«Milli Şuranın ilk mitinqi indiyə qədər keçirilən aksiyalardan daha möhtəşəm olacaq»
Həsən Kərimov: «Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi hakimiyyətdəki təşvişin təzahürüdür»
Hakimiyyətin seçki öncəsi yürütdüyü siyasət maraq doğurur. Belə ki, bir tərəfdən demokratik düşərgəyə qarşı repressiyaları gücləndirən hakimiyyət, digər bir tərəf – Əli Həsənovun timsalında müxalifətə dialoq təklif edir. Iqtidarın yürütdüyü daxili siyasətin fonunda bu təşəbbüsünü nə dərəcədə səmimi saymaq olar? AXCP Ali Məclisinin sədri Həsən Kərimovla müsahibəmizə bu suala cavab almaqla başlamaq qərarına gəldik.
– Hakimiyyət tərəfindən birinci dəfə deyil ki, bu cür çağırışlar edilir. Ölkədə ictimai-siyasi vəziyyət gərginləşəndə, müxalifətin xalq arasında durmadan nüfuzu artanda, demokratik qüvvələr bir araya gələn zaman hakimiyyət bu cür açıqlamalarla çıxış edir. Bu açıqlamalarda heç bir səmimiyyət yoxdur. Bu açıqlamalar 2003-cü ildən bu günə kimi hər seçkidə səsləndirilir. Bu açıqlamalar sadəcə olaraq xalqın artan qəzəbini soyutmaq məqsədi daşıyır. Guya Azərbaycan hakimiyyəti müxalifətlə, xalqla dialoqa hazırdır. Bu eyni zamanda beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. Müxalifət olaraq dəfələrlə bəyan etmişik ki, Azərbaycanın ümummilli problemləri, ordu qruculuğu, Qarabağ münaqişəsinin həlliylə bağlı bütün müzakirələrə hazırıq. Təəssüflər olsun ki, hakimiyyət tərəfindən indiyə qədər bu istiqamətdə real addım atılmayıb. Həmin addımın yerinə Əli Həsənov kimi məmurların timsalında reallıqdan uzaq bəyanatlar verilib. 2013-cü il Azərbaycan üçün önəmli ildir. Ona görə biz dəfələrlə Seçki Məcəlləsinin dəyişdirilməsi problemini müzakirəyə çıxarmağı təklif etmişik. Ölkədə söz və mətbuat, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasının aktual olduğunu dilə gətirmişik. Təəssüflər olsun ki, hakimiyyət bu məsələlərin heç birinə reaksiya verməyib. Əksinə, iqtidar son zamanlar müxalifətə, xüsusilə də AXCP, gənclərin fəallığının qarşısını almaq üçün “Nida” gənclər təşkilatına qarşı aqressiv mövqe tutub. Bundan başqa, müstəqil mətbuat təzyiqlərlə üz-üzədir. “Azərbaycan saatı” verilişinin peyk vasitəsilə yayımlanmasının qarşısını alan hakimiyyətin müxalifətlə dialoqa gedəcəyi absurddur və arxasında səmimi niyyət dayanmır.
– Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyov obrazlı şəkildə bir dəfə böhtan danışan jurnalistlərin ağzının üstündən vurmaq lazımdır, yəni onları arqumentlərlə susdurmaq gərəkdir desə də, hakimiyyət ölkəni jurnalist, siyasi məhbus həbsxanasına çevirib. Amma bütün bu məqamların üstündən sükutla keçmək istəyir…
– Rüstəm Ibrahimbəyov böyük yazıçı, böyük ziyalıdır. Rüstəm Ibrahimbəyov hansı sözü hansı məqamda dediyini gözəl bilir. Rüstəm Ibrahimbəyovun açıqlaması bu hakimiyyətin çirkin əməllərini üzə çıxaran jurnalistlər, bu iqtidarı tənqid edənlər barədə deyil. Rüstəm Ibrahimbəyov böhtan yazan jurnalistləri arqumentlərlə susdurmaq niyyətini bildirib. Məhz bu hakimiyyətin dövründə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov ağzından güllə ilə vurulub. Azərbaycanın aparıcı qəzeti olan “Azadlıq”ın əməkdaşları ölümlə hədələnib, küçədə döyülüb, bıçaqlanıb, bu qəzetin baş redaktoru həbsə atılıb. Bu gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbsdədir. Məhz jurnalistlərə qarşı təzyiqlərin nəticəsidir ki, Ilham Əliyev beynəlxalq aləmdə “mətbuatın yırtıcısı” adını alır. Belə fəaliyyət göstərən hakimiyyət məmurlarının Rüstəm Ibrahimbəyovu ittiham etməsi gülüş doğurur. Hakimiyyətin jurnalistlərə qarşı iradları varsa, arqumentlə cavab verməyə çalışsın. Yoxsa jurnalistəri fiziki cəhətdən məhv etməyə çalışmaq lazım deyil. Hakimiyyət onların əməllərinin yerli və beynəlxalq ictimaiyyətə məlum olduğunu gözəl bilir. Ona görə də nə dövlət başçısının, nə də məmurların bu istiqamətdə danışmağa mənəvi haqqı çatır.
