Öcalandan Türkiyə hökumətinə mesaj

PKK lideri sülh danışıqlarından narazıdır

Elxan Şahinoğlu: «Türkiyə hökuməti Öcalanın şıltaqlıqları ilə barışmayacaq»

PKK-nın qurucusu və ilk lideri Abdullah Öcalan saxlandığı Imralı həbsxanasında sülh danışıqları ilə bağlı mesaj verib. PKK lideri “sülh prosesi belə olmaz. Belə davam edərsə mən əlimi çəkərəm. Heç nəyə qarışmaram, burda oturub izləyərəm” deməklə danışıqlar prosesi ilə bağlı narazılığını ifadə edib. Lakin onun nədən narazı olduğunu bildirilmir. 

Öcalanı narazı salan nədir və onun bu narazılığı PKK ilə Türkiyə hökuməti arasında aparılan danışıqlara təsir edə bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə hökumətinin Abdullah Öcalanın rolunu şişirtdiyini, indi də artıq qarşısında dayana bilmədiyini deyir. 

Ekspertin sözlərinə görə, sülhə nail olmaq üçün Öcalanla müəyyən qədər danışıqlara ehtiyac var. Amma indi Öcalan öz rolunda o qədər pəjmürdə olub ki, hətta həbsxanada mətbuat konfransı da çağırmaq istəyir. Bu dünyada analoqu olmayan bir işdir. PKK lideri öz rolunu şişirtməyə çalışır: “Əlbəttə ki, onun müəyyən qədər rolu var. PKK-ya təsiri də az deyil. Ancaq bu o demək deyil ki, o istədiyi şərtləri Türkiyə dövlətinə diqtə etməlidir. Indi də vəziyyət o həddə çatıb ki, Türkiyə dövlətini, hökumətini, xalqını və cəmiyyətini şantaj edir. Yəni addımlar atılmazsa, geri çəkilər”.

Bununla belə Öcalanın əslində vəziyyətlə barışmaq məcburiyyətində qaldığını da qeyd etdi. Çünki PKK atəşkəssi pozsa, özünə əlavə problemlər yaradacaq. Türkiyə dövləti bütün gücünü PKK ilə mübarizəyə yönəldəcək və yenidən PKK-nın itkilərinə gətirib çıxaracaq. Təbii ki, PKK-da terrora baş vura bilər. Ancaq bunun nə Türkiyəyə, nə PKK-ya , nə də Abdullah Öcalanın özünə xeyri olacaq.

Ekspertin fikrincə, Öcalan özünü mahir siyasətçi saydığına görə Türkiyə hökumətinin şantaj etməklə danışıqlar prosesini sanki bir qədər də sürətləndirməyə çalışır. Amma istənilən halda bu proses gedir və müəyyən irəliləyişlər var. Atəşkəslə bağlı razılıq əldə olunub, təmas xəttində döyüşlər getmir. PKK tədricən Turkiyədə çökməyə başlayıb. PKK-nın tərkisilah olunması məsələsi müzakirə oluna bilər. Amma bunu müzakirə etmək əvəzinə Abdullah Öcalan və onun tərəfdarları Türkiyə konstitusiyasında kürdlərin hüquqlarının tanınması məsələsini ortalığa atır: “Türkiyənin yeni konstitusiyasının qəbulu üçün müzakirələr gedir. Amma bu o demək deyil ki, radikal kürdlərin bütün tələbləri orda öz əksini tapmalıdır. Onsuz da radikal kürdləri Türkiyə parlamentində Barış və Demokratiya Partiyası təmsil edir və danışıqlarda iştirak edir. Yox, əgər PKK-çılar və radikal kütlə bundan artığına iddia edirsə, sonda heç bir nəticə əldə etməyəcək”. 

Ekspert Türkiyə hökumətinin Abdullah Öcalan və onun tərəfdarlarına güzəştə getməsinə baxmayaraq onun şıltaqlıqları ilə barışmayacağını da vurğuladı.

Fizzə