Azərbaycan müxalifətini Rusiyaya işləməkdə ittiham edən Gürcüstan prezidenti Əlievlə işbirliyinə görə qınandı
Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycan müxalifətinin Tiflis görüşü barədə etiraza səbəb olan fikirlər səsləndirib. Saakaşvili deyib ki, Gürcüstan öz ərazisində Azərbaycana qarşı vurula biləcək zərərin hər hansı təzahürlərinə imkan yaratmamalıdır: “Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir məqamdır”.
Maraqlıdır ki, Gürcüstan prezidenti oxşar bəyanatla keçən il Azərbaycana səfəri zamanı da çıxış etmişdi. O zaman M.Saakaşvili bildirmişdi ki, Rusiya Azərbaycanda çevriliş hazırlamağı planlaşdırır. O zaman Rusiyaya qarşı bu bəyanatın məhz Azərbaycanda səslənməsindən ciddi narahatçılıq keçirən hakimiyyət Novruz Məmmədovun timsalında baş verənlərə «aydınlıq» gətirməyə çalışmışdı. N.Məmmədov Saakaşvilinin bu bəyanatı verərkən nəyə əsaslandığından məlumatsız olduqlarını vurğulayaraq Rusiya ilə Azərbaycan arasında normal münasibətlərin olduğunu söyləmişdi.
Saakaşvilinin Azərbaycan müxalifətinin Tiflis görüşü barədə söylədiyi fikirlərə qarşı tərəf cavab verib. Milli Şura üzvləri qurumu Rusiya ilə əlaqələndirən gürcü prezidentinin bəyanatını sərt qarşılayıb.
«Saakaşvili avtoritar hakimiyyətin dəstəyinə ehtiyac duyur»
Bu bəyanatı Saakaşviliyə yaraşdırmadığını deyən Müsavat başqanı İsa Qəmbər “Azadlıq” radiosuna açıqlamasında vurğulayıb ki, Gürcüstan prezidenti daxildə üzləşdiyi problemlər üzündən Azərbaycanın avtoritar rejiminin dəstəyinə ehtiyac duyur: «Gürcüstanda xalqın dəstəyilə hakimiyyətə gələn və bir çox islahatlar həyata keçirən, Gürcüstanın Avropaya inteqrasiyası yönündə bir çox önəmli addımlar atan siyasətçi, dövlət xadimi kimi ona hər zaman sayğımız olub. Amma indi görünür, daxildəki parlament seçkilərindəki məğlubiyyətdən və prezident seçkilərindəki çətinliklərindən sıxılan cənab Saakashvili Azərbaycandakı avtoritar hakimiyyətin dəstəyinə ehtiyac duyur. Buna görə də Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasına qarşı bu cür əsassız ittihamlar irəli sürür. Hər halda, o daha diqqətli olmalıydı».
«Saakaşvilinin bəyanatı onun demokrat imicinin dəfn olunmasıdır»
Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov isə hesab edir ki, Saakaşvilinin bəyanatını onun demokrat imicinin dəfn olunmasının son nöqtəsi kimi dəyərləndirmək olar. E.Namazov “contact.az”a deyib ki, Saakaşvilinin açıqlamasındakı bir sıra məqamlar onun iç üzünü açır: «Birinci, onun bəyanatında açıq rasist, millətçi bir əhval- ruhiyyə hiss olunur. O, Gürcüstan haqqında deyir ki, “bəli, biz demokratik ölkəyik, bizdə hər cür azadlıqlar təmin olunmalıdır”. Ancaq eyni zamanda hesab edir ki, Azərbaycan xalqı demokratiya uğrunda mübarizə aparmamalıdır. Niyə Azərbaycan xalqının bu hüquqdan, azadlıqlardan bəhrələnmək istəyini Mixail Saakaşvili qəbul etmir? İkinci məqam odur ki, Saakaşvili Azərbaycanda uzun illər demokratiya, Avropaya inteqrasiya uğrunda mübarizə aparan demokratik qüvvələri açıq-aydın təhqir edir və iddia edir ki, guya bu qüvvələr Rusiyanın layihəsidir. Halbuki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Vaşinqtona, Avropaya səfərləri, mənim də bu yaxınlarda ABŞ Konqresində, Ağ Evdə, Amerikanın Təhlükəsizlik Şurasında, Dövlət Departamentində görüşlərim bunun əksini göstərir. Milli Şuranın tərkibində uzun illərdir Qərb institutları, aparıcı Qərb dövlətləri ilə əməkdaşlıq edən Azərbaycanın siyasi partiyaları, vətəndaş cəmiyyətinin liderləri var. Belə bir qurumu Rusiyanın layihəsi adlandırmaq Saakaşvilinin açıq-aydın hansısa konyuktur siyasi motivlərindən xəbər verir».