“Rüstəm Ibrahimbəyovun mövqeyi əsaslıdır”
– Rüstəm Ibrahimbəyov ölkəyə qayıdışının iyulun 31-i reallaşacağını bəyan etsə də, sonradan Rusiya vətəndaşlığından imtinanın prosedur qaydalarının tələbləri üzündən bu hadisə təxirə salındı. Səbəb də odur ki, vətəndaşlıqdan imtina ilə bağlı dinləmədə şəxsin özünün iştirakı vacibdir. Azərbaycana gəldikdən sonra isə onun yenidən ölkədən çıxa bilməyəcəyi ilə bağlı təhlükə var. Bu baxımdan ortaya qoyulan mövqeyi nə dərəcədə əsaslı sayırsınız?
– Rüstəm Ibrahimbəyov Azərbaycana dönüşünün təxirə salınmasını Rusiya vətəndaşlığından imtina proseduru ilə izah edib. Rüstəm Ibrahimbəyov yetərincə informasiyalı şəxsdir. O, hakimiyyət orqanlarının ona hazırladığı sürprizlərdən yaxşı xəbərdardır. Rüstəm Ibrahimbəyov Milli Şura üzvləri ilə məsləhətləşmədən sonra bu qərara gəlib. Rüstəm Ibrahimbəyov Rusiya vətəndaşlığından imtina etmək istəyirsə, o, müvafiq komissiyanın iclasında şəxsən özü iştirak etməlidir. O, indi Bakıya dönsəydi, təkrarən Moskvaya geri qayıda bilməzdi. Fikrimcə, yaxın zamanlarda bu məsələ həllini tapacaq və o, Azərbaycana dönərək, müxalifətin vahid namizədi kimi seçkilərə qatılacaqdır. Bəzi siyasi qüvvələr, iqtidar qüvvələri Rüstəm Ibrahimbəyovun Azərbaycana gəlməməsini toy-bayram kimi qeyd edirlər. Diqqəti bu məqamlara yönəltmək lazım deyil. Azərbaycanda bu siyasi rejimin dəyişməsini istəyən qüvvələr onlar bütün diqqətlərini Rüstəm Ibrahimbəyovun Azərbaycana dönüşünə və onun qeydiyyata alınmasına yönəltməlidirlər.
– Hazırda cəmiyyətin aktiv olmayan kəsimi, beynəlxalq aləmdə Azərbaycanda proseslərin hansı istiqamətdə gedəcəyini izləyirlər. Bu baxımdan demokratik qüvvələrin keçirəcəyi ilk kütləvi aksiya mühüm əhəmiyyət kəsb edəcək. 2005-ci ildə 21 may aksiyası ilə silsilə aksiyaların önü açılmışdı. Bu dəfə demokratik qüvvələrin daha geniş spektrini əhatə edən qüvvələrin keçirəcəyi koalisiyanın mitinqləriylə bağlı gözləntiləriniz nədən ibarətdir?
– Artıq 2005-ci il deyil. Azərbaycan cəmiyyətinin 2005-ci ildə bu hakimiyyətdən müəyyən mənada gözləntiləri var idi. Amma ötən müddət ərzində bu gözləntilərin heç biri özünü doğrultmadı. Ötən müddət göstərdi ki, bu hakimiyyətdən gözləntilər əbəs imiş. Bu hakimiyyət yalan danışmaqdan, xalqı aldatmaqdan başqa bir şeylə məşğul ola bilmir. Artıq hiss olunur ki, kütləvi aksiyalara böyük ehtiyac var. Sadəcə olaraq biz seçki kampaniyasını gözləyirik. Milli Şuranın təsisçilərindən biri olaraq AXCP mitinqlərə bütün dəstəyini verməyə hazırdır. Milli Şuranın daxilində də Mitinq Komitəsi yaradılıb. AXCP rayon şöbələrinə artıq mitinqə hazırlıqla bağlı göstərişlərini verib. Tam əminliklə deyirəm ki, AXCP gələcəkdə keçiriləcək aksiyaların favoriti olacaq. AXCP özünün bütün sosial bazasının həmin mitinqlərə qatılması uğrunda əlindən gələni edəcəkdir. Milli Şuranın ilk mitinqi indiyə qədər keçirilən aksiyalardan daha möhtəşəm olacaq. Çünki bu xalq hazırkı hakimiyyətdən boğaza yığılıb. Ona görə də xalq demokratik qüvvələrdən bu mitinqlərin keçirilməsini tələb edir. Azərbaycan hakimiyyəti mitinqlərdən qorxaraq Cinayət və Inzibati Xətallar Məcələsində bir sıra dəyişikliklər etdi. Müxalifətin keçirdiyi aksiyaların qarşısını almaq üçün hakimiyyətin qanunvericiliyə etdiyi dəyişikliyin təzyiqini ilk olaraq AXCP gördü. Ona görə biz ilk növbədə icazəli aksiyaların tərəfdarıyıq. Hakimiyyət buna da imkan yaratmasa, o zaman icazəsiz aksiyalar gündəmə gələcəkdir.
