuranın üzərinə qoyuldu və müxalifətin vahid namizədinin dönüş tarixi Milli Şura ilə razılaşdırılacaq”.

“Rüstəm Ibrahimbəyov Azərbaycana gəlməkdə qərarlıdır”

“Turan” Informasiya Agentliyinin direktoru da Tiflis müşavirəsinin nəticələrindən məmnundur. Müzakirələrin çox aktiv və bütün aspektləri əhatə etməklə keçirildiyini deyən M.Əliyev vurğuladı ki, bu tip müzakirənin aparılması vəziyyəti doğru qiymətləndirmək və lazımi addımların atılması üçün çox vacibdir. R.Ibrahimbəyovun ölkəyə qayıdışına gəlincə isə, M.Əliyev vurğuladı ki, Milli Şuranın üzvləri çıxış edərək bildiriblər ki, Milli Şuranın vahid namizədinin Bakıya qaıdışı üçün hazırda şərait yoxdur, ümumiyyətlə, bu, təhlükə yaradır: “Hakimiyyət hər tipli təxribata gedə və bu istiqamətdə problemlər yarada bilər. Ona görə Rüstəm bəyin qayıtması üçün daha yaxşı, məqbul durum yaratmaq lazımdır. Ona görə hamı vurğuladı ki, Milli Şura və ictimaiyyət bu istiqamətdə iş aparmalı və hazırlıq işləri getməlidir ki, Rüstəm bəyin Bakıya qayıdışı zamanı onun təhlükəsizliyi təmin olunsun. Ona görə ki, hakimiyyətin müxtəlif qanadlarından qorxu notları səslənir. Rüstəm Ibrahimbəyov özü vurğulayıb ki, heç bir təzyiqdən qorxmur. Amma görüşdə iştirak edən Milli Şura üzvləri hesab ediblər ki, yaxın zamanlar üçün Rüstəm Ibrahimbəyovun ölkəyə təhlükəsiz qayıtması üçün səylər göstərilməlidir. Hakimiyyət Rüstəm Ibrahimbəyova qarşı əngəllər yaradır və o əngəlləri aradan qaldırmaq bizim daxili işimizdir. Rüstəm Ibrahimbəyov Azərbaycana gəlməkdə qərarlıdır. Demokratik qüvvələr imkan verməməlidirlər ki, hakimiyyət alternativsiz seçki keçirsin”.

“Rüstəm bəy, nə baş verməsindən asılı olmayaraq, Azərbaycana dönəcəyini bəyan edib”

Görüşdə iştirak edən Milli Şuranın daha bir üzvü, Azad Qarabağ Uğrunda Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli vurğuladı ki, hadisələri bir daha dəyərləndirməkdən ötrü bu toplantının böyük əhəmiyyəti olub: “Toplantıda yaranmış şərait və çıxış yolları barədə müzakirə aparıldı. Milli Şuranın seçkiyə vahid namizədlə qatılmasına səbəb ölkədə demokratik, hüquqi dövlətin qurulması məqsədi daşıyır. Milli Şura ölkədə müsbət dəyişikliklərə azad və ədalətli seçkilər yolu ilə nail olmağa çalışır. Rüstəm bəy həm Azərbaycanda, həm də dünyada tanınan bir şəxs kimi bu məsuliyyətli işi çiyinlərinə götürməsi toplantı iştirakçıları tərəfindən yüksək dəyərləndirildi”.
Toplantıda R.Ibrahimbəyovun Bakıya qayıdışı və bu zaman baş verə biləcək proseslərlə də bağlı müzakirələr aparıldığını deyən R.Əhmədli vurğuladı ki, R.Ibrahimbəyov artıq ərizə ilə müraciət edərək Rusiya vətəndaşlığından imtina edib: “Rüstəm Ibrahimbəyov vurğuladı ki, vətəndaşlıqdan imtina ilə bağlı prosedur artıq gedir və onun Azərbaycanda qeydiyyata alınmasıyla bağlı problem olmamalıdır. Amma eyni zamanda Rüstəm bəy bəyan etdi ki, onun Azərbaycana qayıdışı ilə bağlı qərar Milli Şura tərəfindən qəbul ediləcək. Rüstəm bəy, nə baş verməsindən asılı olmayaraq, Azərbaycana dönüşünün mütləq olacağını bəyan elədi. Amma toplantı iştirakçıları belə bir qərar qəbul etdilər ki, Rüstəm bəy müəyyən prosedur qaydaları ilə bağlı Moskvaya getməlidir”.
Görüşdə eyni zamanda seçki təbliğatı və aksiyaların təşkili ilə bağlı məsələlərin də müzakirəyə çıxarıldığını deyən R.Əhmədli vurğuladı ki, bütün bu müzakirələr və səsləndirilən fikirlər baxımından görüşün mühüm əhəmiyyəti vardı. Milli Şura üzvlərinin məhz bu görüş nəticəsində R.Ibrahimbəyovun baxışları ilə tanış olduqlarını vurğulayan R.Əhmədli müzakirələrin təbliğat işinin daha sürətlə aparılmasına imkan yaradacağını dedi.

Xəyal