«Saakaşvilinin açıqlaması hakimiyyətin təsirləri ilə bağlıdır»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Azadlıq” qəzetinə bildirib ki, Milli Şura ideyası Azərbaycanın demokratik qüvvələrinə aiddir. Onu təşkilata daxil olan partiyalar və siyasilər yaradıb. F.Qəhrəmanlı qeyd edib ki, hələ 2012-ci ildə AXCP müxalifətin geniş birliyi təşəbbüsü ilə çıxış edib, sonradan isə Rüstəm İbrahimbəyov Milli Şura ideyasını irəli sürüb və AXCP ideyanı dəstəkləyib. “Bu ideyanın məqsədi ölkədə demokratik dəyişikliklərə nail olmaqdırsa, bu, ilk növbədə Azərbaycan xalqının maraqlarına uyğundur. Azərbaycan hakimiyyəti Milli Şuranı hər hansı kənar çevrələrlə bağlamağ çalışır ki, bu ideyanı gözdən salsın. Milli Şuranın fəaliyyətinin kifayət qədər uğurlu alınması və cəmiyyətdə dəstək qazanması, beynəlxalq aləmdə hakimiyyətə alternativ kimi qəbul edilməsi iqtidarı narahat edir. Bu baxımdan Milli Şuranın Tiflisdə keçirilən toplantısı da hakimiyyət tərəfindən narahatlıqla qarşılanıb. Saakaşvilinin belə bir açıqlama verməsi hakimiyyətin təsirləri ilə bağlıdır», – deyə F.Qəhrəmanlı bildirib.
«Saakaşvili Azərbaycan hakimiyyətinin vəkili rolunda çıxış edir»
Milli Şuranın üzvü, “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev mətbuata açıqlamasında Saakaşvilinin bu fikirlərinə təəssüf etdiyini bildirib. Onun sözlərinə görə, Gürcüstan prezidenti son bəyanatı ilə Azərbaycan hakimiyyətinin müdafiəçisi rolunda çıxış etməklə məşğuldur: «Saakaşvili son zamanlar az qala Azərbaycan hakimiyyətinin vəkili rolunda çıxış edir. Təəssüf edirik buna. Biz bu barədə öz mövqeyimizi geniş şəkildə bildirəcəyik”.
«Sakaşvilinin dedikləri cəfəngiyyatdır»
Milli Şuranın ictimaiyyətlə əlaqələr Komissiyasının rəhbəri Mehman Əliyev isə Saakaşvilinin dediklərini cəfəngiyyat adlandırıb. O, vurğulayıb ki, Saakaşvili zamanında İvanaşvilinin də başçılıq etdiyi «Gürcü arzusu» koalisiyasını da Rusiyaya işləməkdə suçlayırdı. Amma zaman bunun əksini göstərdi. Saakaşvili ilə İlham Əliyevin hökumətlərinin sıx əməkdaşlıq etdiyini deyən M.Əliyev hesab edir ki, onların Bakı-Qars-Tbilisi layihəsində, başqa layihələrdə maraqları var: «Mən Gürcüstanda olanda həmin layihələrdə yüksək səviyyədə korrupsiyanın olması haqda söhbətlərin şahidi oldum. İvanaşvili Bakıda olanda da onunla gələn nümayəndə heyəti ilə görüşmüşəm və demişdilər ki, korrupsiya məsələləri artıq qaldırılıb. Bütün bunlar da onu göstərir ki, Saakashvili və Əliyev hakimiyyəti Azərbaycanda demokratiyanın qabağını almaq üçün fəal əməkdaşlıq ediblər».
Xəyal