“Mehriban Əliyevanın namizədliyi hakimiyyət daxilinə mesajdır”
– Hakimiyyət düşərgəsində maraqlı proseslər yaşanır. Əgər bir müddət əvvəl hakimiyyətyönlü partiyalardan bir qismi Mehriban Əliyevanın namizədliyini irəli sürmüşdüsə, onlara qarşı ciddi təzyiqlər reallaşdırıldı. Amma o da məlumdur ki, Azərbaycan kimi ölkədə yuxarıların razılığı olmadan Mehriban Əliyevanın namizədliyi irəli sürülməzdi. Sizcə, nə baş verir?
– Hakimiyyət daxilində namizəd məsələsində hələ müəyyən tərəddüdlər var. Bu tərəddülər ona hesablanıb ki, Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi beynəlxalq aləmdə kifayət qədər dəstək ala bilmir. Nəticədə YAP sədrinin yeni müavini Mehriban Əliyevanın timsalında hakimiyyətdaxili gücləri birləşdirməyə çalışır. Əslində bu, hakimiyyətdəki təşvişin təzahürüdür. Mehriban Əliyevanın qəfildən mədəniyyət müstəvisindən siyasi müstəviyə gəlişi onun namizədliyinin irəli sürüləcəyi ilə bağlı fikirlərin yaranmasına səbəb oldu. Bu addımı isə bu cür yozmaq olar ki, hakimiyyət komandasına bəyan edilir ki, “qorxmayın, Ilham Əliyev namizəd ola bilməsə, onun əvəzedicisi var”. Mehriban Əliyevanın namizədliyi daxildəki söz-söhbətə son qoymaq məqsədi ilə yaranıb. Hakimiyyətin növbəti addımları Ilham Əliyevin 3-cü dəfə namizədliyinə daxildə və xaricdə hansı reaksiyanın göstəriləcəyindən asılıdır.
– Hakimiyyət Ilham Əliyevə görə seçki kampaniyası aparmayacağını bəyan etsə də hazırda biz əks prosesi müşahidə edirik. Həm telekanllarda, həm rəsmi çap mətbuatında Ilham Əliyevin təbliğatı aparılır. Bundan başqa, hakimiyyət təmsilçiləri regionlarda təbliğat aparırlar. Hakimiyyətin bu seçki təlaşı nədən qaynaqlanır?
– Bu təşviş hakimiyyətin əməllərinin məntiqi nəticəsidir. Hakimiyyət ötən müddət ərzində xalqa yalan satıb. Xalqın maddi durumu daha da pisləşib. Dövlətin büdcəsi bu iqtidarın dövründə dağıdılıb. Xalqın narazılığı son həddə çatıb. Ona görə YAP funksionerləri rayonlara düşərək təbliğat aparırlar. Hakimiyyət nazirləri rayonlara ezam edirlər. Beş ildə bu nazirlər xalqın problemlərinə biganə yanaşıblar. Indi də başlayıblar təbliğat aparmağa. Bu absurd məsələdir. Xalq bu hakimiyyətdən bezib. Ona görə hakimiyyət təşvişə düşüb. Çünki onlar xalqdan səs ala bilməyəcəklər. Ona görə xalqın ayağına gedirlər. Amma xalqın problemlərini vaxtında həll etmək lazım idi.
– Milli Şuraya daxil olan iki partiya arasında qarşılıqlı ittihamları necə dəyərləndirirsiniz? Milli Şuranın imicinə neqativ təsir göstərən bu tendensiyaya son qoymağın vaxtı çatmayıbmı?
– Təəssüf hissi keçirirəm ki, Milli Şuradakı iki partiya bir-birinə qarşı bu cür ittihamlar səsləndirirlər. Bu birləşmə səmimidirsə, Milli Şuranın güclü olması uğrunda mübarizə aparmaq lazımdır. Keçmişdə baş verənlərə qayıtmaq lazım deyil. Diqqətimizi belə məsələlərə yönəltməməliyik. Bizim hazırda dost itirən yox, dost qazanan vaxtımızdır. Əsas diqqət qarşıdan gələn seçkiyə yönəldilməlidir.
Xəyal



