Kəmaləddin Heydərov Mübariz Mənsimovun biznesini çökdürür

Iş adamına məxsus şirkətin fəaliyyətinin dayandırıldığı bildirilir

 

Türkiyədə yaşayan azərbaycanlı, məşhur iş adamı Mübariz Mənismovun Azərbaycandakı biznesi çökdürülür. Artıq qida sektorunda ona məxsus şirkətlər fəaliyyətini dayandırıb. Biznes dairələrindəki etibarlı mənbə “Bizim Yol”a bildirib ki, bir müddət əvvəl ölkədə brendə çevrilən “Palsüd” MMC şirkətinin məhsullarının topdan və pərakəndə satışına qadağa qoyulub.

Mübariz Mənisov Azərbaycan hökumətindəki dostları vasitəsi ilə bir neçə dəfə qadağanın aradan qaldırılmasına nail olsa da sonuncu dəfə bu addımı atmaqdan imtina edib. O, artıq təqiblərdən yorulduğunu, belə biznesin ona gərək olmadığını əsas gətirib. Beləliklə “Palsüd” MMC şirkəti fəaliyyətini dayandırıb, ölkənin ticarət şəbəkələrinə paylanmış müəssiyə məxsus soyuducular və digər avadanlıqlar geri alınıb.

Məlumat üçün deyək ki, Mübariz Mənsimovun biznesinə əsasən fövqəladə hallar naziri Kəmaləddin Heydərov mane olur. “Fövqəlnazir” Mübariz Mənsimov Azərbaycanda biznes qurmağa başlayandan onunla toqquşub. Ilk toqquşma iş adamının Masallıda stadion tikmək istədiyi zaman baş verib. Mübariz Mənsimov Masallının “Viləş” klubuna sponsorluq etmək istəyib. Klub üçün stadion inşa etmək məqsədilə Masallını icra başçısı Qəzənfər Ağayevə müraciət edib. Lakin icra başçısı iş adamı ilə “şərt”lə danışıb. Mübariz Mənsimov isə heç bir şərti qəbul etməyəcəyini bildirib. Nəticədə iş adamının istəyi baş tutmayıb. O da Lənkərana üz tutub.

Qəzənfər Ağayev Kəmaləddin Heydərova yaxın şəxs sayılır.

Sonradan icra başçısı iş adamına Masallıda hər hansı iş görməyə manə yaradıb. Təbii ki, bu “fövqəlnazir”in göstərişi ilə olub.  

“Palsüd”ə gəlincə, Kəmaləddin Heydərovun səyləri nəticəsində  bu şirkətin məhsulları çoxdan bazardan sıxışdırılıb. Mübariz Mənsimov sadəcə mübarizəni uduzmamaq üçün işi dayandırmayıb. Məlumatlara görə, o, hər ay bu işə 1 milyon dollar dotasiya ayırıb.

Görünür, artıq iş adamı milyonları çölə atmağın səmərəsiz olduğunu düşünür.