Putinin səfəri öncəsi qarşılıqlı mesajlar

«Seçki ilində hakimiyyət həm Qərbin, həm də Rusiyanın razılığını almağa çalışır»

Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri yaxınlaşdıqca burada müzakirə olunacaq məsələlərlə bağlı fikirlər də artır. Səfər zamanı Azərbaycanın Gömrük Ittifaqı və Avrasiya Birliyinə qoşulması imkanlarının müzakirə ediləcəyi də ehtimal edilir. Artıq hər iki tərəfdən müxtəlif mesajlar da səslənməkdədir. 

MDB-nin icraçı katibi Sergey Lebedev APA-ya müsahibəsində bildirib ki, Azərbaycanın MDB-nin digər ölkələri ilə əməkdaşlığına dair geniş potensialı tükənməyib. Azərbaycanın MDB-yə marağını itirməsinə səbəb görmədiyini deyən Lebedevin sözlərinə görə, Azərbaycan gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsində aktiv rol oynayır. 

Bu arada Prezident Administrasiası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “New Baku Post” qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsində Rusiyanın roluna toxunub. PA rəsmisinin sözlərinə görə, Rusiya münaqişənin həllində iradə göstərərsə, irəliləyiş mümkündür. Bu da Putinin Bakı səfəri zamanı Azərbaycan tərəfinin Moskvanın bəzi tələblərini yerinə yetirmək üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyadan müəyyən addımların atılmasını istəyəcəyini deməyə əsas verir.

Siyasi ekspert Rahim Hacıyev Putinin səfəri ilə bağlı müxtəlif versiyalar üçün tam olmasa da, müəyyən əsasların olduğunu deyir. Çünki son illər ərzində rəsmi Bakı ilə Moskva arasında əvvəlki dövrlərdən fərqli olaraq ciddi problemlər yaranıb. Azərbaycan hakimiyyətinin apardığı balanslı xarici siyasət problemlərə səbəb olub. Bir tərəfdən Rusiyanın keçmiş sovet ölkələrini yenidən təsiri altına salmağa çalışması, digər tərəfdən Azərbaycan hakimiyyətini Qərblə müəyyən məsələlərdə əməkdaşlığı vacib hesab etməsi mürəkkəb vəziyyət yaradıb. 

Ekspertin sözlərinə görə, həmişə olduğu kimi seçki ilində hakimiyyət həm Qərbin, həm də Rusiyanın razılığını almağa çalışır. Problem ondadır ki, Rusiyadan tutmuş Qərbə qədər beynəlxalq güclər hakimiyyət qarşısında ciddi tələblər qoymağa başlayıblar. Kreml müxtəlif şəxslərin dili ilə Putinin Ilham Əliyevdən nə istəyəcəyini artıq səsləndirib. Rusiyanın qurmaq istədiyi Gömrük Ittifaqında Azərbaycanı da görmək istəməsi ölkəmizlə ciddi iqtisadi münasibətləri olan Qərbin qəbul etməyəcəyi variantdır. Rusiya öz növbəsində Azərbaycan hakimiyyətinin balans siyasətinə daha dözmək fikrində deyil. Putin seçki ilində hakimiyyət üçün yaranmış mürəkkəb vəziyyətdən keçmiş sovetlər məkanında planlarını həyata keçirmək üçün ciddi şəkildə istifadə etməyə çalışacaq. Belə bir şəraitdə Azərbaycan hakimiyyətinin çox mürəkkəb seçim qarşısında qalması gerçək faktdır. 

Ekspertin fikrincə, Qarabağ məsələsinin önə çəkilməsi hakimiyyətin hansısa məsələlərdə güzəştə gedib əvəzində nəsə əldə etməsi kimi qiymətləndirilməlidir. Ancaq Rusiya bu problemin həllində dəstəyi yalnız çox böyük güzəştlə əldə etdikdən sonra verə bilər. Daha bir problem ondan ibarətdir ki, Qarabağ probleminin həllində heç də bütün rol Rusiyaya məxsus deyil. Başlıca məsələ ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti son illərdə qarşılaşmadığı çox çətin və mürəkkəb situasiya ilə üz-üzədir. Rusiyaya doğru ciddi addımlar atmaq Qərbin böyük təzyiqləri qarşısında tək qalmaq deməkdir. Bu vaxta qədər aparılmış yanlış siyasət məhz belə nəticə doğurmalı idi.

Fizzə