Statistika Komitəsinin sahibkarlığın «inkişafı» yalanı

«Statistika Komitəsinin verdiyi məlumatlar real gerçəkliyi əks etdirmir»

Nemət Əliyev: «Sahibkarlıq, iqtisadiyyatın digər sahələri ilə məşğul olanlar əsasən ailəyə yaxın adamlardır»

Dövlət Statistika Komitəsi ölkədə sahibkarlıqla məşğul olan subyektlərin sayı və onların fəaliyyət növləri ilə bağlı məlumat açıqlayıb. 2013-cü ilin birinci yarısına dair məlumata əsasən, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 530 mindən artıq subyekt var.

Diqqət çəkən məqam odur ki, xüsusi mülkiyyətə sahib olan müəssisə və təşkilatların əsas hissəsi “ticarət, nəqliyyat vasitələrinin təmiri” (30,6%) ilə məşğul olur. Ən aşağı göstərici isə “peşə, elmi və texniki fəaliyyət” (5,2%) bölməsinin payına düşür.

Digər diqqət çəkən məsələ isə müəssisə və təşkilatların yarıdan çoxunun (53,2 faizi) Bakıda qeydiyyatdan keçməsidir. Bu da bir daha hökumətin regionların inkişaf proqramının nəticə vermədiyini, yəni regionların bütün göstəricilərə görə paytaxtdan xeyli geridə qaldığını sübut edir. 

Vəziyyətin bu həddə çatmasının əsas səbəbi nədir?

Iqtisadçı-ekspert Nemət Əliyev ilk növbədə Statistika Komitəsinin verdiyi məlumatların real gerçəkliyi əks etdirmədiyini bildirdi. Bu qurumun açıqladığı rəqəmlər siyasi hakimiyyətin arzu və istəklərini əks etdirir. 

Konkret halda özəl sektorda çalışanların böyük hissəsinin ticarət, xidmət, nəqliyyat sahələri ilə məşğul olmasına gəldikdə, ekspert bunun yeridilən siyasətin nəticəsinə uyğun olduğunu qeyd etdi. Çünki ölkədə sahibkarlığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılmayıb. Hökumət tərəfindən buna sanki ögey münasibət bəslənilir. Bu da hakimiyyətin imkanlı təbəqənin formalaşmasından, onların gələcəkdə siyasi proseslərə qoşula biləcəyindən ehtiyatlanmasından irəli gəlir. Sanki sahibkarlığın yalnız xırda ticarətlə məşğul olmasına maraq göstərirlər, iri sahibkarlığın inkişaf etdirilməsindən isə çəkinirlər. 

Ekspertin sözlərinə görə, son dövrlər Azərbaycanda xarici şirkətlərin adından iri sahibkarlıqla məşğul olanların siyahısı genişlənir. Çünki sahibkarlıq, iqtisadiyyatın digər sahələri ilə məşğul olanlar əsasən ailəyə yaxın adamlardır: “Armatur istehsalı ilə məşğul olan Zülfüqarlı qardaşlarının başına nə oyunlar gətirdilər. Onları sıxışdırdılar, sıradan çıxardılar, basqın edib obyektlərini dağıtdılar, əllərindən aldılar. Ölkənin qeyri-neft sektoru çox zəifdir. Ölkə neft sektoru üzərində qurulub. Neft də hakim ailəyə yaxın adamların əllərində cəmləşib. Ona görə də Statistika Komitəsinin o açıqlamaları müəyyən mənada real gerçəkliyi əks etdirir ki, Azərbaycanda sahibkarlar ancaq xırda ticarətlə, xidmət sahələri, nəqliyyat sərnişin daşınması ilə məşğuldur. Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin məntiqi nəticəsidir”.

Ekspertin fikrincə, əgər ölkədə ancaq neft sektoru inkişaf edirsə, qeyri-neft sektoru inkişaf etmirsə, təbii ki, demək regionlar da inkişaf etmir. Regionların inkişafı üçün maraq göstərilməlidir: “Regionlarda əsasən aqrar sektordu. Ancaq orda da ticarət, xidmət sahələri var. Əlbəttə, o sahələrə diqqət ayırmayanda, o sahələrin kreditləşməsində problemlər yarananda, regionlarda yaşayan insanlar kredit əldə etmək imkanlarından məhrum olanda, dövlət tərəfindən xüsusi diqqət olmayanda, pulnan, vəsaitlə, texnoloji imkanlarla yardım edilməyən regionlar inkişaf edə bilməyəcək. Regionların inkişaf göstəricilərinin ümumi iqtisadi göstəricilərin tərkibində az çəkisi olmasının əsas səbəbi bununla bağlıdır”.

Fizzə