“Avtoritar İlham Əliyevə qarşı…”

Almaniyanın «Tageszeitung» qəzeti Milli Şuranın namizədini belə tanıtdı

«Azərbaycanda özündə həm də diktaturanı ehtiva edən avtoritar sistem mövcuddur»

Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyov bu yaxınlarda Avropada səfərdə olarkən ondan müsahibə almış mətbuat orqanları bir-birinin ardınca onları yayımlayır. Almaniyanın məşhur “Tageszeitung” qəzeti də dünən Rüstəm Ibrahimbəyovla müsahibəni dərc edib. Müsahibəni “Azərbaycanda korrupsiya hökm sürür” başlığıyla yayımlayan “Tageszeitung” Rüstəm Ibrahimbəyovu “seçkidə avtoritar Ilham Əliyevə qarşı mübarizə aparan prezidentliyə namizəd” kimi təqdim edib:

– Cənab Ibrahimbəyov, xeyli vaxtdır ki, ölkədən kənardasınız və yaxın vaxtlarda vətənə qayıtmaq istəyirsiz. Hakimiyyətdən hansı reaksiyanı gözləyirsiniz?
– Təəssüf ki, Azərbaycanda hazırkı hakimiyyətdən hər şey gözləmək olar. Onların addımlarını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Sonuncu dəfə mən ölkəyə gedəndə onlar məni müxtəlif bəhanələrlə həbs eləmək istədilər, bir neçə saat sərhəddə saxladılar. Zaman-zaman hakimiyyət nümayəndələri telekanallarda efirə çıxıb deyirlər ki, bizim əleyhimizə olanlarla “haqq-hesab çəkmək” üçün kifayət qədər imkanımız var. Bu yaxınlarda prezident polislər qarşısında çıxış edərkən onlara faktiki kart-blanş verdi. Bildirdi ki, müxalifət bu xalqın düşmənidir və onlarla istədiyiniz kimi davrana bilərsiniz. Buna görə onları cəzalandırmayacaq, əksinə, onlara kömək edəcək.

– Azərbaycandakı siyasi vəziyyəti necə xarakterizə edərdiniz?
– Azərbaycanda özündə həm də diktaturanı ehtiva edən avtoritar sistem mövcuddur. 1993-cü ildən bəri bu ölkədə keçirilən seçkilərin heç biri azad və ədalətli olmayıb. Ölkədə müstəqil məhkəmə sistemi yoxdur. Məhkəmələr tamamilə hakimiyyətdən asılı vəziyyətdədir. Əhali konstitusion hüquqlarından məhrum edilib. Konstitusiyada yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır. Amma əhalinin bu hüququ əlindən alınıb, hakimiyyət faktiki xalqın səsilə formalaşmayıb.
Son vaxtlar ölkədə müxalifətə qarşı repressiyalar bir qədər də artıb.

– Məsələn?
– Məsələn, mənim təşkilatım – Kinemotoqrafçılar Ittifaqı. Hökumətin ünvanına açıq tənqidi çıxışlarım başlayandan sonra hakimiyyət “başa düşdü ki, bu təşkilat işləmir”. Alternativ Kinemotoqrafçılar Ittifaqı yaratdılar. Hesab edirdilər ki, Kinemotoqrafçılar Ittifaqı kimi məhz bu yeni yaratdıqları qurum işləyəcək. Amma bu da keçmədi. Ardınca hökumət  təşkilatımızı 50 il fəaliyyət göstərdiyi yerdən çıxartdı. Bizim Ittifaqın üzvü olan şəxsləri işdən çıxartdılar. Bundan başqa, təşkilatımızın üzvlərinə bu qurumu tərk eləmək üçün çağırışlar edildi.
Azərbaycanda artıq vətəndaş cəmiyyəti yetişib, görürəm ki, qələbə uzaqda deyil. Bizim ölkədə sistemləşmiş korrupsiya var. Əlbəttə ki, belə bir vəziyyətdə Ilham Əliyevin hakimiyyətdən əl çəkməsini təsəvvür etmək çətindir.

– Necə düşünürsüz, sizi namizəd kimi qeydə alacaqlar?
– Onlar mənim namizədliyimi qeydə almamağa çalışacaqlar. Amma hər şey insanların reaksiyasından asılı olacaq. Əgər məni qeydə almasalar, bu, seçkilərin legitim olmadığının açıq-aşkar sübutu olacaq.

– Sizcə, bu dəfə seçki demokratik keçiriləcək?
– Əlbəttə ki, yox. Əgər belə olsa, mənim seçkidə qalib gəlmək üçün real şansım olacaq. Mən əhalinin əhval-ruhiyyəsini kifayət qədər yaxşı bilirəm və buna əsaslanaraq, bu fikri səsləndirirəm. Amma hakimiyyətin seçkini saxtalaşdırmaq üçün kifayət qədər imkanları var. Ona görə də beynəlxalq dəstək çox vacibdir. Başqa sözlə, ölkədə kifayət qədər beynəlxalq müşahidəçi olmalı, onlar seçkinin nəticələrilə bağlı obyektiv qiymətləndirmə etməlidir.
Bu həm də bütün namizədlərin telekanallarda efir vaxtı qazanması anlamına gəlir. Azərbaycanda müxalifətin fəaliyyəti haqqında məlumat yaya bilən bircə telekanal yoxdur. Bütün telekanallar hakimiyyətə işləyir.

– Hazırda belə söz-söhbətlər gəzir ki, Bakıya gedəcəyiniz halda, həbs oluna bilərsiniz. Qorxursuz?
– Bunu istisna etmirəm. Həbsim mənim üçün pis haldır, amma bizim ümumi işin xeyrinədir. Mənim həbsim cəmiyyəti silkələyə bilər.